15 
İyn
2020
13:38
143
39
3742
Virtual karabakh

Qəhvə ilə əsrarəngiz əsərlər yaradan gənc: “Deyirdilər ki, rəsmimizi çək, səni efirə dəvət edək” - MÜSAHİBƏ

“İncəsənətə diqqət çox azdır. Ona görə də istedadlı gənclər kəşf olunmur. Azərbaycanda qəhvə ilə rəsm çəkən yeganə gənc mənəm. Öz gücümə bu sahəni kifayət qədər tanıtmışam. Məni tanıyan bir çox insanın qəhvə ətirli rəsmləri var”.

Oxu.Az qəhvə ilə rəsm çəkən gənc rəssam Elvina Kərim ilə müsahibəni təqdim edir:

1996-cı il təvəllüdlü Elvina Sumqayıt şəhərində dünyaya gəlib. Uşaqlıqdan rəssamlıqla məşğul olan 24 yaşlı müsahibimiz ailəsinin ona bu istiqamətdə o qədər də dəstək olmadığını deyib. Lakin bütün çətinliklərə baxmayaraq, incəsənət həqiqətən də əngəl tanımır. Elvina bu sahəyə olan sevgisinin arxasınca gedib. Onu həmyaşıdlarından, eləcə də digər rəssamlardan fərqləndirən cəhət isə rəsmlərini qəhvə ilə çəkməsidir. 

- Ailəniz rəssam olmağınızı nə üçün istəmirdi?

- Onlar mənim müəllim, həkim olmağımı istəyirdilər. Məncə, belə mübahisəli məsələlər hər ailədə olur.

- Bu istedadınızı ilk olaraq kim kəşf edib?

- Ailəm mənə dayə tutmuşdu. Hər uşaq əlinə qələm, vərəq alıb nələrsə çəkir. Amma üç yaşımdan bu günə qədər etdiyim cızma-qaraların bəhrəsini gördüm. Dayəm ailəmə dedi ki, bu uşağın istedadı var. Onlar da beş yaşımdan məni rəsm dərnəyinə göndərdilər. Beşinci sinifə kimi dərnəyə getdim, lakin sonra ailəm dərslərimdə geri qalmağımdan ehtiyat edib, rəsmlə əlaqəmi kəsdilər.

- Bəs necə oldu ki, yenidən rəsm çəkməyə başladınız?

- Beş il fasilədən sonra 10-cu sinifdə yenidən rəssamlığa qayıtdım. 10-cu sinifin ikinci rübünə qədər IV ixtisas qrupuna hazırlaşan abituriyentlərdən biri idim. Çox qısa zamanda I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşmağa başladım. Nəticədə Memarlıq və İncəsənət İnstitutuna daxil oldum. Əslində, mən incəsənət, rəsmlə bağlı oxumaq istəyirdim, amma memarlıq üzrə qəbul oldum. Ailəm təhsilimi yarıda qoymağıma müsbət yanaşmazdı. Hazırda şirkətlərdən birində qrafik-dizayner kimi çalışıram.

- İlk olaraq çəkdiyiniz rəsm hansı olub?

- Sizə deyim ki, mən ikinci sinifdə oxuyanda ilk dəfə sərgim keçirilib. Televiziyalarda bu barədə materiallar hazırlanmışdı. Təxminən 25 rəsmim sərgiləndi. Əsasən natürmort çəkirdim, yaşım az olduğu üçün portret çəkməyi öyrətmirdilər.

- Portret çəkməyi nə zaman öyrəndiniz?

- Əslində, portreti özüm yavaş-yavaş öyrəndim. İlk portret rəsmim özüm olmuşam. Bir portret ancaq bu qədər bərbad çəkilə bilərdi (gülür). Güzgüdə öz rəsmimi çəkə-çəkə öyrəndim. Amma ruhdan düşmədim. İkinci dəfə anamın portretini çəkdim.

- Rəssamlar zaman-zaman bu sahədə kifayət qədər qazanc olmamasından şikayətlənirlər. Bu fikir ilə razısınız?

- Deməzdim ki, o qədər gəlirsiz sahədir. Amma ikinci təhsil almaq fikrim var. Bu təhsilim də qrafik-dizayner ixtisasını daha da təkmilləşdirmək üçün olacaq. Qətiyyən müəllim və ya həkim olmağı düşünmürəm (gülür).

- Əsas məsələyə gələk. Qum, dodaq boyası və digər vasitələrlə rəsm çəkənlər barədə eşitmişdim. Amma qəhvə ilə rəsm çəkmək təəccübləndirdi. Niyə məhz qəhvə?

- Əslində, mən qəhvəni sevmirəm. Amma hər zaman həyatıma qəhvəni hansısa bir şəkildə daxil etməyi fikirləşirdim. Birinci kursda olanda sərbəst işlər verilirdi. Mənə verilən sərbəst işə bir qədər qədimilik təsviri vermək istədim. Ağ kağızı necə köhnəltmək barədə düşünürdüm. Əvvəlcə ağ vərəqi boya deyil, qəhvə ilə köhnəltməyə çalışdım. Alınan nəticə çox gözəl oldu. Bununla bağlı kiçik araşdırma etdim, Azərbaycanda qəhvə ilə rəsm çəkən ikinci bir nəfər tapmadım.

Qərara gəldim ki, bu texnikanı inkişaf etdirim. İsti su ilə qəhvənin harmoniyası mükəmməl effekt verdi. 2013-cü ilin sonlarından etibarən qəhvə ilə portret çəkməyə başladım. İlk portretim Merlin Monro olub. Rəsmi bitirdikdən sonra sosial hesabımda paylaşdım. Gözlədiyimdən də artıq diqqət çəkdi. Müsbət rəylər aldım. Belə-belə bu işə davam etdim.

- Başqa hansı vasitələrlə rəsm çəkmək istəyirsiniz?

- Fikrimdə var ki, şərabla sınayım. Şərabla çəkilən fotolar da çox gözəl olur. Bunun üzərində işləyirəm.

- Əsərlərin işlənməsində istifadə etdiyiniz qəhvələrin fərqi var?

- Əsas odur ki, tərkibində şəkər olan qəhvələrdən olmasın. Təmiz qəhvə, sadə və ya türk qəhvəsi də ola bilər. Hərdən dostlarım mənə deyir ki, gül kimi qəhvəni nə günlərə salırsan (gülür). Tünd və açıq rənglərini isə suyun köməyi ilə tənzimləyirəm. Əsərləri işləyəndə əvvəl qəhvənin içərisinə çox az qara boya əlavə edirdim. Amma sonra təmiz qəhvə ilə işləməyə başladım. Heç bir əlavə maddə qatmadan. Rəsm çəkdikcə, qəhvə ətri gəlir.

- Bir rəsmin ərsəyə gəlməsinə nə qədər vaxt ayırırsınız?

- Bu, əslində məndən və verilən rəsmin keyfiyyətindən asılıdır. Rəsm xoşuma gələndə çalışıram ki, maksimum tez zamanda bitirim. Amma xoşuma gəlmirsə, əlimdən gəldiyi qədər uzadıram ki, çəkməyim. Hərdən belə də olur. Düşünürəm ki, yaradıcı insanların işlərinin keyfiyyəti əhval-ruhiyyələrindən çox asılıdır.

- Gəncsiniz, kifayət qədər istedadlısınız. Tələbələriniz var?

- Əvvəllər tələbə hazırlayırdım. Marağı olan insanlar çoxdur. Bir müddət özəl kurslardan birində də çalışmışam. Amma bəzən səbrim çatmırdı. Artıq tələbə hazırlamıram.

- Çəkdiyiniz rəsmlərin hər biri sifariş olur? Yoxsa kolleksiyanız var?

- Xeyr, çəkdiyim rəsmlərdən özümə saxlamağa fürsət tapmıram. Bəyənən adam istəyir, satıram. Qız qalasının rəsmini azı üç dəfə çəkmişəm. Heç birini də saxlaya bilməmişəm. Amma ən çox əziyyət çəkdiyim rəsmlərimdən biri olub. Hərdən düşünürəm ki, Qız qalasının rəsmi mənə düşmədi (gülür). Amma Merlin Monronun portretini özümdə saxlaya bildim.

- Rəsmlərinizlə bağlı maliyyə dəstəyi göstərən olub?

- Xeyr, təəssüf ki... Öz hesabıma 2018-ci ildə kiçik sərgi keçirmişəm. 100-dən çox insan gəlmişdi, bu məni çox sevindirdi. Növbəti dəfə də keçirmək istəyirəm. Bir neçə dəfə əsərlərimi xarici ölkəyə göndərməyi təklif ediblər, ancaq qarşılığında beş min manatdan çox pul istəyiblər. Bu da ölkədə incəsənətə, istedadlı insanlara, xüsusilə də gənclərə qarşı qayğısızlıqdan xəbər verir.

- Qəhvə ətirli rəsmlərin ömrü nə qədərdir?

- Əgər üzərinə su düşməzsə, uzun müddət qalır. Pozulmur. İki aya yaxın qəhvə ətri gəlir, sonra yavaş-yavaş çəkilir.  

- Heç olubmu rəsm sifariş versinlər, amma götürməsinlər? Reaksiyanız necə olub?

- İnanın ki, əvvəllər belə hallar çox olurdu. Zəhmətimə heyfim gəlirdi. Hətta bir dəfə müştəri məni haqsız yerə polisə də verib. Hədiyyə etmək üçün bir xanımın rəsmini çəkməyimi istədilər. Qiyməti danışdım, rəsmi işlədim. Amma ilkin ödəniş almadım.

Bitirəndə xanıma xəbər etdim ki, sifariş hazırdı, istədiyiniz zaman götürə bilərsiniz. Rəsmin fotosunu atdım, bəyəndilər. Bu insanlar iki dəfə mənə görüş yeri təyin edib, gəlmədilər. Sumqayıtdan Bakıya iki dəfə qardaşımla sifariş göndərmişəm, gəlməyiblər ki, işimiz çıxdı. Axşam isə rəsmi bəyənmədiklərini, götürmək istəmədiklərini dedilər. Bu mənə çox pis təsir etdi.

Həmin rəsmi də əl işim kimi öz səhifəmdə paylaşmışam. Rəsmini çəkdiyim xanım bunu gördü və mənə zəng edərək təhqir etdi. Mən də inadla silməyəcəyimi dedim. Səhifə qardaşımın adına olduğu üçün onu bölməyə çağırdılar, izahat aldılar və s. məsələ uzandı. Ailəm mənə bu işin sonuna qədər getməyə icazə vermədi. Onların xətrinə şəkli səhifədən sildim. Bu mənə dərs oldu və həmin hadisədən sonra sifariş aldığım zaman ilkin ödəniş tələb edirəm.

Heç yerli məşhurlar arasında sizə rəsmlə bağlı müraciət edən olub?

- Çox olub. Amma çəkməmişəm. Çünki mənə deyirdilər ki, rəsmimizi çək, səni efirə dəvət edək. Mən də bununla razılaşmamışam. Amma xarici məşhurların rəsmlərini çəkirəm. Sevdiyim aktrisaların, aktyorların rəsmlərini çəkmişəm.

 - Gələcəkdə bu sahə ilə bağlı planlarınız var?

- Əslində, Azərbaycanda qəhvə ilə rəsm çəkən ikinci bir insan tanımamışam. Bu sahəni inkişaf etdirdiyimi düşünürəm. Gələcəkdə xarici ölkələrdən birinə gedib, orada özümə kiçik qalereya açmaq istəyirəm. Bu sahəni daha da genişləndirmək fikrindəyəm. Bütün bu məqsədləri yerinə yetirmək üçün özümə beş il zaman qoymuşam. Bunu edəcəyimə inanıram.

Könül Cəfərli
Foto: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri