17 
May
2021
18:16
138
16
3274
Virtual karabakh

Torpaqdan qanuni istifadə nədir?

17 May, 2021
18:16
3274

Torpaqdan qanuni istifadə nədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir. Görülən tədbirlərə baxmayaraq bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur.

Torpaqlar istifadə və icarəyə verildikdə rəy alınmalıdır

Azərbaycan Respublikasının 12 may 2020-ci il tarixli müvafiq Fərmanı ilə təsdiq olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə görə ki, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı Xidmətin rəyi alınmalıdır. Yəni yerli icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və ya istifadəyə ayrılması barədə qərar qəbul edilənədək və torpağa dair icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy verilməlidir.

Torpaq sahələri yerquruluşu işləri əsasında ayrılır

Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müvafiq qərar qəbul edilənədək həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Torpaq sahələri “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, yerquruluşu xəritəsi və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında ayrılır. Torpaqla bağlı yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Yerquruluşu işləri nə üçün lazımdır?

Yer quruluşu işlərinin aparılmasının əsas səbəbi ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşmanın təmin edilməsidir. Bu isə ayrılan torpaqların ərazisinin eyni sahəyə düşməsinin qarşısını alır. Bu işlər sayəsində həm dövlətin, həm də vətəndaşın maraqları qorunur.

Belə olan halda vətəndaş qeydiyyatla bağlı maneələrlə qarşılaşmır, torpağı düzgün istifadə edə bilir. Dövlətə verdiyi əsas fayda isə gələcəkdə dövlət ehtiyacları üçün torpaqların geri alınmasında çətinlikləri aradan qaldırır, əlavə xərclərin yaranmasının qarşısını alır.

Rəy verilərkən diqqət edilən məsələlər

Rəy verildikdə torpağın təyinatından irəli gələn məsələlər aydınlaşdırılır, torpaqların hansı kateqoriyaya və kateqoriya daxilində hansı uqodiyaya aid olması araşdırılır, torpaqların magistral neft, qaz, su boru kəmərlərinin mühafizə zolaqlarında yerləşib-yerləşməməsi müəyyən edilir. Bundan başqa rəylərin verilməsi torpağın şəhərsalma planlarına uyğun gəlib-gəlməməsini, başqa şəxslərin istifadəçiliyində olub-olmamasını müəyyənləşdirir.

Torpaqların rəy olmadan ayrılmasının fəsadları

Torpaq sahələrinin qanunvericiliyin tələbləri pozulmaqla, Xidmətin rəyi olmadan verilməsi sonradan sənədləşmə prosesində çətinlik yaradır. Belə ki, vətəndaşlar rəy alınmayan torpaqlarda tikinti aparır.

Daha sonra müvafiq qeydiyyat prosedurunu yerinə yetirəndə isə ilkin hüquqi sənədlərin çatışmazlığı problemi ilə üzləşir. Həmçinin belə qaydada torpaq sahələrinin ayrılması ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərə ciddi maneələr yaradır.

Vətəndaşlar bilməlidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi olmadan ayrılan torpaq sahələrinin istifadəsi qanunsuz hesab edilir və burada tikinti aparmaq qeyri-leqaldır. Qanunvericilik çərçivəsində ayrılan torpaq sahələrinə və onların üzərində yerləşən tikililərə sonradan vətəndaş rahatlıqla mülkiyyət və digər əşya hüququ əldə edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri