15 
Fev
2021
22:03
53
413
2005
Virtual karabakh

Həkim Elvin Əzizov: “Azərbaycanda bir çoxları peyvənd olunmaq istəyir”

15 Fev, 2021
22:03
2005

Həkim Elvin Əzizov: “Azərbaycanda bir çoxları peyvənd olunmaq istəyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya və COVID-19 nəticəsində baş verən ölümləri nəzərə alsaq, peyvənd koronavirusdan birdəfəlik yaxa qurtarmaq üçün yeganə vasitədir”.

Bunu Media.Az-a müsahibəsində həkim-otolarinqoloq, tibb elmləri namizədi Elvin Əzizov Azərbaycanda əhalinin peyvənd olunması ilə bağlı davam edən kampaniyanı şərh edərkən deyib.

Elvin Əzizov ölkəmizdə koronavirusla mübarizəyə başlayan ilk həkimlərdən biridir. O, pandemiyanın ilk vaxtlarında COVID-19-un Azərbaycana nüfuz etməsinin qarşısını almaq üçün İranla sərhədə göndərilib. Bu günə qədər həkim koronavirusa yoluxanları müalicə etməyə və onlara lazımi məsləhətlər verməyə davam edir.

Xatırladaq ki, yanvarın 18-dən etibarən ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya başlayıb. İlkin mərhələdə tibb işçiləri, fevralın 8-dən başlayaraq isə 65 yaşdan yuxarı şəxslər peyvəndlənmə prosesinə cəlb edilib.

E.Əzizov hesab edir ki, yaşlılar immun sistemini zəiflədən yanaşı xəstəliklərə qarşı daha həssas olduğundan, onların vaksinasiyası mütləq xarakter daşıyır.

“65 yaşdan yuxarı insanlar xarici faktorlara, o cümlədən viruslara qarşı daha həssas olurlar, çünki yaş artdıqca bədənin maddələr mübadiləsi zəifləyir, əzələ toxumasının həcmi azalır və hüceyrələr daha ləng işləməyə başlayır.

Yaşlı insanların risk qrupunda olması aydın məsələdir. Pandemiyanın pik dövründə ən böyük ölüm səviyyəsi məhz 65 yaşdan yuxarı şəxslər arasında idi. Bu səbəbdən də sözügedən yaş qrupundan olan vətəndaşlar mütləq peyvənd olunmalıdır”, - deyə həkim bildirib.

E.Əzizov cəmiyyətdə koronavirusa qarşı vaksinasiya ilə bağlı şübhələrin üstünlük təşkil etməsi fikri ilə razılaşmır.

“Əksinə, hazırda bir çox şəxslər tibb müəssisələrinə müraciət edir, peyvənd olunmaq istədiklərini bildirirlər. İstənilən məsələ ilə bağlı fərqli fikir və yanaşmaların olması normaldır. Sadəcə inamsız insanlara izah etmək lazımdır ki, bu vaksin təsir prinsipinə görə, başqalarından xüsusilə fərqlənmir. Bundan əlavə, hər hansı bir peyvənd kütləvi istifadədən əvvəl bir neçə sınaq mərhələsindən keçir. Peyvənd əvvəlcə dozanı müəyyənləşdirmək üçün kiçik bir qrupa verilir. Sonra çoxsaylı könüllülər üzərində sınaqdan keçirilir. Yalnız bütün bu tədqiqatların nəticələrinə əsasən son qərar verilir”, - deyə E.Əzizov qeyd edib.

Həkim ölkə vətəndaşlarını koronavirusun üçüncü dalğasından qorumaq üçün əhalinin vaksinasiyasının zəruri tədbir olduğunu bildirib.

“Kütləvi immunitetin formalaşması üçün peyvənd prosesi ölkə əhalisinin 70%-ni əhatə etməlidir. Əgər əhatə dairəsi az olsa belə, hər halda vaksinasiya virusun yayılma sürətini əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə E.Əzizov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri