25 
Mar
2020
10:38
40
216
3585
Virtual karabakh

Qəfəslərin intiqamı, yaxud yarasaların xəyanəti

25 Mar, 2020
10:38
3585

Qəfəslərin intiqamı, yaxud yarasaların xəyanəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Bütün dünya ölümdən danışır... ucuz ölümdən... yalqız ölümdən... haqsız ölümdən...

İnsanlıq sözlərdən deyil, rəqəmlərdən mərhəmət umur, statistika yenə faciənin monoloqunu kütləvi səhnələrin uğultusu ilə boğur. 

Adsız, familiyasız ölür adamlar, gizlində, xəlvətdə, bağlı qapılar arxasında... On-on, yüz-yüz... Dəstə-dəstə... Meyit orduları yola salınır o biri dünyaya... 

Dünya həmişə belə idimi? Yoxsa biz onu ilk dəfə belə görürük? 

İnsanın “əşrəfliyinə” müxalif olan kitablar yazır: nə vaxt ki, o, yəni insan dünyanı öz kefinə uyğun dəyişdirmək eşqinə düşüb, həmişə belə də olub, həmişə belə ölüb.

Məsələn, XIV əsrdə hər şeydən şeytan düzəltməyi sevən papalardan biri IX Georgi “vox in Rama” adlı bir qanun çıxarıb bütün pişikləri şeytan elan etdi və özündən zəiflərə zülm etmək üçün girəvə axtaran cahil insanlara buyurdu ki, Avropada ucdantutma bütün pişikləri öldürsünlər. Və siçanların ümidinə qalan dünyada, bəzi mənbələrə görə, 75, digərlərinə görə, 200 milyon insanın ölümünə səbəb olan vəba epidemiyası, “qara ölüm” yayıldı. 

Təbiət hər “şeytan pişiyə” görə yüzlərlə “mömin insan” öldürdü. 

Bu gün də belə bir mənzərə ilə üz-üzəyik. 

Günümüzün Darvini, məşhur bioloq Cared Daymond araşdırmalarının nəticəsi olaraq qeyd edir ki, heyvanlar bizə lazım olan qidanı, dərini, yunu öz canları hesabına verməklə yanaşı, həm də bizimlə təsərrüfatda işləyirlər. Amma biz ehtiyacımızdan artıq olanı onlardan almağa çalışdıqda, təbiətin qəzəbinə tuş gəlirik. Tailand qaplanları yaşadıqları əraziləri zəbt edib düyü əkən insanları parçalamağa başlayır, Afrika meymunları onların meşəsinə soxulan insanı ebolaya “qonaq edir”, Çin yarasaları onları mağaralarından qoparıb mədəsində başıaşağı asmaq istəyən uhanlıya “COVID-19” acısını daddırır.

Tarixçi Yuval Harari ölümsüzlüyə və ilahiliyə can atan insanı təbiətin özü ilə müqayisə edib yazır ki, ətraf mühit yox etdiklərinin yerini başqaları ilə doldurur. Məsələn, 65 milyon il əvvəl dinozavrları məhv edən meteorit bombardmanından sonra onların əvəzinə yüzlərlə heyvan növü yarandı. Ancaq ovçu əcdadlarımız mamontları yeyib qurtardıqdan sonra onların boş qalan yerlərini də ələ keçirib qarpız əkdilər.

İnsan dünyada öz yaratdığı boşluqları özü ilə doldurur, sadəcə!

Antropoloq Frederik Kek bu yaxınlarda verdiyi müsahibəsində təxminən belə deyir: biz heyvanların əlindən təbii seçmə ixtiyarını aldıq, təbiət də qəzəblənib qisas almaq üçün yarasaları silahlandırdı. İnsanın özünü təbii seçmə ilə cəzalandırdı. Koronavirus tam bir təbii seçmədir: zəiflər ölür, güclülər yaşamağa davam edir. 

Bu pandemiya nəticədir, insanlar isə səbəbi axtarmalıdırlar. Frederik Kek koronavirus kimi pandemiyaların yayılmaması üçün dünya dövlətlərinin “insan haqları” ilə yanaşı, “heyvan haqları” bəyannaməsi üzərində də işləməsi təklifini irəli sürür. Azad olmayan heyvanlar bu və ya digər yolla bizim də azadlığımızı əlimizdən alacaqlar. Bu gün artıq dünyanın bütün böyük şəhərləri bomboşdur. Heyvanlardan yayılan bir virus (qorxu) milyonları dörd divar arasına həbs edib. Bu dəfə heyvanlar insanları qəfəslərə salıblar. Təsadüfi deyil ki, koronavirusun yayıldığı Çinin şəhəri Uhanda qəfəslərdə satılan böyük heyvan bazarı yerləşir və virusun da bu bazardan yayıldığı deyilir. 

Metafora qanunları bizə icazə verir düşünək ki, heyvanlar bu virusla insanlardan qəfəslərin intiqamını alırlar.

İnsanlıq bəlanı özündən üst varlıqlar olacaq süni zəkalardan gözləyirdi, amma bəla ona özündən zəif hesab etdiyi heyvandan gəldi.

Bir az dərinə getsələr, bütün səbəbləri müqəddəs kitablarda axtaran insanlar bəşəriyyətə bəlanın heyvanlardan gəldiyinə, gələcəyinə aid ilk işarənin həmin kitablarda göstərildiyini deyə bilərlər.

Cənnətdə ilk insanlar olan Adəm və Həvva ilə bərabər bir ilan da vardı. Və məhz bu ilanın hiyləsi sayəsində insan əbədi xoşbəxt məkandan qovuldu. Ancaq yer üzündə insanın ilk inandığı, tapındığı varlıqlar da heyvanlar idi - totemlər.

Yenə Harari yazır ki, cənnətdə heyvanla insan bərabərhüquqlu idi, ilan da insan kimi danışırdı, düşünürdü. Həvvanın Tanrıya və Adəmə deyil, ilana inanması ilahi aləmdə heyvana verilən dəyərin gizli bir təzahürüdür. Tanrıda və Adəmdə qadağanı rəmzləşdirən şey (alma) ilanda və Həvvada azadlığı rəmzləşdirirdi. İnsan indi yaşadığı bu həyatı heyvana borcludur!

Əlbəttə ki, bunlar mif üzərindən yaradılan ədəbiyyatdır. Amma bu bir reallıqdır ki, insan cənnətdən qovulandan sonra da uzun müddət heyvana (totemə) inanmaqda davam etdi. Həyatının ondan asılı olduğuna inandı.

Bu gün də insanlıq özünün gələcək nəsillərini, uşaqlarını heyvanlarla tərbiyə edir: cizgi filmlərinin, uşaq oyuncaqlarının baş qəhrəmanları heyvanlardır. Məsələn, bizim evdə cansız bir heyvanxana var.

Heç bir sivilizasiyanı özündən daha üstün olan sivilizasiya yox etmədi. Yox olan bütün mədəniyyətlərin bir qənimi vardı: barbarlıq, vandallıq, vəhşilik. Məsələn, Roma imperiyası min ilə yaxın qonşu Kimvr, Tevton kimi barbar qəbilələrlə mübarizə apardı, amma sonunda həmin barbar qəbilələrin yemi oldu. Roma mədəniyyətinin barbarlara yenilməsinin səbəbi nə idi?

Araşdırmaçı tarixçilərə görə, ən inandırıcı səbəb romalıların barbar qəbilələri heç vaxt ciddiyə almamaları və onların Romanı dağıdacaq gücə sahib olmalarına inanmamaları idi. Üstəgəl, bu barbar qəbilələr də Roma imperiyasının hər hansı böhranla üz-üzə qalacağı fürsəti gözləyirdilər. Belə fürsət yarandıqda, artıq Roma üçün gec oldu. 

Kim bilir, bəlkə bizim sivilizasiyanın məhvi də, indidən dünyanı ələ keçirəcəklərindən qorxmağa başladığımız süni zəkaların “cəsarətindən” deyil, artıq ciddiyə almadığımız bir siçanın, qurbağanın, yaxud balığın “xəyanətindən” olacaq.

Epidemiya təbii ideyadırsa, ideya özü haradan gəlir - göydən, yerdən, yoxsa həyatın içindən? Gəlin bu yazımızı bir az fəlsəfi bitirək.

İdeya mənə görə, nə göydə, nə yerdə, nə də həyatın içindədir, ideya partlayışdan (fırtınadan) əvvəlki sükunətdədir. Partlayış baş verdiyi an öldürə də bilir, öldürməyə də. Öldürmürsə, onda biz partlayışın nəticəsini belə də rəsmiləşdirə bilərik: partlayış ya öldürür, ya yaşadır. Bu seçimi kim edir? Sükunətin məmuru təsadüf. Partlayış özbaşına deyil. Sükunət partlayışdan əvvəl təsadüfü ehtimallaşdırır, onu gələcəyin zərurətlərindən birinə çevirir. Təsadüf partlayış anında zəruri olanı seçir - ya öldürmək, ya yaşatmaq. Hər iki halda təsadüf zərurətin özünü yaradır.

Zərurət təsadüfün seçimidir. Təsadüf nəyi seçsə, sükunət onu qəbul edəcək. Deməli, belə yekunlaşdırırıq - öldürmək, yaxud yaşatmaq ideyası partlayışdan əvvəlki sükunətdə idi, sükunət seçim üçün təsadüfü “görəvləndirdi”, təsadüf isə zəruri olanı seçdi. Partlayışın (prosesin, yəni epidemiyanın) özü isə bu sistemdə icraçı idi, qara qul idi. 

İsanın sözləri ilə desək, o, nə etdiyini heç özü də bilmirdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri