19 
Yan
2021
20:45
327
177
5740
Virtual karabakh

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

“Bu gün bir çox ölkədə koronavirus infeksiyasına qarşı peyvənd vurulması prosesi başlayıb, təhsil prosesinin bərpa edilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan da istisna deyil və yaxın gələcəkdə Təhsil Nazirliyinin ənənəvi təhsil formasının bərpasını elan edəcəyini gözləyirik”.

Bu sözləri Media.Az-a açıqlamasında təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu proses birinci növbədə ibtidai sinif şagirdlərinə, birinci və dördüncü kurs tələbələrinə şamil ediləcək.

“Əlbəttə ki, hamını bir anda təhsilə cəlb etmək məqsədəuyğun deyil, proses mərhələli formada davam edəcək, çünki insanların bir yerə kütləvi toplanması arzuolunmaz nəticələrə səbəb ola bilər.  Yenə deyirəm, ilk növbədə təhsil prosesi ibtidai siniflərdə (birinci, ikinci siniflərdə) bərpa olunmalıdır. İbtidai sinif şagirdləri üçün onlayn təhsil almaq çətindir, onlar tədris materialını dərk etməkdə çətinlik çəkirlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, onlar artıq 11 aydır ki, onlayn təhsil alır. Buna görə həm fiziki, həm də psixoloji cəhətdən ənənəvi təhsil formasına dərhal uyğunlaşmaq çətin olacaq. Beləliklə, tədris prosesinin tədricən bərpası ən yaxşı seçimdir”, - deyə təhsil eksperti qeyd edib.

K.Əsədovun sözlərinə görə, çətin ki, təhsil prosesi bərpa edildikdən dərhal sonra şagirdlər hər gün dərslərdə iştirak etsin.

“Çox güman ki, həftədə üç dəfə dərslər ənənəvi formada, qalan günlərdə isə onlayn keçiriləcək. Düşünürəm ki, buraxılmış dərslərin əvəzini çıxmaq üçün bədən tərbiyəsi, musiqi, dünya biliklərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır, bunlar onlayn formatda da həyata keçirilə bilər. Xarici dil, riyaziyyat, kimya kimi daha əhəmiyyətli fənlər isə ənənəvi şəkildə tədris olunmalıdır. Bunun üçün münasib bir tədris proqramının hazırlanması vacibdir”, - deyə K.Əsədov fikrini tamamlayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri