29 
İyn
2020
19:14
35
632
15498
Virtual karabakh

Koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AQTA-dan RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

29 İyn, 2020
19:14
15498

Koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AQTA-dan RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı mediada yer almış xəbərlərdə həmin əşyaların daşınması və utilizasiyanın guya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA)  tapşırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.

AQTA-dan Oxu.Az-a daxil olan rəsmi açıqlamada belə deyilir. 

Bildirilir ki, həmin xəstəxanadan qeyd olunan əşyaların, müxtəlif tullantıların ərazidən daşınması və utilizasiyası Qida Təhlükəsizliyi Agentliyinin funksional vəzifələrinə daxil deyil və bununla bağlı Agentliyə hər hansı tapşırıq verilməyib: 

“Yalnız onu qeyd edə bilərik ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında bioloji və tibbi tullantıların utilizasiyasını həyata keçirən, müasir standartlara cavab verən insinerator (yüksək temperaturda yandırılma üsulu ilə təhlükəli tullantıların zərərsizləşdirilməsi) avadanlığı fəaliyyət göstərir. Pandemiya şəraitini nəzərə alaraq həmin avadanlığın imkanları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumatlar verilib və yalnız bioloji və tibbi tullantıların məhv edilməsi üçün laboratoriyanın avadanlığı bu prosesə cəlb olunub. 

Hazırda avadanlıq vasitəsilə cənub bölgəsində pandemiya ilə əlaqədar mövcud olan bioloji və tibbi tullantıların utilizasiyası həyata keçirilir. Xəstəxananın digər əşyaları, müxtəlif növ tullantıları, o cümlədən məişət tullantıları, yemək  üçün nəzərdə tutulan qablarının daşınması və məhv edilməsi Qida Təhlükəsizliyi Agentliyinin yox, aidiyyəti qurumların birbaşa vəzifə səlahiyyətlərinə daxildir.  Əlaqədar qurumlara isə tövsiyə edirik ki, yanlış məlumatlar  yaymamaq üçün informasiya verərkən həmin məlumatın dəqiqliyini bir daha araşdırsınlar”.

17:37

Cəlilabad Rayon İcra Hakimiyyəti koronavirusdan müalicə alanların yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların xəstəxananın həyətinə atılması ilə bağlı məsələyə münasibət bildirib.

Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:

“Artıq əşyalar oradan götürülüb. Əşyaların daşınması və utilizasiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb.

Onlara əşyaların götürülməsi və yandırılması ilə bağlı səlahiyyət verilib. Agentliyin əməkdaşları məsələyə bir az səhlənkar yanaşıb. Orada xəstə də çoxdur. Tibb işçilərinin istifadə etdiyi əşyalar yığılıb, paketlənib. O əşyalar qısa müddətə orada qalıb”.

İlhamə Əbülfət

16:45

Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq fakt qeydə alınıb.

Unikal.org-un məlumatına görə, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.

Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri