27 
Apr
2021
13:30
7
98
5795
Virtual karabakh

Xroniki böyrək xəstələri peyvənd ola bilərmi? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev nazirliyin rəsmi saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Böyrək xəstələri COVID-19 risk qrupları sırasına aid edilirmi?

- Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir.

- Böyrək xəstələri COVID-19-a qarşı hansı tədbirləri görməlidir?

- Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə, dərhal həkimə müraciət etməlidir.

- COVID-19-a qarşı risk dərəcəsinə görə kəskin və xroniki böyrək xəstələri arasında fərq varmı?

- Həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha həssas qrup hesab edilir.

- Böyrək xəstəliyi və COVID-19 müalicəsi necə aparılır?

- Böyrək xəstəlikləri olan şəxslərdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir.

- Ən çox verilən suallardan biri də odur ki, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar COVID-19-a qarşı peyvənd oluna bilərmi?

- Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.

Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri