13 
May
2020
10:15
120
16
3634
Virtual karabakh

İon dənizində dəhşətli yanğından sağ çıxan azərbaycanlı: “Ölümdən son anda xilas olduq” - MÜSAHİBƏ + VİDEO

“Gecə gəmidə hamı yatmışdı. İki nəfər oyaq idi. Gəmidəki yanğın səsinə oyandıq. Hərə bir tərəfdən yanğını söndürməyə çalışsa da, külək buna imkan vermirdi. Özüm lənkəranlıyam və 37 ildən çoxdur dənizçiyəm”.

Bunu Oxu.Az-a müsahibəsində aprelin 8-də Malta sahilində yanan “Bellatrix SHİPPİNG LTD”yə məxsus “Bellatrix” gəmisinin göyərtəsində olan dörd azərbaycanlıdan biri, gəminin baş mexaniki Məcidəli Kərimov deyib.

Onun sözlərinə görə, hadisə aprelin 8-i, gecə saat 03:15-də, İon dənizində - İtaliyanın Siciliya adasının yaxınlığında baş verib.

- Hadisə baş verəndə gəmidə neçə nəfər var idi?

- Çalışdığımız gəmi “Bellatrix SHİPPİNG LTD”yə məxsus idi. 12 nəfər heyəti olan quru yük gəmisidir. Hadisə zamanı gəminin göyərtəsində dörd azərbaycanlı, üç hindistanlı, üç ukraynalı, bir rusiyalı, bir türkiyəli işçi var idi. Kapitan Sergey adlı rusiyalı idi. Azərbaycanlılar arasında məndən başqa kapitanın baş köməkçi Cahangir Əzizli, motorçular Kamil Bədəlov və Tələt Cəbrayılov olub.

- Bəs yanğın nədən baş verdi?

- Yanğın ani qığılcım ortaya çıxıb. Külək güclü olduğu üçün qısa zamanda ətrafa yayıldı. Yük yerində tez alışan materiallar var idi. Güclü külək göz açmağa imkan vermirdi. Xoşbəxtlikdən ölən olmadı. Sadəcə, hindistanlılardan biri əlindən xəsarət aldı.

Yanğını bir tərəfdən söndürürdük. Sevinirdik ki, dayandı. Bir də baxırdıq ki, aşağı mərtəbədən alov çıxmağa başladı. Dəhşətli vəziyyət idi. Ölümdən son anda xilas ola bildik. Bizə kömək edən olmasaydı, bəlkə də, gəmidə yanıb kül olacaqdıq. 

- Yanan gəmidən necə xilas oldunuz? Sizi hara apardılar?

- Bir canımızı qoruya bildik. Qalan hər şey yanıb kül oldu. Sənədlərimiz, uşaqların telefonları, paltarlarımız - hər şey yandı. Yaxınlıqda üzən “ARİFE” gəmisindən bizimlə əlaqə yaratdılar. Gəminin kapitan köməkçisi, həmyerlimiz Ramil Əhmədov köməyə ehtiyacımız olduğunu görən kimi mümkün olan hər şeyi etdi.

Güclü külək səbəbindən gəmi yaxınlaşa bilmirdi. Yanğın yayıla, dalğa gəmini aşıra bilərdi. Ramil Əhmədov və “ARİFE” gəmisinin iki əməkdaşı bütün risklərə rəğmən, qayıqla gəlib bizi xilas etdilər. Əvvəlcə yaxın olduğu üçün gəmi İtaliya tərəfə üzdü. Koronavirus pandemiyası ilə əlaqədar İtaliya hökuməti bizi qəbul etmədi. Geri qayıtmalı olduq.

“Bellatrix” gəmisi ciddi zərər gördüyündən orada qalmaq təhlükəli idi. Gəmini “ARİFE” gəmisinə bağlayıb Türkiyəyə tərəf üzdük. Aprelin 12-də İzmir limanına çatdıq. Burada da koronavirus təhlükəsinə görə gəmidən düşməyimizə imkan vermədilər. Ayın 17-dən mayın 2-dək gəmidə izolyasiya tədbirləri çərçivəsində karantində saxlanıldıq. Xüsusi geyimdə gələn həkimlər bizə zəruri olan ilkin tibbi yardımı göstərdilər.  

- Necə oldu ki, sizin gəmidən çıxmağınıza şərait yaratdılar?

- Azərbaycan hökumətinin məsələyə müdaxiləsi nəticəsində bizim gəmidən çıxarılmağımız üçün şərait yaradıldı. Birinci vitse-prezident Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, İzmirdəki konsuluğumuza dərin təşəkkürlərimizi bildiririk. Mayın 2-dən sonra bizi İzmirdə Qızlar Universitetinin yataqxanasına apardılar. Ayrı-ayrı otaqlarda karantin şəraitində saxlanıldıq. Bütün tibbi müayinələrdən keçirildik.

- Azərbaycana nə zaman gətirildiniz?

- İzmirdə gəmidən çıxdıqdan sonra ölkəmizin Türkiyədəki konsulluğu ilə əlaqə saxlayıb vəziyyət barədə məlumat verdik. Bir həftə içərisində polis maşınları vasitəsilə İzmirdən İstanbula göndərildik. Oradan isə Azərbaycan hökuməti bizim təyyarə ilə Bakıya gətirilməyimizi təmin etdi. Artıq mayın 7-də vətənə qayıtdıq.

- Hazırda karantindəsiniz, yoxsa evdə? Vəziyyətiniz necədir?

- Azərbaycana gələn gündən “Atletlər kəndi”ndə karantində saxlanılırıq. Zəruri yoxlamalar aparılıb. Artıq altı gündür buradayıq. Səhhətimizlə bağlı heç bir şikayətimiz yoxdur. Buradan çıxandan sonra gəmidə yanan sənədlərimizi yenidən çıxarmağa başlayacağıq.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri