24 
Yan
2021
11:00
617
23
3531
Virtual karabakh

Vətən müharibəsinin qəhrəmanı, şəhid Azad Hümbətovun anası: “Arzusu oğluma canı bahasına başa gəldi”

İkinci Qarabağ müahribəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hümbətov Azad Arif oğludur.

Şəhid Azad Hümbətov 1996-cı il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib.

2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olan A.Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi alaraq başa vurub.

Təyinatı üzrə elə eyni ildə Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə xidmətini davam etdirib.

Şəhidimiz 2018-ci il “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Daha sonra “Silahli Qüvvələrin 100 illiyi” medalı ilə təltif olunub.

A.Hümbətov vətəninə, torpağına bağlı qəhrəman oğullardan biri olub. Həyatını hərbiyə bağlayan qəhrəman şəhidimiz Silahlı Qüvvələrin təlim və tədris mərkəzində 45 günlük zabit heyətinin təkmilləşdirmə kursunda iştirak edib. Kursu müvəffəqiyyətlə başa vurduğu üçün baş leytenant rütbəsi alıb.

Müharibənin başladığı ilk günlrdən A.Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edir. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir.

Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşür. Özü ayağından yaralanır. Lakin buna baxmayaraq tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayır və yaralı silah yoldaşını 25 km belində daşıyaraq meşə ərazisinə gətirir.

Çətinliklə 2 gün yaralı halda öz döyüş yoldaşını daşıyır və nəhayət 2 gündən sonra öz döyüş postlarına gəlib çata bilir. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığı üçün onu müalicə almaq üçün Beyləqana göndərirlər. Lakin, A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.

Şəhidin anası Leyla Hümbətova Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı oğlunun torpaqlarımızın işğaldan azad olunması üçün gözünü qırpmadan canını belə verəcəyini bildiyini deyib:

“Oğlumun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub. Hər bir vətəndaşımızın arzusu budur. Azad həmişə deyirdi ki, torpaqlarımızı işğaldan azad edib üçrəngli bayrağımızı orada dalğalandıracam. Bu arzu oğluma canı bahasına başa gəldi, amma Azad verdiyi sözü tutdu, arzusuna çatdı. Azad əsgərlərə bildiyi hər şeyi öyrədirdi. Öz üzərində çox çalışırdı. Xəyalları, məqsədləri çox idi, amma qismət... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Tank tağımı komandiri olan qəhrəman şəhidimiz Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olub. Dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxaran cəsur döyüşçümüz Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

A.Hümbətov İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bu gün qəhrəman şəhidimizin doğum günüdür. 25 yaşın mübarək olsun Vətən oğlu...Ruhun şad olsun.

Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Hümbətov Azad Arif oğlu ölümündən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, eləcə də  “Vətən uğrunda” medalı,  “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri