21 
Sen
2020
23:30
50
326
3265
Virtual karabakh

Rusiyada Qarabağ bölgəsinin memarlıq abidələrinə həsr olunmuş xüsusi ekspozisiya nümayiş olunub – FOTO/VİDEO

Rusiya Mədəniyyət Nazirliyinin, Memarlar İttifaqının və Sankt-Peterburq şəhər rəhbərliyinin təşkilati dəstəyi ilə 17-19 sentyabr 2020-ci il tarixlərində Rusiya Federasiyasının şimal paytaxtında Azərbaycanın da Qarabağ bölgəsinin memarlıq abidələrinə həsr olunmuş xüsusi bir ekspozisiya ilə təmsil olunduğu “Memarlıq İrsi-2020” festivalı keçirilib. Sözügedən ekspozisiya Azərbaycan Memarlar İttifaqı tərəfindən hazırlanıb.

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan Oxu.Az-a bildirilib ki, sərgidə dağıdılan və talan edilmiş memarlıq abidələri, həmçinin işğal olunmuş ərazilərdəki vandalizm faktları təqdim edilib.

Tədbirin 17 sentyabrdakı açılış mərasimində təşkilatçılar Azərbaycanın bu festivalda iştirakının vacibliyini vurğulayıblar. Mərasimdə çıxış edən baş konsul Sultan Qasımov iştirakçılara Qarabağ bölgəsinin zəngin mədəni irsi və Qarabağın işğalı nəticəsində tarixi abidələrin dağıdılması barədə danışıb.

O, Azərbaycanın mədəni irsinin, dəyərli eksponatların, folklor nümunələrinin, tətbiqi sənət nümunələrinin, toponimlərin, yazılı əsərlərin, Qarabağda Azərbaycan xalqına xas olan milli elementləri əks etdirən mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edildiyini izah edib.

Sentyabrın 19-da, “Memarlıq İrsi-2020” Beynəlxalq Memarlıq Festivalının bağlanış günündə Baş Konsula ölkəmizin Qarabağ bölgəsinin mədəni irsinə həsr olunmuş maraqlı ekspozisiya təşkil etdiyi üçün Azərbaycan Memarlar İttifaqı üçün nəzərdə tutulmuş mükafat təqdim edilib. Sultan Qasımov çıxışında Azərbaycanın festivalda Qarabağ bölgəsinə həsr olunmuş ekspozisiya ilə iştirakının vacibliyini qeyd edib. O, həmçinin Azərbaycanın xüsusi ekspozisiyasına göstərilən yüksək maraq üçün təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

Çıxışının sonunda diplomat Azərbaycan ilə Rusiya arasındakı dostluq əlaqələrinə və mədəni əməkdaşlığa diqqət yetirib, bir sıra mədəniyyət xadimlərindən, Sankt-Peterburq və Moskvanın aparıcı səhnələrində çıxış edən həmyerlilərimizdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülənlərdən danışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri