Yan
2021
11:16
346
9
3478
Virtual karabakh

Qalib orduda döyüşən Oxu.Az-ın igid əməkdaşı: “İkinci dəfə həyata gəldiyimi düşünürəm” - MÜSAHİBƏ + FOTO

44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçüləri arasında hərbçilərlə yanaşı könüllülər də oldu. Azərbaycanın haqq savaşında müxtəlif sahələrdə çalışan insanlar güclərinə birləşdirdilər. Azərbaycan Ordusunun gücünə güc qatan igidlər arasında media nümayəndələri də yer alırdı. 

O media nümayəndələri ki, bu günə qədər Azərbaycan Ordusunun gücünü, zəfərini arxa cəbhədə canla-başla işıqlandırırdılar. İkinci Qarabağ müharibəsində isə jurnalistlər də kəsərli qələmlərini silahla əvəz edərək ordu sıralarına qoşuldular. 

Bu qəhrəmanlardan biri də Oxu.Az-ın əməkdaşı, jurnalist Aqşin Kərimovdur.

44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşən igid əməkdaşımız artıq tərxis olunaraq, sağ-salamat ailəsinin, xanımının və körpə qızının yanına dönüb.

Azərbaycana qələbə sevinci yaşadan İkinci Qarabağ müharibəsinin iştirakçısı və canlı şahidi olan Aqşin Kərimov təəssüratlarını ilk olaraq bizimlə bölüşüb:

Oxu.Az Aqşin Kərimovla müsahibəni təqdim edir:

- Sentyabrın 27-si müharibə başladı və siz də cəbhəyə yollandınız – özü də jurnalist kimi yox, əsgər kimi. Bunu gözləyirdiniz?

- Tovuz döyüşlərindən sonra müharibənin başlayacağını gözləyirdim, hadisələrin və siyasi proseslərin gedişatı əsasında gəldiyim qənaət belə deməyə əsas verirdi. Sentyabrın əvvəllərindən isə analizlərimin doğru çıxacağına əminliyim artdı. Çünki düşmənin istər diplomatik, istərsə də hərbi bəyanatlarından barıt qoxusu gəlirdi. 

Döyüşlər başlayandan bir gün sonra, sentyabrın 28-də Prezident İlham Əliyev qismən səfərbərlik elan etdi. Artıq döyüşləri öz ruhumda hiss etməyə başladım, işə gedərkən, Könül, sənə də, digər həmkarlarıma da hər an Ordu sıralarına çağırıla biləcəyimi dedim. Elə də oldu, axşam atam zəng etdi ki, sənə çağırış gəlib. Bu çağırışı canla-başla yerinə yetirməyi isə həyatımın ən müqəddəs amalı hesab edirdim, çünki tarix bizə, Azərbaycan oğullarına şans vermişdi.

Səfərbərlik Xidmətinin Şamaxı rayon Şöbəsinə getdim, qeydiyyatdan keçdim və əmr əsasında təyin olunan yerə yollandıq.  

- İstiqamətiniz hara idi?

- Goranboyun Yuxarı Ağcakənd kəndinə... El arasında Ballıqaya kimi tanınır, Murov dağının ətəyində yerləşir. Biz səhər saatlarında ünvana çatdıq, amma kənddə işıq yanmırdı, eyni zamanda bütün avtomobillər də işıqları söndürərək hərəkət edirdilər. Çünki hər an həmin ərazilərin vurulmaq ehtimalı var idi. Bizi aparan maşın düz dərənin kənarından keçirdi, sözün düzü avtomobilin hər an aşacağını gözləyirdim – avtomobili qaranlıqda işıqsız idarə etmək çox çətindir. Ancaq sürücü peşəkar idi, avtomobil dərəyə yuvarlanmadı. Biz Ballıqayaya çatanda raket, top səslərini eşitməyə başladıq. Elə ilk gündən qulaqlarımız bu səsə vərdiş etməyə başladı.

- Artilleriya atəşinə məruz qaldınız?

- Əvvəlcə onu deyim ki, müharibənin içində olduğumuz üçün bütün zabitlər, əsgərlər bir-birinə “qardaş” deyə müraciət edirdi. Rütbə, vəzifə fərqi özünü göstərmirdi, hamımız çəkici bir nöqtəyə döyürdük, o nöqtə də ermənilərin məhv edilməsi məramı idi. Gündən-günə top atəşlərinin, Ballıqayaya düşən top mərmilərinin səsi daha da yüksəkdən gəlirdi, dalğanın yaratdığı titrəyiş içimizi silkələyirdi. Artıq ölümün düz burnumuzun ucunda olduğunu hiss edirdik. Düzdür, Ordumuz artıqlaması ilə adekvat cavab tədbirləri həyata keçirirdi. Lakin Ermənistan tərəfi yenə də yerləşdiyimiz yeri dəhşətli dağıntıya məruz qoymaq niyyətlərindən əl çəkmək istəmirdi. Məhz bu tarixlərdə bizə həyəcan siqnalı verildi. Səbəb isə bu idi ki, Ermənistan tərəfi biz olduğumuz ərazini bombardman etmək üçün qırıcı qaldırmışdı. Sığınacaqda ikən gözüm elə səmada idi, bombardmandan qorunmağın yollarını düşünürdüm. Lakin xoşbəxtlikdən və Ordumuzun adekvat tədbirləri ilə aviazərbələrə tuş gəlmədik.

Oktyabrın 8-də səhər saat 6-ya 10 dəqiqə qalmış briqadanın ərazisi top atəşlərinə məruz qaldı, sanki kazarmada 10 ballıq zəlzələ oldu, hələ mərminin yaratdığı dalğanın təsirini də bura əlavə etsək, o anı sözlə təsəvvür etmək çətindir. Bəzilərimiz sürünə-sürünə, bəzilərimiz isə cəld qaçışla sığınacaqlara getdik. İntensiv artilleriya atəşləri zamanı özümü itirmədim, soyuqqanlı idim, panikaya düşmədən cəld şəkildə formamı tam geyindim. Çünki bu səslər mənim üçün yeni deyildi, Tovuz döyüşlərini jurnalist kimi işıqlandırarkən də təhlükə ilə üzləşmişdik. Bununla belə ehtiyatı qəti əldən vermirdim, belə məqamda ən pis şey arxayınlıqdır.

Mərminin küt vıyıltı səsi eşidiləndə dərhal istinad divarında palçığın içinə uzanırdım, neçə dəfə mərmi düz yaxınlığımıza düşdü, bizi isə istinad divarı qoruyurdu. Xoşbəxtlikdən və komandirlərin düzgün əmr və komandaları sayəsində şəhid və yaralanan olmadı. Bir müddət sonra intensiv artilleriya atəşləri nisbətən səngidi, lakin təhlükə sovuşmamışdı. Təcili şəkildə dislokasiya olunduq, meşəlik ərazilərə getdik.

- Orada sizi hansı çətinliklər gözləyirdi?

- Hər cür çətinlik. Ən birincisi, dislokasiya belə təhlükəni sovuşdurmamışdı, hələ də intensiv artilleriya atəşləri olurdu. İkincisi, yer dəyişilən gün palatka qurulmadı. Normaldır, müharibə şəraitidir. Meşəlikdə özümüzə yer düzəltdik, şaxları yığıb üstündə yata biləcəyimizi zənn edirdik. Ancaq birinci gecəni demək olar ki, heç kim yatmadı, çünki Murovun soyuğu, torpaqdan gələn nəmişlik yatmağa imkan vermirdi. Ocaq qalamaq, peç yandırmaq olmazdı, əks təqdirdə atəşlə öldürülə bilərdik. Səhərə qədər yuxusuz qaldıq, gəzişdik ki, soyuq tutmasın. Səhər tezdən 6-da bir az gözümün yuxusunu almaq istədim, elə gözüm təzə yumulurdu ki, top atıldı, dərhal həyəcan verildi, biz də meşəlik əraziyə nisbətən təhlükəsiz yerlərə səpələndik.

Üç gün palatkasız qaldıq, yalnız plaş-çadırın altında, 2-3 nəfərə düşən bir yataq kisəsində yatırdıq. Əgər ona da yatmaq demək olarsa... Gecə saat 3-dən sonra yatmaq müşkülə çevrilirdi, soyuq adamın iliyinə işləyirdi.

Sonrakı günlərdə təminat yaxşılaşdı, palatka gəldi, artıq arxa cəbhədən də bizə yardımlar edilirdi. 15 günlük meşədə keçən günlərimizdə bir dəfə də etiraz etmədim, heç nəyə deyinmədim, çünki müharibə belə olur. Hətta bundan da çətin vəziyyətlərə düşən döyüş yoldaşlarımız göz önünə gələndə öz şəraitimizdən gileylənməyə mənəvi haqqımız yox idi. Zabitlərimiz isə özlərini əsgərlərdən ayırmırdı, hətta biz palatkada qalanda belə, onlar çox şəraitsiz yerdə yerləşmişdilər.

- 44 günlük müharibə dövründə cəbhənin hansı istiqamətlərində oldunuz?

- Bizi həmləyə hazırlayırdılar, ona görə də elə Ballıqaya ərazisində qaldıq. Belə deyim, sırf hücum edəcək taborun tərkibində idim. Digər taborlar isə müdafiədə idi, ona görə də, onları postlara müdafiəyə qaldırmışdılar. Bizə isə güclü təlimlər keçirilirdi - qaçış, sürünmək, silahla, sursatla dağlıq və çətin relyefdə irəliləmək və s. Düzü çox çətinlik çəkmirdim, çünki həm siqaret çəkən deyiləm, həm də fiziki hazırlığım normaldır.

Nəhayət, noyabrın 9-u biz hazırlandıq, hücuma gedirdik. Düzü neçə dəfə bu anı yaşamışdıq, lakin budəfəki hücum tam fərqli olacaqdı. Belə anlarda ailəmə, yoldaşıma, atama, anama zəng edib yalnız hal-əhval tuturdum, əlavə bir cümlə də işlətmirdim. Hər şeyin yaxşı olduğunu deyirdim. Düşünürdüm ki, bəlkə də sonuncu dəfədir səslərini eşidirəm. Belə məqamlarda xanımıma mesajla bir cümlə yazırdım: “Övladımızı layiqli şəkildə böyüt, şəhidləri heç zaman unutmasın”.

- Yəni, döyüşlər dayandığı gün ön cəbhədə idiniz? Bəs qələbə xəbərini necə qarşıladınız?

- Ballıqaya onsuz da ön cəbhədir, amma işğaldan yeni azad edilən yerlərdə deyildik. Biz Ballıqayadan çıxacaqdıq, gedəcəyimiz istiqaməti isə demirdilər. Sadəcə çətin relyefi olan, dağlıq və meşəlik ərazidən hücuma keçəcəkdik. Hazırlandıq, noyabrın 10-u gecə saatlarında döyüş tapşırığını yerinə yetirmək üçün... Təsəvvür edin, biz açıq döyüşlərdən birinə getməyə hazırlaşarkən əsgər yoldaşlarım artıq müharibənin bitdiyini dedilər. Sevincimizdən bilmirdik nə edək, o coşqunu sətirlərlə ifadə etmək çətin olar. Çünki müharibə Azərbaycanın qələbəsi ilə başa çatmışdı və biz qalib ordunun əsgəri olmağın sevincini yaşayırdıq.

- Müharibə şəraiti çox adama bəllidir. Axşam birlikdə olub, səhər şəhid olan döyüş yoldaşlarınız oldumu?

- Bilmirəm, adını nə qoyum – talemi, qismətmi, şansmı, bəxtmi. Taborumuzun minaatan batareyası düşmən mövqelərini atəşə tuturdu, biz isə onlardan arxada idik. Hücum əmrini gözləyirdik. Bu arada hansısa əsgər minaatan batareyanın 15 əsgərinin şəhid olduğu xəbərini yaydı, hamımız pis olduq. Bilmirəm o məlumatı haradan almışdı. Az müddət keçdikdən sonra isə minaatan batareya tam tərkibdə gəldi, gördük ki, heç birinin burnu belə qanamayıb.

Halbuki onların olduğu yerlər intensiv atəşə məruz qalıb, şansları gətirib ki, düz yaxınlarına düşən mərmi partlamayıb. Ümumiyyətlə Goranboya raket də atılmışdı, hərbi hissənin yaxınlığına da düşmüşdü, amma partlamamışdı. Kəşfiyyat bölüyü daha çox çıxışlara gedirdi, onlardan azıb neytralda qalanlar da olub, amma nədənsə atəş altında olsalar da, qismətlərində ölüm yox imiş. Hamısı sağ-salamat qayıtdı.

- Müharibədən əvvəlki və indiki Aqşin Kərimov arasında hansı fərqlər var?

- Müharibə insana çox şeylər öyrədir, həm də yeni xarakter formalaşdırır. Daim ölümün ağuşuna atılmaq kimi hisslər yaşayanda insan şüurunun, ruhunun dərinliklərindən baş qaldıran yeni düşüncələrini görə bilir. Mənim də bəzi düşüncələrim dəyişdi. Müharibədən sağ-salamat qayıtmaq həyata yenidən qədəm qoymaq kimi bir şeydir, bu mənada 32 yaşımda ikinci dəfə həyata gəldiyimi düşünürəm. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri