Fev
2021
20:42
84
276
5931
Virtual karabakh

Kimlərsə hisslərimizlə oynayacaq, sosial şəbəkədə özünə “hayp” tutacaq, biz də əsəbdən partlayacağıq?!

4 Fev, 2021
20:42
5931

Kimlərsə hisslərimizlə oynayacaq, sosial şəbəkədə özünə “hayp” tutacaq, biz də əsəbdən partlayacağıq?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Azərbaycan tarixinin ən şərəfli müharibəsinin üstündən üç ay vaxt keçir.

Yaramız hələ də qanayır. Bizə ən böyük qələbəni yaşadan şəhidlərimiz üçün ağlayır, itkin düşən hərbçilərimizin sağ-salamat geri dönməsi üçün dua edirik. 

Bizim əlimizdən dua etmək gəldikcə, itkin düşmüş hərbçilər barədə isə müvafiq orqanlar iş aparır. 

Amma kimlərsə yoxlanılmamış bir şaiyəni atır ortalığa və aləm dəyir bir-birinə. Bu isə cəmiyyətdə haqlı olaraq hiddət yaradır. 

Və bu gün məlum olur ki, guya iki oğlunu itirən anaya heç kim yiyə durmur. Bunu yazıb tirajlayanlar da iddia edir ki, baxın bu dövlət, bu da Müdafiə Nazirliyi. İki oğlu birdən aparıblar cəbhəyə, ikisi də itkin düşüb, ikisinin də aqibəti ilə maraqlanan yoxdur. 

İndi siz övladları müharibə nəticəsində itkin düşmüş valideynləri bir düşünün. Yəni onlara söz çatdırırlar ki, daha övladınızın ölüsünü-dirisini gözləməyin. Başınıza çarə qılın. Vəssalam. 

Bu gün səhərdən sosial şəbəkələrdə içimizi ağrıdan xəbəri şəxsən mənim etibar etdiyim, inandığım insanlar paylaşdı. Biri tanınmış jurnalist Ləman Ələşrəfqızı, digəri hüquqşünas Fərhad Mehdiyev oldu. 

Sosial şəbəkədə böyük kütləsi olan səhifələr də tirajladı. Məsələn, Azərbaycanın ilk müstəqil qəzeti və azad mətbuat ideyasına və prinsiplərinə sadiq olduğunu yazan “Azadlıq” qazetinin facebook səhifəsi yazdı ki, Rəna xalanın iki oğlu da ikinci Qarabağ müharibəsində itkin düşüb. Rəna xala Hövsan qəsəbəsində kirayədə yaşayır, ağır şəkər xəstəsidir. Uşaqlarını min bir əziyyətlə, dəmir yığaraq, ağır şəraitdə böyüdüb. Əsgər Kazimov Valid Arzu oğlu, əsgər Kazımov Azər Arzu oğlundan 4 aydır xəbər yoxdur. Sonuncu dəfə 27 sentyabrda danışıb. 

İnsanlar xəbəri oxuyub Müdafiə Nazirliyinə də, bu işləri aparanlara da haqlı olaraq qarğış-nalə tökməyə başladı. 

Tanınmış jurnalist Ləman Ələşrəfqızı isə bu gün Rəna ananı efirə dəvət edir və danışdırır. Ana da ağlayıb-sızlayır ki, bəs iki oğlumu da cəbhəyə göndəriblər, itkin düşüblər, heç kim də bu yetimləri axtarmır.

Hələ Ləman xanım bir dənə də hiddətli “post” yazır “Facedook”da: “İki oğlu itkin düşən ana - Rəna Kazımova bu gün LAF TV-nin qonağı oldu. 1-ci qrup əlildir ana, şəkər xəstəsidir, qəza keçirib, nitqində qüsur var. Buna rəğmən, iki oğlunun ikisini də cəbhəyə aparıblar. Niyə, ay qansızlar? Hansı məmur balasının, hansı pullunun yerinə bu uşaqları qabağa itələdiniz? Heç olmasa birini apara bilməzdinizmi? Yaxşı, bəs indi niyə çağırışçınızın aqibəti ilə maraqlanmırsız? Bu ananın gözünün yaşından utanırsızmı heç? Sizdə utanan üz hanı? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi, harda ölüb qalmısan? Bir hərəkətə keç. Axtarsaq, səfərbərlik vaxtı yüz cür rüşvət əməlləriniz ortaya çıxacaq”.

Biz də baxırıq efirə, əsəbdən, hiddətdən bilmirik nə edək. Söyüb-söylənirik. 

Fərhad müəllim də buna oxşar post yazır: “Necə səsimizi eşitdirək Müdafiə Nazirliyinə, ölkə başçısına? Axı bu dərdi heç yad adamın ürəyi də götürə bilmir. Bu qadının övladları niyə axtarılmır, niyə tapılmır? Lap torpaq altında olsalar da, dağlarda qarlar altında gizlənmiş olsalar da...”

İnsanlar da bir-birinə baxıb bu məlumatı tirajlamağa başladı. 

Axşam tərəfi də məlum olur ki, "Qafqazinfo" məsələni araşdırıb. Aydın olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. Bir il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb. 

Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da “Qafqazinfo”ya bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.  

Bunu oxuyandan sonra da adam özünü rəsmən axmaq hiss edir. Deməli, kimlərsə bizim hisslərimizlə oynayacaq, sosial şəbəkədə özünə reytinq, ya da “hayp” tutacaq, biz də əsəbdən partlayacağıq?! 

Ləman xanımın jurnalist həmkarları da deyir ki, artıq neçənci dəfədir ki, hər yerdə özünə köhnə ANS-çi deyən Ləman xanım məsələni araşdırmadan, özünə sərf edən tərzdə yanlış xəbərlər yayır. Həmkarları da bildirir ki, artıq onun dediyinə inanmırlar.  

Bu dəqiqədən sonra özümə söz verdim ki, sosial şəbəkədə yayılan heç bir qazi və şəhid xəbərinə inanmayacağam. Sizə də onu məsləhət görərdim. Kiminsə əlində alət, oyuncaq olmayın. Küyə düşüb, kimlərinsə məqsədə çatmasına yardım etməyin. Bir də bu şüvənliyə son qoymaq lazımdır. Elə bil meydan tamaşasıdır, kim harada, nə istəyir, deyir. 

Bu gün onsuz da bizim hamımız üçün ən həssas məqam olan şəhid və qazi mövzusunda kifayət qədər spekuliyasiya edənlər var. Onlara adlı-sanlı adamlar da qoşulanda vəziyyət lap biabırçı olur. 

Mən isə bu gün həqiqətən itkin düşmüş övladlarının yolunu gözləyən valideynlərin yanında utandım. Çünki hamımız onların ən böyük ümidinin zəhərə çevrilməsinə çalışdıq. Bunu bacardıq!

Kül başımıza. Ağı qaradan ayırd etmədiyimiz üçün...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri