13 
Apr
2020
16:05
31
209
2668
Virtual karabakh

İstəməməyin, arzulamamağın, tələb etməməyin dili

13 Apr, 2020
16:05
2668

İstəməməyin, arzulamamağın, tələb etməməyin dili

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Atom əsrində dili fəlsəfənin mövzusuna çevirən alman filosofu Vitgenşteyn yazırdı ki, düşüncənin sərhədlərini dilin sərhədləri təyin edir. Yəni bir insanın, bir millətin mənəvi-intellektual imkanları dilinin imkanları qədərdir. Ona görə də ta Babil əfsanəsindən üzübəri bütün müstəmləkəçilik siyasətindən geriyə lal xalqlar miras qalıb.

Bu yazımızda o “lal” miras haqqında danışacağıq. 

Dilə ideoloji və inzibatı müdaxilənin təsiri ilə bağlı yüzlərlə kitab yazılıb. Müxtəlif dövrlərdə müxtəlif siyasi-ideoloji rejimlər əhali üçün semantik-leksik “gigiyena” qaydaları tərtib ediblər; ya insanları bəzi söz və anlayışlardan uzaqlaşdırıblar, ya da bəzi söz və anlayışları insanların dilinə gətirməsinə qadağa qoyublar. Hətta tanrı sözü hesab olunan dini mətnlərdə belə din alimləri hansı sözün neçə dəfə təkrar olunmasında ilahi məntiq axtarıblar.

Söz canlıdır, canlı sözdür çünki. Onunla ehtiyatlı davranmamaq xaosa səbəb ola bilər.

Bu yaxınlarda qonşu və qardaş Türkmənistanın ölkə başçısı “koronavirus” sözünü Xəzərin digər sahilində “bir qələmlə” qadağan etdi. 

“İnsan nə yeyirsə, odur” deyə, məşhur deyim var; biz bəzən bu deyimi donuz əti yeyənlərin donuza, qoyun əti yeyənlərin qoyuna, yarasa, qurbağa yeyənlərin yarasaya, qurbağaya bənzədiyi kimi başa düşürük və yanılırıq. Bu yarıciddi, yarızarafat ifadə, əslində, Robespyer modernizminin nəticəsi kimi fransız şəhərlərində restoranların, kafelərin ortaya çıxmasından və əhalinin də krallar kimi masa arxasında oturaraq, ofisianta istədiyi yeməyi sifariş verə bilmə azadlığı əldə etməsindən sonra yaranıb. Yəni restoranın mənşəyi kral mətbəxi, restoran müştərisinin arxetipi kralın özüdür. 

Bəzən Azərbaycanda da restoranlarda, kafelərdə ofisiantla münasibətdə özünü XIV Lüdovik kimi aparan yekəxana insanlar görürük; bu, onların genetik olaraq nökər nəslindən gəldiyinin təzahürüdür. Bu cür şəxslərin genləri ofisianta çığırıb-bağırmaqla vaxtilə krallara, ağalara yemək daşıyan, özü isə böyük süfrələr üçün kəsilən dananın, qoyunun palçıqlı ayaqlarını, quyruğunu qaynadıb yeyən nökər babalarının intiqamını alır əlinə düşən fürsətlə.

Atalar səbəb, övladlar nəticədir.

Hətta kitab oxumayan xalqlar da restoran, kafe mədəniyyəti inkişaf etməmiş xalqlardır. Ailə mühitində qidalanma fərqli adamlarla yanaşı, fərqli mövzuların da evə yolunu bağlayır və süfrə arxasında daha çox məişət mövzularının müzakirəsinə yol açır. Avropa kitab oxumağı, hətta okeanın o tayından gəlmiş Kortasarın, Lyosanın, Markesin yazdıqlarına inansaq, kitab yazmağı da kafelərdə, restoranlarda öyrənib. 

“İnsan nə yeyirsə, odur” ifadəsi milli mətbəxin deyil, sosial mühitin zənginliyinə işarə edən xəbərdarlıqdır. Evdə arvadla yediyin bozbaşla restoranda Yuri Qaqarinlə yediyin bozbaş arasında yerlə göy qədər fərq var.

Sözlər də intellektual-emosional qidadır. İnsan dili əvvəlcə qulaqları ilə “yeyir”. Sonra “gözünə təpir”. Sözlər insanın ikinci “mən”ini yaradır. Əsas olan dilin yaratdığı “mən”dir, əgər o, zəngin bilgiyə sahibdirsə, insanın özü, bioloji “mən”i arxa plana keçir. Zövq, zəka, istedad kimi üstünlüklər dilin “mən”inin keyfiyyətləridir.

Vitgenşteynə inansaq, ki başqa əlacımız da yoxdur, insanın düşüncəsinin sərhədlərini məhdudlaşdırmaq üçün onun dilinin sərhədlərini məhdudlaşdırmaq lazımdır. Yəni dilin o insanda ikinci, öz “mən”ini yaratmasına imkan verməməkdir. Ona görə də müstəmləkəçilər əsarətdə olan insanların, xalqların dilini məhdudlaşdırmaqla onların düşüncələrini, ehtiyac və istəklərini bioloji “mən”in səviyyəsində saxlayır. Sovet nostalgiyası ilə yaşayan adamlara baxın: onların nisgili, əslində, qarnı dolu olan keçmiş bioloji “mən”in nisgilidir.

İnsan azadlığın dadına dil vasitəsilə baxır. Dili azad olmayan azadlığın nə və necə olduğunu hiss və dərk edə bilmir. Xalis şair (“Xalq şairi” yox) oxucuya dil vasitəsilə azadlığın dadını hiss etdirdiyi üçün div kimi keçir böyük zamanların üstündən. Xalis şeir sözlərin yığışdığı Azadlıq meydanıdır. Azad söz düşüncənin, ağlın əsarətindən çıxmış sözdür. Ona görə şeir məntiqi sevmir. İnsan azadlığa sənətdə heyran olub. Ona görə yoldaş Stalinin ilk işi sənətin boğazına zəncir bağlamaq oldu.

Xalqlar, millətlər də sözlərin, anlayışların himayəsində böyüyür, yaxud kiçilirlər. Həyatımız şüuraltımızdakı sözlər və anlayışlar şəklində şifrələnir. Hələ qədim zamanlarda insanlar sözün qılıncdan daha dərin yaraladığını sezmişdilər. Bu qədim müşahidə sözlərin şüuraltında depolanmasına və bizi idarə etməsinə işarə idi.

Hitler əsiri olmuş yəhudi filoloq Viktor Klempererin “Nasional-sosializmin dili” kitabında ideoloji (məhdud, azad olmayan) dilin bir xalqı, cəmiyyəti haralara götürdüyündən bəhs edilir. Hitlerin ən güclü silahının almancadan arındırılmış “faşizm dili” olduğunu söyləyir Klemperer.

1468-ci ildə Evia adası uğrunda döyüşlərdə II Mehmetə əsir düşən, sonra Osmanlılara xidmət edən, hətta bizim qaraqoyunlu Uzun Həsən və ağqoyunlu Qara Yusiflə osmanlıların apardığı müharibələrdə igidlik göstərən, yəni ayağı bizim torpaqlara da dəymiş Viskonti şahzadəsi Giovan Maria türklərlə müharibəyə hazırlaşdığı illərdə öz xanədanlığında “sülh” sözünü qadağan etmişdi.

Söz öz mənasını çağırır çünki; “sülh” sözü sülhü çağırırdı.

Sonuncu Osmanlı sultanı II Əbdülhəmid “millət”, “vətən”, “hürriyyət”, “cümhuriyyət” kimi ictimai-siyasi yükü olan bir xeyli sözü qadağan etmişdi taxtda oturanda.  

Məşhur “Çin səddi”nin müəllifi imperator Quin Şi Çin mədəniyyətinin qaydalarına uyğun olaraq, nəinki sözlərə, anlayışlara da müharibə elan etmişdi, eyni zamanda, həmin sözləri, anlayışları dilinə gətirən tarixçiləri, filosofları da paza keçirir, diri-diri yandırırdı.

1242-ci ildə Paris məhkəməsi yəhudilərin Talmud kitabını tamamilə günahkar elan etdi və tüstüsü şəhərə yayılmasın deyə, ucqar bir yerdə yandırılmasına qərar verdi.

Nobel mükafatı almış ilk zənci qadın yazıçı Toni Morisson “Nobel nitqi”ndə bütün dünyaya elan edirdi ki, zəncilərə ABŞ-ın azadlığı lazım deyil, bizə öz dilimiz, musiqimiz lazımdır. O, ABŞ dövlətinin öz vətəndaşlarına media vasitəsilə rəsmi dil yeritdiyini və bu dilin ancaq yalan danışmağa yaradığını söyləyirdi. 

Sözlərə, anlayışlara olan bu cür hücum faktlarını saymaqla qurtarmaq olmaz.

Eyni hücumlara müstəmləkəçilik illərində Azərbaycan dili də məruz qaldı və təəssüf ki, bunu şair və yazıçılarımızın əli ilə etdilər.

Nə dediyimi hamı anlasın deyə, sadəcə, bir faktı deyəcəyəm. Doğulub böyüdüyüm Cəlilabad rayonunda keçən əsrin sonlarında kəndlərin təxminən yarısının adı rus adları idi. “Andreyevka”, “Petrovka”, “Novoqolovka” və s. Cəlilabad hara, Andreyev, Pertov hara?!

Eyni leksik məskunlaşma ədəbi dilimizdə də baş verirdi. Stalinin əmri ilə “ələmdən-nəşəyə” keçən, fitri istedaddan başqa heç bir ədəbi-nəzəri, tarixi bilgisi olmayan kasıb-kusub balalarından ibarət sovet ədəbiyyatımız isə çırmalanıb, bu işin önündə gedirdi və əvəzində “nolonbir” avtomobili alırdı. Bu “nolonbir” onlara dili xalqdan, xəlqilikdən uzaqlaşdırdıqları üçün verilirdi. Bundan ötrü onların qoltuğuna “Azərbaycan ədəbi dili” adlı “basməmmədi” bir lüğət də vermişdilər.

Cənubi Azərbaycandan fərqli olaraq, Şimali Azərbaycanda xalqın dili kəndlərə, ucqarlara sıxışdırılmışdı. Bakıda Şəhriyarın “Heydərbabaya salam” əsərinin dilində danışanlara müstəmləkə ziyalıları “çuşka” deyirdilər. Amma xalq “Heydərbabaya salam”ı sevdi, çünki onun dili bu əsərdə yaşayırdı. “Heydərbabaya salam” əsəri dilimizin zamanında azad olduğu, bəlkə də, yeganə yer idi. Bu əsərin dəyəri də onun dilinin nəinki rusun, farsın müstəmləkəçiliyini, hətta bütün sivilizasiyanı vecinə almamasındadır.

Kəndlərin adlarını dəyişmək asandır, amma dil vasitəsilə şüuraltına sızmış sovetizmi beyinlərdən çıxarmaq “oğlum Yadullanın müsibəti”ndən də betərdir. Bu linqivistik təcavüzün nəticəsidir ki, bu gün Azərbaycan dilində bədii üslub yaratmaq müşkül məsələyə çevrilib.

Azərbaycan ədəbiyyatını sanki eyni adam yazır. Çünki bütün əsərlərin müəllifi rus müstəmləkəçiliyinin bizim üçün tərtib etdiyi ədəbi dil lüğətidir. O lüğətdən kənara çıxan kimi iki azərbaycanlı bir-biri ilə dalaşır.

Bu lüğət bizi Cənubi Azərbaycandan, cənubi azərbaycanlılardan da uzaq saldı. Ruslar (imperiya siyasəti) dilimizin təməl üslubunu zədələdi. Bizə ancaq itaət etməyə yarayan bir dil öyrətdilər. Biz bu dillə döyüşə, mübarizə apara, dünyadan haqlarımızı tələb edə bilmirik. Çünki kommunistlər bu dilin, metaforik desəm, köpək dişlərini çıxarıblar. İstəməməyin, arzulamamağın, tələb etməməyin dilidir dilimiz. Ona görə də bu dil (daha ona “dilimiz” yox, “bu dil” deyəcəyəm) mövzunu qoca adam kimi ya əng dişləri ilə əzib diri-diri udur, ya da qabaq dişləri ilə çeynə-tüpür edib həzmə göndərir. Azərbaycan yazıçısının üslubu özünün deyil, oxucunun beynində yaranır, həqiqət oxucunun xəlvətində, gizlinində üzə çıxır. Bu dilin köpək dişlərinin yenidən çıxması üçün müasir ədəbiyyatımız ona dəlilik səviyyəsində bir azadlıq verməlidir.

Nitsşe həm də alman dilinin dəli-doluluğu idi. Dili professorlar tərbiyə etməməlidir. Tərbiyə olunmuş dil əxlaqsız cəmiyyət yaradır. Biz bunu sovet cəmiyyətinin nümunəsində gördük: mədəni, ziyalı oğruların, ali təhsilli rüşvətxorların, cild-cild kitab yazmış mənəvi kölələrin timsalında.

Üslubu yaradan dilin köpək dişləridir, yəni ifadələrin konkretliyi, sərrastlığı. Bu olmadığı üçün bədii əsərlərimizin böyük əksəriyyətinin üslubu çörəyi adi suda isladıb damağı ilə çeynəyən qocanın miskinliyini xatırladır. Dünya bizim nəyimizi oxusun?

Bu dilin başına gələnlər bir vaxtlar indi dünya dili sayılan ingilis dilinin də başına gəlmişdi.

Normandiyalılar Britaniyanı işğal edəndən sonra ingilis dilini kəndlərə, əyalətlərə qovdular. İşğal altında olan ölkənin elit dili fransız dili oldu. İngilis dilini XIV əsrdə Avropaya yayılan, “Black Death” (qara ölüm) deyilən məşhur vəba epidemiyası xilas etdi.

Bu epidemiya fransızdilli elitanı və latındilli dini burjuaziyanı qırdı. Ucqarlarda yaşayan ingilislər və ingilis dili sağ qaldı. Şekspir isə ədəbiyyata kənddə sağ qalan ingilis dilini gətirdi, kəndin özünü gətirmədi. Elit mövzuları sadə ingilis dilində yazdı. Bizimkilər bunun əksini etdilər, kəndə sıxışdırılmış dili deyil, kəndin özünü mövzu kimi ədəbiyyata gətirdilər. İmperiyanın kəndlərə sıxışdırdığı o canlı, qanlı Azərbaycan dili yenə də kəndlərimizdə yaşayır və ədəbi dilimizə yuxarıdan aşağı baxır. Aşağı Salahlı kəndində heç bir qazaxlı Səməd Vurğunun dilində danışmır, onun dilində düşünmür. Amma Məhəmməd Hüseyn Şəhriyarın doğulduğu Təbrizin Şəhriyar məhəlləsində hamı şair Şəhriyarın dilində danışır, onun dilində düşünür.

Çünki xalq Şəhriyarın dilində həmişə azad yaşayacaq, o azadlığı heç vaxt, heç kim onun əlindən ala bilməyəcək...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri