22 
May
2021
14:06
101
39
3755
Virtual karabakh

Parlamentin iclasından REPORTAJ: Kimisi məhkəmə hakimlərinin maaşlarının tutulmasından danışır, kimisə də...

22 May, 2021
14:06
3755

Parlamentin iclasından REPORTAJ: Kimisi məhkəmə hakimlərinin maaşlarının tutulmasından danışır, kimisə də...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 21-də Milli Məclisin növbəti plenar iclasını işıqlandırmaq üçün akkreditasiyadan keçən jurnalist kimi ali qanunverici orqana yollanıram. Bir az tez getmişəm, iclasda iştirak edəcək KİV nümayəndələrinin siyahısı gəlməyib deyə, çöldə gözləyirəm, reportaj hazırlamaq üçün müşahidələr aparıram.

Yenə bir neçə şikayətçi Milli Məclisin önünə gəlib və hansısa deputatın qəbuluna düşmək istəyirlər.

Söhbət bu mövzudan düşmüşkən, seçicilər üçün də vacib bir məqamı qeyd etməliyik ki, prosedurdan xəbəri olmayanlar oxuyub məlumatsınlar. 

Kim qəbula düşmək istəyirsə...

Deputatın qəbuluna düşmək üçün qrafik var, vətəndaşlar bu qrafiklə bağlı parlamentlə əlaqə saxlayıb, adını qəbula yazdıra bilər. Zənnimcə, deputatlar qəbula yazılan seçiciləri dinləməyi qarşılarına məqsəd qoyublar, axı altıncı çağırış Milli Məclis qarşısında qoyulan ən vacib tapşırıqlardan biri də seçicilərlə sıx işləməkdir.

Yox, əgər siz adınızı qəbula yazdırmadan gəlirsinizsə, o zaman bunu başa düşmək lazımdır: Deputatın da qrafiki sıx olur- iclaslar, görüşlər, mediaya müsahibələr, qanun layihələrini oxumaq və sair. Bəlkə də bunların heç birini etməyənlər və ya “xala xətri qalmasın” prinsipi ilə edənlər var, lakin obyektivlik naminə deyək ki, bir çoxu var gücü ilə çalışır.

Ona görə də, qəbula gəlməzdən öncə qəbul günləri haqqında parlamentdən məlumat almaq yaxşı olardı.

Şikayətçi nə istəyir?

Bir şikayətçi diqqətimi çəkir, iclasa gələn deputatların hamısına yaxınlaşır. Bilmirəm səbəbi nədir, motivlər barədə heç maraqlanmıram da. Lakin bir-bir hamısına yaxınlaşmaq nəsə mənə qəribə gəlir – burada güclü şəxsi mənafeyin olduğuna dair məndə şübhələr yaranır.

Bu fikrimi gücləndirən faktlardan biri də fotolardır, ancaq etik hesab etmədiyimdən həmin fotoları yayımlamıram.

Nəysə, jurnalistlər də gəlirlər, görüşüb söhbətləşirik, son zamanların ən böyük problemi olan kökəlməkdən bəhs edirik, kimisi də arıqlamaq üçün “respetlərini” verir.

Nəhayət Milli Məclisə daxil oluruq, yoxlamadan keçib smartfon tipli telefonları təhvil veririk. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, gəlir, bizimlə salamlaşır, lakin qrafikinin çox sıx olduğunu müşahidə etmək də çətin deyil. Tələsik, hətta deyərdim ki, qaçaraq yuxarı mərtəbəyə qalxır.

Açığı Zahid Oruc el dili ilə desək, işləyən deputatdır, həm görüşlər keçirir, həm mətbuata müsahibələr verir, həm də qanun layihələrini dərindən incələyir. Bu, reallıqdır, hərçənd ki, dəfələrlə Zahid müəllimin bəzi fikirlərini tənqid də etmişəm.

İclasda – kim nə dedi?

İclas başlayır, spiker Sahibə Qafarova İtaliyaya səfərini parlament diplomatiyası nöqteyi-nəzərindən şərh edir, Avropa Parlamentinin Azərbaycanda saxlanılan erməni terrorçuları hərbi əsir kimi tanıyan, onların həbsdən buraxılmasını tələb edən qətnaməsini tənqid edir.

Birinci dəfə deyil ki, Avropa Parlamenti Azərbaycana qarşı bəyanat və ya qətnamə qəbul edir. Sahibə xanım Qafarovanın dediyi kimi, bu qətnamələr kağız parçasından başqa bir şey deyil, heç bir hüquqi qüvvəsi yoxdur.

Ardınca gündəm mövzularla bağlı məsələlər barədə fikir bildirmək üçün vaxt ayrılır.

Görək deputatlar mikrofonu açıb nələri deyirlər? Fəzail Ağamalı Azərbaycana əks cəbhədə dayanan xarici mövqelərlə bağlı parlamentin xüsusi iclasının keçirilməsinin vacibliyini dilə gətirir.  

Əli Məsimli isə yenə də bahalaşmadan danışır, çıxış yollarını göstərir. Əli müəllim, sağ olun, imkanlı adamdan tutmuş aztəmiantlı ailələrə qədər hamını düşündürən problemi həmişə qaldırırsınız, dəfələrlə bahalaşma əleyhinə tezislərinizi təkrarlayırsınız.

İctimai rəy sizin çıxışlarınızı təqdir edir, amma təəssüf ki, siz danışdıqca, bahalaşmanın da miqyası genişlənir. Tərs mütənasiblik təbii ki, sizlik deyil, sadəcə kimlərsə sizin etirazlarınızdan sonra sanki daha da qıcıqlanır, vəcdə gəlir.

Bahalaşma üçün səbəblər də var, özünüz deyirsiniz, lakin süni bahalaşmanı edənlər yəqin ki, gecələri çox rahat yatırlar deyə, zərrə qədər də ədaləti göz önünə gətirmirlər.

Neçə vaxtdır müalicə səbəbi ilə parlamentin iclaslarında iştirak etməyən Əli Məsimlinin dostu Vahid Əhmədov da söz alır. Vahid müəllim Prezident İlham Əliyevin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirdiyi bəyanatları şərh edir, Azərbaycan-ABŞ hərbi əməkdaşlığının mümkünlüyündən danışır, lakin onu da əlavə edir ki, hər şey Dövlət Departamentindən asılı olacaq.

Zahid Oruc isə Ermənistanda müharibə vaxtı fərarilik hallarından söhbət açır, təklif edir ki, onlar Azərbaycan həbsxanalarına gətirilsin, çünki onlar bizə qarşı atəş açmaqdan imtina ediblər. Deyir ki, Azərbaycan həbsxanaları erməni hərbçilər üçün ən təhlükəsiz yerdir.

Cari məsələlərin müzakirəsindən diqqətimi daha çox bu fikirlər çəkdi, indi kiminsə çıxışı barədə yazmadımsa, yəqin ki, oxuyub inciməz.

Məhkəmələrə hakim təyinatları

Ali Məhkəmə də daxil olmaqla bir sıra məhkəmələrə hakimlərin təyin olunması məsələsinə baxılır.

Diqqətimi Qüdrət Həsənquliyevin çıxışı çəkir. Kimin Qüdrət Həsənquliyevə münasibəti necədir, müzakirə bu deyil.

Şəxsiyyətə münasibətdən çox dedikləri fikirlərə diqqət çəkərək onun çox haqlı olduğunu düşünürəm.

Cənab Həsənquliyev deyir ki, Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə çıxış etmir.

Düzdür, ümumiyyətlə son illərdə biz parlament jurnalistləri də Ali Məhkəmənin belə bir təşəbbüsdə olduğunu görməmişik.

Maraqlıdır ki, məhkəmə-hüquq sistemi ilə bağlı qanun layihələrinin çoxu hakimiyyətin icraedici qanadından gəlir. Halbuki bu məsələdə Baş Prokurorluq və Ali Məhkəmə önə çıxmalıdır.

Vəziyyətin belə olmasının hansı mümkün mənfi nəticələr doğurması hallarına gətirib çıxardığı barədə uzun-uzadı yazmaq lazım deyil.

Ümumiyyətlə isə, son bir neçə ildə Ali Məhkəmə, Baş Prokurorluqla yanaşı qanunvericilik təşəbbüsü ilə nə deputatlar, nə də Naxçıvan Ali Məclisi çıxış edir.

Bu isə mərkəzi icra hakimiyyətinin işini ağırlaşdırır, əlavə yük deməkdir.

Siyavuş Novruzov isə təklif edir ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulsun. Siyavuş müəllim səhv etmirəmsə, bir dəfə də belə fikir səsləndirmişdi, valla Siyavuş müəllim, bilmirəm niyə siz hakimlərin pulunu “mühakimə edirsiniz”, amma təklifiniz məntiqli səslənir.

Bir sözlə, məhkəmələr barədə fikirlər səslənir, amma nədənsə çıxış edən deputatların hamısı qanun layihələrinə səs verəcəklərini deyir.

Sabir Rüstəmxanlı isə həbsdə olan jurnalist Niyaz Niftiyevin azadlığa buraxılması məsələsini qaldırır...

Çıxışlardan sonra, məsələlər səsə qoyulur, səsverməni əks etdirən tabloya baxıram, gözlərim məni yanıltmırsa, hakim təyinatları ilə bağlı sənədlərin hamısının lehinə səs verilib – nə bitərəf qalan var, nə də əleyhinə olan.

İstənilən halda, yeni hakimlərə işlərində hüquqi ədalət prinsiplərini əsas tutmalarını istəyirik, onlara uğurlar arzulayırıq.

Fasilədən sonra İrana “atəş açılır”

Fasilədən sonra bir sıra qanun layihələrinə birinci oxunuşda baxılır. Onların adını, mahiyyətini uzun-uzadı yazıb oxucunu yormaq istəməzdik.

Fasilədən sonra edilən çıxışlar zamanı ikisi daha çox marağımı çəkir.

Deputatlar Sahib Alıyev və Musa Qasımlı İranla sərhəddə baş verən insidentlərə münasibət bildirirlər.

Musa Qasımlı sərhədi pozanların amansızlıqla məhvinin zəruri olduğunu deyir.

Musa müəllim deyir ki, sərhəd pozucuları İrana ekstradisiya olunandan sonra yenidən Azərbaycanda peyda olur.

“Belə görüntü yaranır ki, Azərbaycana qarşı artıq şəbəkə yaradılıb. Dövlət sərhədini kim pozursa-pozsun amansızlıqla məhv edilməli, bu, hər kəsə dərs olmalıdır”,-deyə M.Qasımlı bildirir.

Musa müəllim, bir dəfə həmkarınız Aqil Abbas da analoji məsələni qaldırmışdı, ancaq ekstradisiya bildiyimiz qədəri ilə prosedurlara əsasən həyata keçirilir.

O başqa məsələ ki, bəlkə deputat kimi sizlərə ciddi siqnallar daxil olub, üstüörtülü də olsa, təhlükənin miqyasını çatdırırsınız və düz də edirsiniz.

Hə, az qala yaddan çıxmışdı: İclasda virtual dostlarını təhqir edən deputat Etibar Əliyev də çıxış etmişdi. Amma o çıxış edərkən jurnalistlərin çoxu əlini noutbukun klaviaturasına belə toxundurmurdu. Düzü nədən danışdığı da heç yadımda deyil...

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri