24 
İyn
2021
11:48
365
46
3268
Virtual karabakh

Azərbaycanda peyvəndləmənin müsbət nəticəsi: Ölüm sayı sıfıra enib, yoluxma kəskin azalıb - AÇIQLAMA

24 İyn, 2021
11:48
3268

Azərbaycanda peyvəndləmənin müsbət nəticəsi: Ölüm sayı sıfıra enib, yoluxma kəskin azalıb - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir ildən çoxdur koronavirus infeksiyası bütün ölkələrdə insanların gündəlik həyat tərzinə ciddi təsir göstərib. COVID-19 pandemiyası bütün dünya ölkələrində nəinki sosial vəziyyətə, eləcə də iqtisadi-siyasi sferalara da təsirsiz ötüşməyib.

Azərbaycanda zamanında görülən qabaqlayıcı tədbirlər bu gün pandemiya ilə bağlı ölkəmizdəki vəziyyətin digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı olduğunu göstərir.

Son bir neçə günün koronavirusa yoluxma statistikasında COVID-19-dan ölənlərlə bağlı rəqəm demək olar ki, sıfıra enib. Bu da bir neçə səbəblə bağlıdır ki, onlardan biri ölkədə aparılan düzgün vaksinasiya strategiyasının tətbiq edilməsidir.

Ötən dövrlərlə müqayisədə gündəlik yoluxmanın sayı da kəskin aşağı düşüb.

Belə ki, pandemiya dövründə koronavirus xəstələri ilə çalışan həkimlərimizdən olan infeksionist Nicat Əzimli Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə artıq bir neçə aydır ki, COVID-19 pandemiyasi əleyhinə aktiv şəkildə vaksinasiya aparılır:

“Düşünürəm ki, vətəndaşlar arasında vaksinasiya ilə bağlı aparılan düzgün təbliğatın nəticəsidir ki, hazırda yoluxma sayında ürəkaçan rəqəmləri görürük. Gündəlik yoluxma sayında ötən dövrlərlə müqayisədə ciddi azalma müşahidə edilir. Lakin insanlar yoluxma sayının azalmasını görüb, karantin qaydalarına qarşı laqeyd yanaşmamalıdır. Bu, müvəqqəti də ola bilər. Çünki əhalinin böyük bir hissəsinin vaksinasiyası hələ də tamamlanmayıb. Bunun üçün daha çox zamana ehtiyacımız var.

Bundan əlavə, son vaxtlar ölkədəki hazırkı pandemik vəziyyət nəzərə alınaraq, karantin qaydalarında ciddi yumşalmalara gedilib. Lakin ətraf ölkələrə və dünyanın bir çox digər bölgələrindəki vəziyyətə baxdıqda görürük ki, yeni bir dalğa bizdə də baş qaldıra bilər. Bütün bunların məntiqi nəticəsi olaraq toplumumuzun öhdəsinə vaksinasiyada iştirak etmək, eləcə də öz ətrafında bunun təbliğatı ilə bağlı ciddi öhdəlik düşür. Vaksinasiya prosesi indiyə qədər baş vermiş istənilən epidemiya və ya pandemiyaya qarşə tək effektiv və radikal silahdır. Normal həyata dönüşün tək yolu peyvəndlənmədə iştirak etməkdir. Hər bir vətəndaşımızı bu məsələdə həssaslıq göstərməyə, normal həyata dönüş üçün birlikdə hərəkət etməyə çağırıram”.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin azalıb. İndiyədək ölkədə ümumilikdə 335 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 794 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 866 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 948, bu günə qədər isə ümumilikdə 3 698 172 test icra olunub.

Eyni zamanda Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 824 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 997 612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 082 728 təşkil edir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri