18 
İyl
2020
09:25
178
67
3668
Virtual karabakh

Psixoloq Babək Bayramov: “Qorxu olmasa, insanlığın kökü kəsilər” - MÜSAHİBƏ

Azərbaycanda öz peşə borcunu layiqincə yerinə yetirən ixtisas sahibləri çox azdır. Təəssüf ki, işinin əhli olan insanların da sayı çox deyil. Bütün sahələrdə bu məqama rast gəlinsə də, biz bu gün həkimlərdən danışacağıq. Mövzumuz isə insan psixologiyası, bədən dilidir. Bir-biri ilə ünsiyyətdə olan insanlar normal münasibət qura bilmədiyi halda, bəziləri danışmadan belə bir-birini çox gözəl başa düşə bilir. Daha sürətlə öyrənən, pul qazanan, uğur əldə edən insanlar hər zaman diqqət mərkəzində olur. Onlara həsəd aparan da olur, paxıllıq edən də.

Götürək elə “Microsoft” şirkətinin təsisçisi Stiv Cobsu. Onun məşhur Stenford Universitetindəki çıxışını dinləməmiş olmazsınız. Cobs çıxışında qeyd edir ki, bir semestr təhsil aldıqdan sonra oxuduğu kollecdən ayrılıb. Bir başqa nümunə məşhur Con Rokfellerdir. O, nə az - nə çox, düz 16 yaşında təhsilini atıb, biznes həyatına başlayıb. Eynşteyn, Çörçill, Linkoln, Henri Ford… siyahını istənilən qədər genişləndirmək olar. Həyatda maraqlı bir paradoks var ki, dünyada tanınan, uğurları ilə insanları heyran edən yüzlərlə şəxs təhsilini yarımçıq qoyub və ya ümumiyyətlə, ali təhsil almayıb.

Bəs görəsən, necə olur ki, bu insanlar uğur qazanır? Uğur qazanmaq üçün həqiqətən ali təhsil ilk planda olmalıdırmı? Bunun xüsusi texnikası varmı?

Oxu.Az-ın bu və digər suallarını Neyrolinqvistik proqramlaşdırma (NLP) üzrə mütəxəssis, psixoloq Babək Bayramov cavablandırıb.

-Babək bəy, ilk olaraq NLP barədə məlumat verərdiniz. Bu sahənin özəllikləri nədir?

- Neyrolinqvistik proqramlaşdırma, yəni qısaca NLP, düşünmə, dil və davranış qaydalarını araşdırmaqla, qarşıya qoyulan məqsədə çatmaqda onlardan necə istifadə olunacağını öyrədir. NLP həyatı doğru şəkildə qavramanın və istədiyimiz dünyanı yaratmağa imkan verən vasitədir.

NLP-nin yaradıcıları Con Qrinder (linqvist) ve Riçard Bandler (proqramçı ve riyaziyyatçı) olub. NLP daha yaxşı düşünərək, uğur əldə etməyə imkan yaradır.

NLP-nin təsiri getdikcə genişlənir, çünki istifadə olundugu sahələr gündən-günə artır. Adına qisaca izah verək:

Neyro - hiss üzvlərimizdən gələn informasiyadan istifadə edərək, xarici dünya haqqında təcrübələrimizi şüurlu və şüuraltı düşüncələrə dəyişdirən nevroloji müddətlə əlaqədardır. Burada bədən və zehin paralel çalışır. NLP-nin ən çox üstündə durduğu mövzulardan biri də nevroloji müddətin fəaliyyətini artırmaq və onu idarə edə bilmək bacarığını qazanmaqdır.

Linqvistika – dil vasitəsilə insanın öz təcrübəsini başqa insanlara ötürməsidir. İnsanlar məhz dildən istifadə üslubuna görə bir-birindən fərqlənir. Üstəlik seçilən dil üslubu bizim şəxsiyyətimizin və fikirlərimizin xaricə təsiridir.

Proqramlaşdırma isə təcrübələrimizdən istifadə edərək məqsədə çatmaqda onları yenidən tənzimləməkdir. Əldə etdiyimiz nəticələr, onların ətrafdakı insanlara hansı şəkildə təsir etməsi şəxsi proqramlaşdırmalarımızdan asılıdır. Bütün davranışlar bizim düşüncə və mövqeyimizin təsiri nəticəsində formalaşır.

- NLP-nin faydaları nədir?

- Hər kəsin özünəməxsus fikirləri, davranış normaları, mövqeyi, hissləri və inancları var. Bu istiqamətdə NLP-nin faydaları çoxşaxəlidir. Qısa olaraq sadalayası olsaq, belə demək olar:

1. İnsanların hər hansı sahəni öyrənməsinə sərf etdiyi müddəti sürətləndirir;

2. İş və şəxsi həyatda qurulan münasibətləri, onlar üzərindəki təsiri möhkəmləndirir;

3. İnsanlara və təbiətə qarşı həssaslığı artırır;  

4. Ehtimalları gözdən keçirməyə fürsət yaratmaq təsir altına ala biləcəyimiz sahələri genişləndirir;

5. Birgə fəaliyyətdə adaptasiyanı sürətləndirərək, cəmiyyətdə müəyyən yer tutmağa kömək edir;

6. Şüuraltı fikirlərin gücünü dərk edərək, onun üzərindən insanlara təsiretmə qabiliyyətini artırır.

- Belə bir deyim var, insanı görünüşünə görə qarşılayıb, ağlına görə yola salırlar. NLP bu misalı alt-üst edir?

- Əslində, NLP məhz bunu əyani şəkildə izah edir. Çünki bədən dili bütünlükdə xarici görünüşdə özünü göstərir. Çox az insan bunu idarəetmə gücünə malik ola bilir.

Adi geyimlərimizin üzərində olan cizgilər belə bizim xarakterimizdən xəbər verə bilir. Nevrotik əlamətlər üz cizgiləri vasitəsilə özünü büruzə verir. Adi misal çəkək, insan sevmədiyi bir mühitdə kifayət qədər gərgin olur. Lakin bunu maksimum gizlətməyə çalışır. Amma üzündə qızartılar, bədən hərarəti, dərisinin rəngi belə onu ələ verə bilir. Bu səbəbdən bizim sahəmiz bu gün dünya ölkələrində də geniş yayılıb. Xüsusilə də, siyasət adamlarında siz bunu görə bilərsiniz.

Yüksək səviyyəli görüşlərdə bizim “aynalama” dediyimiz texnika açıq-aydın özünü göstərir. Biri necə əyləşibsə, o biri avtomatik olaraq ona bənzər əyləşir. Və ya biri ayağını ayağının üzərinə atırsa, digəri dərhal onu təkrarlayır. Bu o deməkdir ki, tərəflər bir-birinin fiziologiyasına uyğun hərəkət edərək, bir-birinə “mən də sənin kimiyəm” mesajını verir. İnsan yalnız özünə bənzəyən insanları sevməyə başlayır.

- Bədən dilini anlamaq və bundan effektiv şəkildə istifadə etmək üçün həmin sahənin təhsilini almaq mütləqdir? Bəzən ekstrasenslərin, fırıldaqçıların, hətta qaraçıların belə bədən dilindən istifadə edərək, insanları ələ almasının şahidi oluruq.

- Əslində, burada əsas məsələ insanların özüdür. Hərdən insanlar sual verir ki, əllərimi sinəmin üzərində çarpaz qoyub oturmaqla özümü kilidləyirəm? Bu qarşıya nə mesaj verir? Bilirsiniz, hər bir sahənin özünün müəyyən düsturu var, əzbərçilik var. Amma əsas məsələ insanın ruhunu başa düşə bilməkdir. Çünki bədən dili insanın ruhunun carçısıdır. İnsanların danışıqlarına diqqət etmək lazımdır. Hər hansı tapşırıq verdiyiniz vaxt bu tapşırığı hər kəs “eləyərəm” deyə bilər.

Lakin səs tonundan asılı olaraq, siz həmin işi həqiqətən edə biləcək potensialda olan insanlarla digərlərini ayırd edə bilərsiniz. Bir az diqqət etməklə bütün bu nüansları tutmaq, aldanmamaq olar. Sadəcə, müşahidə qabiliyyətini gücləndirmək lazımdır. İnsanın qaməti, baxışı, əlləri, emosiyaları, çiyinləri, dərisinin rənginin tündləşməsi, şəffaflaşması və s. - hər biri mesajdır. İnsanlar sözlərdən çox bədən dilinə fikir verir. Ünsiyyət zamanı fikirlərimizin 55 faizi bədən dili ilə, 38 faizi səs tonu ilə, cəmi 7 faizi sözlər vasitəsilə ifadə olunur.

- Ali təhsil alan insanlar özünü həyatda tәsdiqlәmiş və 1:0 irəlidə hiss edərək, bunun verdiyi rahatlığa aldanıb, uğursuz olur, yoxsa necə?

- Bilirsiniz, deməzdim ki, bunu tam olaraq bu cür ifadə etmək olar. Bədən və beyin ikisi də bir sistemin parçasıdır. Bu mənada ali təhsil lazımdır, əslində. Mən özüm üç ali təhsil almışam. Təhsili əsla pisləmirəm. Amma dünyəvi biliklər həyatda xoşbəxt olmağa, uğur qazanmağa bəs etmir. İnsanlar hər zaman həyata sistem kimi baxmalıdır. Məsələn, həyatda hər şey nəzəriyyə ilə deyil, praktika ilə ölçülür. İnsanlar hər zaman yaşadıqlarından nəticə götürürlər. Amma bəzən risk etmək, inandığın istiqamətdə uzun müddət səbirli olmaq uğur qazanmağa aparır.

- Necə düşünürsünüz, bədən dilinin idarə edilməsində komplekslər rol oynayırmı? İnsanlar var ki, küçədə danışarkən, insanlarla ünsiyyət qurarkən komplekslər yaşayır.

- Əslində, kompleks dediyiniz şey birmənalı olaraq qorxudur. İnsan var ki, deyir, saçımı açıq qoya bilmirəm, kompleksim var. Bu o deməkdir ki, pis görünməkdən qorxuram. Lakin insanlar heç vaxt psixoloji olaraq “mən qorxuram” ifadəsini işlətmir. Qorxu hissinin azad şəkildə ifadə edildiyi məqam Allahdan olan qorxudur.

İnsanı həyatda saxlamaq üçün qorxu hissi çox güclü silahdır. Qorxu olmasa, insanlığın kökü kəsilər. İnanın ki, insanlar ağlınıza gələcək və gəlməyəcək hər cür çılğınlığı edərlər. Biznes adamlarında qorxular daha çoxdur. Onların psixoloji cəhətdən yükləndiyi barizdir.

- Tanınmış simalardan kimlər sizə bu problemlərlə müraciət edib?

 Çox insan müraciət edib. Sizin tanıdığınız, tanımadığınız məşhurlar, iş adamları, hətta müğənnilər belə. Sadəcə, prinsiplərim var və müştərilərim barədə qətiyyən danışmıram. Amma ümumi şəkildə deyim: bəzi müğənnilər deyir ki, danışanda həyəcanlanırıq. Onlar hər hansı görüntüyə, səsə, fikrə və s. görə ani səhv edərək, ictimai qınağa tuş gəlməkdən qorxurlar. Bir müştərim mənə deyirdi ki, özüm öz səsimə qulaq asanda narahat, gərgin oluram. Bu insanların özü ilə barışığının olmaması ilə bağlıdır. İnsan özü üçün önəmli olmalıdır.

- Babək bəy, maraqlı məqamlardan biri də valideyn və övlad arasında münasibətlərdə yaşanan çətinlikdir. Bəzən valideynlər övladlarının nə istədiklərini başa düşmədikləri üçün vaxtında onların yanında ola bilmirlər. Bu mənada bədən dili nə dərəcədə önəmlidir?

- Təəssüf ki, bu gün valideynlər bədən dili, ünsiyyət texnikasından xəbərsizdilər. Onları qınamıram, çünki bizim təhsil sisteminin heç bir mərhələsində NLP öyrədilmir. Əks halda, dünya daha gözəl olardı. Adi bir misal deyim, valideyn uşağına dərs öyrədən zaman çox aqressiv yanaşır. Uşaq nəyisə ikinci dəfə soruşanda valideyn ona aqressiv şəkildə “sən heç nə başa düşmürsən” deyir. Uşaqlarin hər biri belədir, canı sıxılanda dərs oxuya bilmir. Bu zaman məcbur edilən uşaq birmənalı olaraq dərsə, təhsilə nifrət edir. Valideynlərin bu davranışı uşaqlara mənfi təsir edir.

Daha sonra cəmiyyətdə mentalitetə əsaslanan bəzi məqamlar var. Düşünmədən kəskin reaksiya verilir. Seksual maarifləndirmə ölkəmizdə, demək olar ki, yoxdur. Valideynlər özü də müəyyən yaşdan sonra bu barədə övladları ilə söhbət etmir. Bəs nəticə necə olur? O uşaqlar bu barədə internet resurslarından, kənar şəxslərdən doğru və ya yanlış formada öyrənirlər. Xaotik şəkildə öyrəndikləri informasiyalar isə gələcəkdə onların seksual həyatına mənfi təsir edə bilir. Məsələn hər kəs uşaq vaxtı valideynlərinə bu sualı verib: “mən necə dünyaya gəlmişəm?”. Hər uşaq da əminəm ki, bu cavabı alıb: “Bala, səni leyləklər gətirib”. Bu, məhz sizə demək istədiyim doğru olmayan münasibətdir. Çünki uşaqlar bu suallarına cavabı mütləq tapacaqlar. Ona görə də, valideyn-övlad münasibətlərinin formatı köklü şəkildə dəyişdirilməlidir. Bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə belədir. Ailələr övladlarına istəmədən də olsa, zərərli məsləhətlər verməkdə davam edirlər.

- Bəs intiharlar? Bəzən insanların intihar etdiklərini eşidirik və buna inana bilmirik. Bu kimi məqamlar özünü bədən dili ilə büruzə verirmi? İnsanlar bədən dilini duya bilsə, bu hadisələrin qarşısını necə ala bilər? Yoxsa intihara meyilli insanların psixologiyası özünü tamamilə gizlədə bilir?

Ümumiyyətlə, mən insanın “intihara meyilli” olması fikri ilə razı deyiləm. Çünki hər bir insan ölümdən qorxur və bu o deməkdir ki, insanlıq yaşamağa meyillidir. Amma insanları bu addımı atmağa sövq edən səbəblər olur. Təəssüf ki, onlar qarşılaşdıqları problemin həlli olmadığını düşünür. Araşdıranda isə bunun heç də ölümə sürükləyəcək problemlər olmadığı məlum olur.

O insanlar düşünür ki, heç kim onları başa düşməyəcək. Təəssüf ki, buna bir qədər də cəmiyyət səbəb olur. Bəzən tanımadığımız, bilmədiyimiz söhbətlər üzərindən insanlara qarşı yanaşmalarımız, önyarğılar onları depressiya vəziyyətinə salır. Bu insanlar özünə qapanır və psixoloqa belə getmir. Özünə qapanır və bir müddət sonra gözlənilmədən intihar edir. İntiharlar mütləq şəkildə planlı olur.

Bu, özünü bədən dilində büruzə verə bilir. Özünü sıxır, gülümsəyir, az danışır. İnsanların hər biri öz problemləri ilə məşğul olduqları üçün bu nüansları çox da sezmirlər. Odur ki, bu, cəmiyyətin dərin problemlərindən biridir.   

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri