21 
Dek
2020
12:42
327
40
7386
Virtual karabakh

Müharibədə çənəsini itirən qazimiz: “Qan elə axırdı ki, üzümə baxan qorxurdu” - MÜSAHİBƏ + FOTO

Azərbaycanın ərazi bütövlüyünü bərpa edən o möhtəşəm 44 gün… Bu 44 günü qəhrəmanlıqları ilə tarixə yazanlar isə 2783 şəhid və 1245 nəfər qazilərimizdir. Qazilərimizdən biri də 23 yaşlı Qurbanov Xəyal Elburus oğludur. Əslən Kəlbəcərdən olan qazimiz döyüşlərdə çox ağır yaralanıb.

X.Qurbanov 1997-ci ildə Mingəçevirdə anadan olub. Əslən Kəlbəcərdən olan qəhrəmanımız iyul hadisələrindən sonra könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyatdan keçib. Azərbaycan Texniki Universitetinin Maşınqayırma Fakültəsi Maşın Mühəndisliyi ixtisasını bitirən X.Qurbanov müharibə başlayan zaman çalışdığı iş yerindən icazə alaraq ön cəbhəyə yollanıb.

Döyüş meydanında baş verənləri, qələbəyə aparan çətin mübarizəni elə qazimizin öz dilindən eşidək.

Oxu.Az 23 yaşlı qazi Xəyal Qurbanovla müsahibəni təqdim edir:

- Sizi ön cəbhəyə nə zaman çağırdılar?

- Sentyabrın 27-i artıq mən cəbhəyə çağırıldım. Müharibə başlayan ilk gündən Vətənimizin keşiyində dayandım. Ağır artilleriyadan istifadə edilirdi. Mən hərbi xidmətə Suqovuşan istiqamətində döyüşlərdən başladım. Əmrləri gözləyirdik. Bizə verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək irəliləyirdik.

Biz işğaldan azad olunmuş kənddən keçdikcə mənə elə gəlirdi ki, Xocalıda bizim xalqımıza yaşatdıqlarını yaşadılar. Fəxr edirdim ki, qüdrətli Azərbaycan ordusunun sıralarındayam və bu qələbədə mənim də payım var. Erməni hərbçiləri bizi görən kimi döyüş texnikasını, evlərini qoyub qaçırdılar.

“Yollarda qırıq uşaq arabaları Xocalı hadisələrini gözümüzün önünə gətirirdi, onları məhv etmək istəyirdik”

- Bəzən deyirlər “o atışmadan sağ çıxmaq möcüzə idi, Allah saxladı” sizin belə dediyiniz an oldumu?

- Müharibə itkisiz olmur. Biz də bilirdik ki, nə qədər acı olsa da bu yolun sonunda tarix yazmaq da var, tarixdə qalmaq da. Azad etdiyimiz kəndlərə girdikcə hər tərəfdə donuz leşləri görürdük.  

Kəndin içi ilə gedib mövqelərimizi tuturduq. Kənd çox təhlükəli idi. Göydən mərmilər yağırdı. Hər an bizim yanımıza düşə bilərdi. Döyüş hazırlıqlarımız güclü olduğu üçün öhdəsindən gəldik. Elə anlar olurdu ki, “Allah Allah” deyərək mənzil başına çatırdıq. Şəxsən mən elə atışmalardan sağ çıxdım, Allah qorudu.

Bizi maşınlara yığıb hərbi hissədən toplanış yerinə aparırdılar. Kəndin içi ilə gedərkən bizi aparan maşını sürücü çox sürətlə sürürdü. Bir anda kəndi ağır artilleriyadan atəşə tutdular. Bir anda təkərə güllə dəydi və partladı. Sürücü sükanı çox çətinliklə yığa bildi. Düşüb təkəri dəyişmək istəyərkən yaxınlığımıza mərmi düşdü. Allah qorudu ki, qəlpələri bizə tuş gəlmədi.

Toplanış yerində olan zaman dostlarla oturmuşduq. Məni öz bölməmə çağırdılar. Bir müddət sonra düşmən qırıcısı bizim olduğumuz mövqeni bombaladı. Qəlpə yarası alanlar oldu, amma şəhidimiz olmadı çox şükür.

- Həyatını xilas etmək istəyib nail ola bilmədiyiniz, həlak olan silahdaşlarınız olubmu?

- Yaralandığım günün gecəsi getdiyimiz istiqamətdə kəndin içərisində Madakert yazılmışdı. Ağdərə istiqaməti idi səhv etmirəmsə. Dağın ətəyində özümüzə yer qazdıq, içərisində müdafiə olunduq.

Mövqelərimizə təxminən 4-5 metr aralığa minaatandan atəş açırdılar. O qədər mərminin altından heyətimizlə birlikdə salamat çıxdıq.

O an elə yoldaşlar oldu ki, yaralanmışdılar. Ancaq biz həmin yerdə çox pis mövqedə idik. Daha sonra mən də yaralandım. Atışmaya ara verilmirdi, ona görə də yaralıları, şəhidləri döyüş meydanından çıxarmaq mümkün olmurdu.

“Bir an məni görənlər qaçmağa başladı, qorxurdular”

- Sizin özünüzün yaralanma anınız yadınızdadır?

- Güllə səsləri dayanmırdı. Minaatanlardan, iri çaplı artilleriyadan atəşə tuturdular. Birdən çənəm sızıldamağa başladı. Yadımdadı ki, yerə yıxıldım. Gözlərim qaraldı. Bir neçə saniyə beynim silkələndi sanki, özümü itirdim. Düşündüm ki, vəssalam, elə bura qədər idi Xəyal…

Nəfəsimi dərib kəlmeyi-şəhadət gətirdim. Çənəmdən qan axırdı. Əlimi üzümə aparanda gördüm ki, çənəm sallanır. Allahın adını çəkib özümdə güc toplayıb ayağa qalxdım.

Mərmi atəşinin içində yeriyərək özümü bir az kənara atdım. Dayanmadan qan axırdı deyə gözlərim qaraldı. Ayaqlarım dolaşdı, özümü sağ tərəfim üstünə yıxdım ki, bir az dincəlim. Vəziyyət o qədər gərgin idi ki, əsgər yoldaşlarım istəsələr də mənə əl uzada bilmirdilər.

Bir müddət sonra güc toplayıb yenidən ayağa qalxdım. Çənəm o qədər pis halda idi ki, məni görənlər qaçmağa başlayırdı, qorxurdular məndən. Hətta bir əsgər mənə baxdı qusdu. O qədər bərbad vəziyyətdə idim.

Bir nəfər əsgər sağ olsun, kəmərimdən tutub məni təpəni düşənə qədər daşıdı.

1 km özüm tək yeridim, 3-4 km-də qan axa-axa o yoldaş məni daşıdı. Allah köməyi olsun. Sonra məni təhlükəsiz bir yerdə oturtdu. Hərbi tibb işçisini gözlədik, gəlib ağrıkəsici vurdu. O da yanımıza gələnə qədər çətinlik çəkdi.

- Xəstəxanaya gətiriləndə özünüzdə idiniz?

- İlk yardım göstərildikdən sonra məni Yevlax Mərkəzi Rayon Xəstəxanasına apardılar. Oradan da vəziyyətimi görüb təcili Bakıya göndərdilər.

Bakıda həkimlərə demişdilər ki, yaralı əsgər gəlir, amma çənəsi yoxdur. Heç kim inanmamışdı. Həkimlər də düşünüblər ki, elə şey ola bilməz. Bunları mənə sonra həkimlər özü danışıb. Məni ambulansdan düşürəndə tibbi personal şoka düşdü.

Sarğını açanda həqiqətən görüblər ki, çənəm yoxdu. Hər kəs deyir ki, sən möcüzə sayəsində həyatda qalmısan. Bu qədər ağır yara və qan axma qarşısında sağ qalmaq mümkün deyildi.

- Sizə ilk müdaxiləni edən həkim kim idi?

- Mən döyüş meydanından yaralı çıxarılanda ilk tibbi yardımı Şahin həkim etdi. Allah ondan razı olsun. O zəruri müdaxiləni etməsəydi bəlkə də sonradan edilən müalicə, əməliyyatlar da fayda verməzdi.

- Neçə əməliyyat keçirdiniz?

- Bir neçə əməliyyat keçirdim. Möcüzədir ki, üzüm ələ gəldi. Bütün ağır əməliyyatlarımı Mahir həkim və onun komandası etdi. Ona sonsuz təşəkkür edirəm, məni həyata qaytardı. Eləcə də Şahin həkimə, mənim və digər yaralıların qayğısını çəkən bütün həkimlərə, tibb bacılarına təşəkkür edirəm.

Mahir hocanın dəvəti ilə gələn Murat Turegun əməliyyatlarım da iştirak edib. O ayağımdan çıxarılan sümüklə çənə sümüyünün bərpası əməliyyatınə həyata keçirib.

Mahir həkim təkcə məni deyil. Bir neçə yaralı hərbçiləri əməliyyat edib. Onu sanki Allah göndərdi bizə. Təmənnasız olaraq yaralıları təcili əməliyyata aldı.

Mahir həkim müharibənin ilk günlərindən öz komandası ilə birlikdə könüllü olaraq yaralılara yardım etməyə başlayıb. Vətən sağ olsun. Hər birimiz əlimizdən gələni etdik, yenə olsa, yenə də vətənimizə xidmət etməyə hazırıq.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri