26 
Noy
2020
17:54
756
22
9689
Virtual karabakh

“Canavar” ləqəbli qazimiz: “Komandirim döyüşün ortasında məni çiyninə aldı, çıxardı”- MÜSAHİBƏ

Heç bir dövlət müharibəni sevməz, heç bir millət müharibə olmasını arzu etməz. Lakin illərdir mənfur düşmənlə üz-üzə qalan, səbr edən bir dövlət, bir xalq olaraq Azərbaycan kifayət qədər humanist davrandı. 30 il boyunca Azərbaycanın səbrini sınayan Ermənistan çox təxribatlar törətdi, lakin sentyabrın 27-də Azərbaycan xalqının səbrini daşırdı.

Artıq Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytardı. 44 günlük Vətən Müharibəsi ilə həm düşmənin belini bükdü, həm də dünya ölkələrinə öz gücünü, qüdrətini göstərdi. Bu gücün təməli isə müzəffər Azərbaycan ordusunun sıralarında olan igid əsgərlərindən gəlir.

Bu müharibə bütün xalqın birliyini, mehribanlığını yenidən xatırlatdı. Bunu 44 günlük Vətən Müharibəsinin iştirakçısı qazı Əzizov Mikayıl Mehrab oğlu da təsdiqləyir. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan 23 yaşlı igidimiz sentyabrın 27-dən döyüşlərdə iştirak edib. Həyəcan içərisində keçən 44 gün ərzində döyüş bölgəsində yaşanan qürurverici anları, düşmənin necə qorxaq və hiyləgər olduğunu elə qəhrəman əsgərimizin öz dilindən eşidək.

Budəfəki qəhrəmanımızı çoxunuz sosial şəbəkələrdə yayılan videodan tanıyırsınız.

Oxu.Az nənəsinin “Canavar” adlandırdığı 23 yaşlı Mikayıl Əzizovla müsahibəni təqdim edir:

- 23 yaşında Azərbaycanın tarixi qələbəsinə imza atan igidlərdə biri də sizsiniz. Qələbə necə hissdir?

- Biz özümüz də hərbçi ailəsiyik. Vətən sevgisi qanımızda, canımızda var. İlk gündən döyüşlərdə iştirak etdim və ilk olaraq Füzuli istiqamətində irəlilədik. Cəbrayıl, Hadrut və Şuşa istiqamətində torpaqlarımızın işğaldan azad olunması üçün vuruşmuşuq. Hər birimiz əlimizdən gələnin artığını etməyə çalışdıq. Bu qələbəni ordumuz öz gücü ilə qazandı.

- Döyüşlər gedə-gedə nə düşünürdünüz?

- Biz illərdir torpaqlarımızı geri almaq üçün Ali Baş Komandanın əmrini gözləyirdik. Bu əmr gələndən sonra hər bir azərbaycanlı nəyi düşünürdüsə, biz də onu düşündük: yalnız irəli getmək və torpaqlarımızı düşmənlərdən təmizləmək. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini Azərbaycan torpaqlarından iti qovan kimi qovdu. Hər dəfə yeni kəndi işğaldan azad edəndə daha da qürurlanırdıq. Biz yorulmurduq, insan evinə, vətəninə gedən yolda yorularmı? Motivasiyanı, əzmi qələbədən qazanırdıq. Nəticədə, tam qələbəni də qazandıq.

- İşğaldan azad olunan kəndlərdən paylaşılan görüntüləri izlədikcə torpaqlarımızın düşmən tərəfindən yararsız vəziyyətə salındığını görürdük.

- Təəssüf ki, elədir. Ermənilər öz yaşadıqları evlərini dağıdıb, viran qoyurdular. İnsan öz torpağına, yuvasına qarşı belə vəhşilik edərmi? Məncə, etməz. Amma biz bütün dağıdılan evləri, yandırılan əraziləri bərpa edib, özümüz bu torpaqlarda xoş günlər görəcəyik. Biz bu Vətən Müharibəsini xalqımız 30 ildir həsrətini çəkdiyi torpaqlarda bundan sonra rahat yaşasın deyə apardıq. Belə də olacaq.

- Artıq 10 gündür biz sizin xəstəxanadan çıxmağınızı gözləyirik. Özünüzü necə hiss edirsiniz?

- Şükür, nisbətən yaxşıyam. Amma tam sağalmağım üçün həkimlər əməliyyata ehtiyac olduğunu deyir. Əməliyyat isə həm riskli, həm də çox bahalı prosedurdur. Üstəlik, zədəm sinirə yaxın yerdədir, sağlamlığımı tamamilə itirə bilərəm.

- Hansı istiqamətdə gedən döyüşlərdə yaralandınız?

- Döyüşlərdə iki dəfə yaralandım. İlk olaraq Cəbrayıl istiqamətində minaatan mərmisinin dalğası nəticəsində onurğamdan zədə aldım. O qədər ağır zədələndim ki, bir müddət ikiqat qaldım, yerimdən qalxa bilmədim. Onurğamda fəqərələr sürüşdü, ayağım tutmadı. Özümdə güc toplayıb, ayağa qalxdım.

İsmayılov Vüqar və kapitan Anar Sadıqov məni orada tək qoymadı. Komandirim döyüşün ortasında məni çiyninə aldı, çıxardı. İsti-isti hiss etmədim, bir anda özümdən getmişəm. Sonra gözümü açanda gördüm ki, məni çiynində aparır. Bir gün yaralı qaldım, döyüşü dayandırmadıq və düşmən postunu aldıq.

Bir gün yaralı qaldıqdan sonra məni göndərdilər tibb məntəqəsinə, müalicə aldıqdan sonra yenidən qayıtdım. Özümü toparlayıb döyüşə davam etdim. Komandirlərim sağ olsunlar, çox diqqət edirdilər, qoruyurdular. Taborumuz məni çox irəli buraxmırdı, Şuşa istiqamətinə qədər belə döyüşdük.

Şuşanın girişində axşam artilleriya atəşinə tutulduq. Elə bu zaman düşmənin atdığı minaatan mərmisinin dalğası yenə kürəyimin, onurğamın zədələnməsinə səbəb oldu. Ağrıdan şoka düşmüşdüm, yıxılmışam. Ayağa qalxmaq istəyəndə, bu mümkün olmadı. Silahdaşım Ömərov Elimin, Abbasov İlhamın köməyilə döyüş meydanından çıxarıldım. Bu dəfə geri qayıtmağa qoymadılar, birbaşa hərbi hospitala göndərdilər.

- Ailənizlə necə əlaqə saxlaya bildiniz?

- Əslində, həmin ərazilərdə şəbəkə olmurdu. Çox çətinliklə 1-2 dəqiqə ailəmlə danışıb “salamatam”, “narahat olmayın” deməyə şans olurdu. Elə olurdu ki, 5-10 gün əlaqə yarada bilmirdik. Hər gün döyüşdə olurduq, özümüz də düşünürdük, bəs bir də ailəmizi, anamızı, atamızı, bacı-qardaşlarımızı, övladlarımızı, həyat yoldaşımızı görə bilməsək?! Hər danışanda anamdan halallıq alırdım.

Söhbətimizə qoşulan qazimizin anası Rəhimə Əzizova deyir ki, 45 gün ərzində həyat onun üçün dayanıb:

“Oğlum evin böyük uşağıdır. Vətənpərvər ruhda böyüyüb. Mən müəlliməm, elə ona da dərs demişəm. Heç vaxt oğlumun başına sığal çəkməmişəm, hər zaman sərt olmuşam, ədəbli-ərkanlı olsunlar deyə çalışmışam. Döyüşlər başlayandan ön cəbhəyə getdi. 45 gün Mikayıl hər fürsət tapanda “Ana, haqqını halal et, irəli gedirik” yazırdı. Bir dəfə də zəng etdi. Hamını çağırdım ki, gəlin, Mikayılla danışın. Anayam, nə qədər fəxr edirdimsə, bir o qədər də ürəyim əsirdi. Mikayıl gələnə qədər nə fikrimi işə verə bilirdim, nə evə, nə uşaqlara.

Onun orada bir gün ac, bir gün tox qaldığını düşünəndə havalanırdım. O, gələnə qədər iki qardaşına da gün verib, işıq vermədim (gülür). Deyirdim ki, onun xoşladığı yeməkləri, suyu, şirniyyatı o yeyə bilmirsə, siz də yeməyəcəksiniz. Gecəni səhərə qədər hamımız onun üçün dua etmişik. Yaralandı, amma şükür, gəldi. Allah şəhid olan oğullarımıza rəhmət eləsin, ailələrinə səbr versin. Yaralı balalarımıza isə Allah şəfa versin”.

- Yəqin, xəbəriniz var, nənənizin sizinlə telefon danışığı sosial şəbəkədə sürətlə yayıldı. Necə oldu ki, belə bir maraqlı söhbət alındı?

- Şuşa istiqamətində döyüşlərimiz başlayırdı. Elə fürsət tapıb yenə evi yığdım. Anamla danışdım ki, narahat olmasın, salamatam. Anam xeyir-dua verdi. Dedim ki, telefonu ver, nənəmin səsini eşidim. Elə nənəmlə danışırdım ki, birdən atışma başladı. Düşmən tərəfi bizi artilleriyadan atəşə tutdu. Nənəm telefonda atəş səslərini eşidəndə başladı mənə ürək-dirək olsun deyə sözlər deməyə. Videonu izləmisiniz də, deməyimə gərək yoxdur. Çalışırdı, məni həvəsləndirsin. Bir tərəfdən nənəmə qulaq asıram, sözünü kəsə bilmirəm, o biri tərəfdən də atışma başlayıb. Nəticədə, sən demə, evdəkilər də onun mənimlə danışığımı çəkib. Mən gələndə dedilər ki, çəkdik ki, gələcəkdə övladlarına göstərək ki, atanız müharibədə olanda nənəniz ona belə ürək-dirək verirdi (gülür).

Amma videonun altında yazılan şərhləri oxuduqca insan qürurlanır. Xalqımız sağ olsun, çox dəstək oldular. Biz orada dünyadan xəbərsiz idik. Ancaq döyüşürdük. Buraya gəldikdən sonra gördüm bunları. Xalqımız çox mərddir. Bu müharibədə mən bunu özüm gördüm. Hər birimiz bir yerdən gəlmişdik, amma orada bir-birimizə elə dayaq olurduq, sanki eyni ana-atanın övladıyıq, bir evdən gəlmişik. Təsəvvür edin, hər kəs bir-birinin canı uğrunda öz canını təhlükəyə atırdı.

- Bir yaxınınızdan eşitdik ki, siz bir neçə dəfə öz zirehli jiletinizi əsgər yoldaşınıza vermisiniz...

- Bu barədə danışmaq istəməzdim, əslində. Dediyim kimi, biz orada bir-birimizi qorumağa çalışırdıq. Mənim əsgər yoldaşlarımdan birinin zirehli jiletində problem yaranmışdı. Bilirdim ki, evlidir, övladları var. Mən isə subayam. Bir neçə dəfə yox, sadəcə, iki dəfə jiletimi ona verdim. Şükür Allaha nə ona, nə də mənə heç nə olmadı.

Müharibədir də, hər şey olur. Ac-susuz qaldığımız vaxtlar da olub. Hər şeyə hazır idik. Evdən çıxanda əminəm ki, hər birimiz bir də geri dönə bilməyəcəyimiz ehtimalını düşünmüşük. Odur ki, bu kimi şeylər normaldır. Əsas odur ki, biz qalibik, zəfər bizimdir.

- Sosial şəbəkələrdə əsgərlərin spreylə işğaldan azad olunan ərazilərdə müxtəlif yazılar yazdığı videolar paylaşılırdı. Bəs siz necə?

- Biz əslən İsmayıllının Basqal kəndindənik. Elə birdən ağlımıza gəldi, hərə bir divarı götürüb ürəyindən keçəni yazdı. Mənim də ağlıma Basqal yazmaq gəldi. Öz kəndimizin adını yazdım.

- Əsgərlərimizin işğaldan azad olunan torpaqlarımızda yaşayış evlərinin anbarlarındakı qidalardan yediklərinə dair videolar da yayılıb. Qorxmurduz ki, zəhərli olar?

- Kənardan videoya baxan hər kəs belə düşünür. Amma biz ehtiyatımızı gözləyirdik. Adi su belə olsun ağzı açıq heç bir şeyə toxunmurduq. Ağzı açılmamış su butulkaları isə əlimizdə sıxırdıq. Bəlkə iynə ilə içərisinə nəsə vurarlar deyə. Heç bir yerdən su sızması olmurdusa adi sudur, içirdik. O barədə heç kim narahat olmasın, əsgərlər bütün mövzuda təlimatlandırılır.

Əsasən, toyuq, ördəkləri götürüb özümüz bişirib yeyirdik. Şüşə bankalarda şorabalar olurdu ağzı bağlı. Onlara heç nə qata bilməzdilər.

- Sizin taborunuzda işğaldan azad olunan ərazilərimiz arasında öz ata yurdu olan əsgərlərimiz oldumu?

-Xeyr, bizim taborda olmadı. Bizim taborda daha çox Laçından, uşaqlar var idi. Onlar həsrətlə gözləyirdilər ki, Laçına girək, ata yurdlarını görsünlər. Qismət olsa artıq gedib Laçını da, Şuşanı da rahat gəzəcəyik.

- Müharibə Mikayıl Əzizovu hansı istiqamətdə dəyişdirdi?

- Deyərdim ki, 23 ildə görmədiyim, yaşamadığım günlər yaşadım. Gözlərimin önündə dostlarım, yoldaşlarım şəhid oldu. Mənim bölük komandirim Sənan Kərimov şəhid olmazdan qabaq öz saatını mənə vermişdi.

Şəhid olan dostum Leytenant Hakim Bəşirov isə öz formasını mənə verdi ki, saxla özündə. Şəhid olsam istəyirəm ki, bu formanı sən geyinəsən. Bir həftə sonra eşitdim ki, şəhid oldu. Bu mənə çox ağır travma oldu.

Hətta kapitan Anar Sadıqov mənə döyüş bayrağını vermişdi ki, əgər mən şəhid olsam, bu bayrağı mənim adımdan işğaldan azad etdiyiniz ərazilərdən birinə asarsız. Şükür ki, sağ-salamatdı. Bayraq da mənə əmanətdi. Biz bayrağı ürəyimizin üstündə gəzdirirdik.

Nənəsi deyir ki, Mikayıl Əzizovun uşaqlıqdan arzusu polis olmaq olub:

“Mikayıl mənim nəvələrim arasında ən dəlisovudur. Bir o qədər də ürəyi təmizdir. Uşaq vaxtından idmana gedirdi. Həmişə deyirdim ki, hamı ilə mehriban ol. Heç kimlə dalaşma. 30 il mən hərbçi yolu gözləmişəm. İndi də 44 gün Mikayıl balamın yolunu gözləyə-gözləyə Allaha dua edirdim. Uşaqlıqdan arzusu idi ki, Polis Akademiyasına daxil olsun. İllərdir gördüyünüz bir otaqlı evdə, çətin şəraitdə yaşayırıq. Çətin şərtlərdə böyüdüb, boya-başa çatdırıb. Vətənə xidmətə göndərmişik balamızı. Nənə kimi mənim də arzumdur ki, dünya gözü ilə Mikayılı polis formasında görüm”.

- Eşitmişəm ki, ermənilərin evində onların toy kasetlərinə baxırmışsız, doğrudurmu?

- Bəli, oturub baxırdıq. Əslində maraqlı heç nə yox idi. Sadəcə onların geyimləri, oynamaqları, toy adət-ənənələri hamısı bizim adətlərimizdir. Xınayaxdı, elçilik mərasimi bunların hamısı bizə aid olan adətlərdir. Hətta oyunları, elə bizim musiqiləri özlləşdirməklə məşğul olublar. Evlərinə baxsaz it günündə yaşadıqlarını görə bilərsiz. Bu qədər pinti millət görməmişdim.

Könül Cəfərli 
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri