28 
Sen
2020
16:04
1677
57
8999
Virtual karabakh

Umud Mirzəyev: “Bu qələbəni böyük bir atəşfəşanlıqla qeyd edəcəyik”

28 Sen, 2020
16:04
8999

Umud Mirzəyev: “Bu qələbəni böyük bir atəşfəşanlıqla qeyd edəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəndimizin 40 faizi işğal altında idi. Nəhayət, onun da azad olunması xəbəri bizi sevindirdi. Arzum budur ki, tezliklə işğal altında olan bütün kəndlərimiz, torpaqlarımız işğaldan azad olunsun.

Bu sözləri Oxu.Az-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əks hücum nəticəsində işğaldan azad olunan torpaqlarımızla bağlı fikirlərini bölüşərkən deyib.

Füzuli rayonunun Aşağı Abdürrəhmanlı kəndindən olan Umud Mirzəyev bildirib ki, uzun illərdən sonra ata-baba yurdumuzun, kəndimizin işğaldan azad olunması məni sevindirir:

“Bu tək bizim yox, bütün xalqımızın qələbəsidir, sevincidir. Bizim kəndimiz 1993-cü il avqust ayının 17-dən etibarən işğal altındadır. İşğal olunan kəndimizdə ermənilər tərəfindən vandalizm aktları törədilib. Demək olar ki, daş üstündə daş qoymayıblar- yaşayış üçün zəruri olan hər şey talanıb. Apara bilmədikləri hər şeyi məhv edib, yandırıblar. Qəbirlər dağıdılıb, qəbirdaşlarının üzərindəki fotoların gözləri oyulub. Təbii ki, doğma kəndimizin işğaldan azad olunması qürurvericidir. Ümid edirəm ki, yaxın günlərdə Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının, Kəlbəcərin, Ağdamın bütövlükdə Dağlıq Qarabağın işğaldan azad olunması xəbəri ilə xalqımızı sevindirəcək”.

U.Mirzəyev onu da əlavə edib ki, atasının məzarı dədə-baba yurdundadır:

“Mən hər ay rayonumuza gedirdim. İşğal altında olan kəndlərə yaxın ərazilər təhlükəli olsa da atam dünyasını dəyişərkən kənddə dəfn olunmasını vəsiyyət etdi. Biz atamın vəsiyyətinə uyğun olaraq onu kənddə erməni snayperindən 150 metr məsafədə dəfn etdik. Biz kəndimizdə 17 su quyusunu bərpa etmişik və kənd əhalisinin su təminatını təmin etməyə başlamışıq. İnşallah bundan sonra kəndimizə təhlükə olmadan gedəcəyik. Bu qələbəni böyük bir atəşfəşanlıqla, əzizlərimizlə birlikdə elə kəndimizdə qeyd edəcəyik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri