13 
İyl
2021
12:28
191
22
9997
Virtual karabakh

Şəhid polkovnik anası: “Telefonda kiməsə “heyf sənə” deyib getdi, kim olduğunu bilmədik” - MÜSAHİBƏ + FOTO

Hərbçi olmaq çox çətin və məsuliyyətli peşədir. Bu peşənin nə qədər çətin və məsuliyyətli olduğu barədə hər kəs danışır. Lakin, bu peşənin ağırlığını ən çox hərbçi ailələri yaşayır.

Hər gününü son gün kimi yaşayan hərbçilər evdən çıxarkən əzizlərini göydə Allaha, yerdə isə bir-birilərinə əmanət edirlər. “Gedib qayıtmamaq var” düşüncəsi ilə keçən bir ömür...

Ömrünün 29 ilini hərbiyə, Vətənə xidmətə adayan, uzun illər ən çətin döyüş tapşırıqlarından belə salamat geri qayıdan polkovnik İlqar Mirzəyev bu dəfə əbədiyyən gözlərini yumdu...

2020-ci il 14 iyul... 47 yaşında şəhidlik zirvəsinə ucalan polkovnik İlqar Mirzəyev bu həyatda ən çox övladlarından nigaran idi. Özünə arxa-dayaq bildiyi oğlu Elvin, gözlərinin işığı olan qızı Gülnarənin xoş günlərini görmək arzusunda idi.

Bu sözləri Oxu.Az-a şəhid polkovnikin anası Gülnar Mirzəyeva deyib.

O deyir ki, oğlu bu gün tək onun yox, bütün Azərbaycan analarının oğlu olub:

“Necə ki mən bütün şəhidlərimizi öz balamdan ayırmıram, onlar da İlqarım üçün bir o qədər yandılar. İlqar barədə danışmaq mənə çox çətindir. Bütün Azərbaycan mənim oğlumla, onunla birlikdə qəhrəmancasına şəhid olan digər hərbçilərlə fəxr edir”.

Son illər Gülnar ana İlqar Mirzəyevlə birlikdə yaşadığı üçün bu gün onun səsi gəlməyən, özü olmayan dörd divarın onun üçün dözülməz olduğunu deyir:

“Goranboyda yaşayanda da, Şəmkirdə xidmət edəndə də mən İlqarla birlikdə qalırdım. Tez-tez balamın nəvazişləri, “anam” deyib səslənişləri yadıma düşür. İşdən yorğun gəlsə də, üzündə bir gülüş vardı. Əlləri ilə kürəyimə sığal çəkib əhvalımı soruşardı.

Həmişə iki əli ilə üzümü ovuclarının arasına alıb, “gözümün işığı, üzümə bax” deyirdi. İşdən gələndə ayaqqabılarını soyunana qədər “mama, mamulya” deyə məni səsləyərdi. Bir ildir gözlərim qapıdadı, bəlkə gələr deyə yolunu gözləyirəm. Amma İlqar gedəndən mənim evim də, ürəyim də boş qaldı. Yuxularıma gələndə uzaqdan üzümə gülüşünü görürəm, oyananda isə nə qədər axtarıramsa, tapa bilmirəm”.

Ailəsini hər şeydən əziz saxlayan İlqar Mirzəyevin zəhmli baxışı, məğrur görünüşünün altında mehriban bir insan yatırdı. Anası deyir ki, İlqar sözü bir dəfə deyərdi, amma elə deyərdi ki, heç kəsin qəlbinə toxunmazdı.

“Arzuları ürəyində qaldı. Oğlu bu il məzun oldu. Onun məzun olduğunu, ali məktəbə qəbul olmağını, Vətəninə layiqli övlad olduğunu görmək istəyərdi. Ailəsindən sonra ikinci arzusu Qarabağı azad görmək idi. Həmişə deyirdi ki, Şuşanı düşmənlərdən azad edək, məzuniyyətimi götürüb, orada illərin həsrətini çıxaracam.

Deyirdi ki, “Ana, Qarabağı alım, səni o cənnət torpaqlara aparacam”. Bu gün Azərbaycanın rəşadətli ordusu oğlumun qisasını yerdə qoymadı. Uğrunda canından keçdiyi torpaqlarda daha düşmən gəzmir”.

Tovuz döyüşləri başlayan günü İlqar Mirzəyevin telefonuna zəng gəlir. O telefon ki, heç vaxt danışıqlarını kiminsə eşitməsini istəməzdi. Yataq otağında bir neçə dəqiqə danışdıqdan sonra hazırlanıb evdən çıxdı.

“Heyf sənə...”   

Şəhid polkovnikin anası deyir ki, bir onu eşitdim ki, kiməsə “heyf səndən” dedi:

“Otaqdan çıxanda soruşdum ki, kiminlə danışırdın. Xətrimə dəymədi, üzümə gülə-gülə dedi ki, “ana, sən kimi tanıyırsan ki? Desəm də, tanımayacaqsan”. Gördüm suallarımdan qaçır, heç nə demədim.

“Paltarlarını geyinə-geyinə məni işə çağırıblar, gedim, qayıdacam dedi. Mən də inandım. O getdi, axşam televizorda eşitdim ki, Tovuzda atışma başlayıb. İlqar artilleriya rəisi idi. Tabeliyində çox hərbçi vardı. O an başa düşdüm ki, İlqar işə getməyib, döyüşdədir. Yenə də özümü sakit saxladım. Mən bir az narahat olsam, İlqar mənim səsimdən hiss edərdi. Həmin gün zəng elədi ki, “ana qapını bağla, narahat olma. Mən bu gün gəlməyəcəm”...

Sabah döyüşlər ağırlaşdı, daha gizlədə bilmədi. Mənə dedi ki, sən nə qədər güclü olsan, mən də bir o qədər möhkəm dayanacam. Balam getdi, bizə də sağalmaz yara vurdu. Bir ildir balamın çayını, yeməyini vermirəm, qulluğunda dura bilmirəm...”.

Aprel döyüşlərində göstərdiyi şücaətə görə, onu “artilleriyanın atası” adlandırırdılar. Atışları birbaşa hədəfə düşərək, düşmənin canlı qüvvəsini, texnikasını məhv edirdi.

Anası həkim olmasını istəsə də, İlqar Mirzəyev 9-cu sinifdə oxuyanda hərbçi olacağına qərar verir. Çox dürüst, mərd insan olması ilə yanaşı, mərhəməti ilə də seçilirdi İlqar Mirzəyev.

İlqar Mirzəyevlə ailəvi dostları sayəsində tanış olduqlarını deyən xanımı Güllü Mirzəyeva onun gözlərinə aşiq olduğunu deyir.

Güllü xanım deyir ki, həyatının ən gözəl günləri onunla birlikdə əbədiyyətə qovuşdu:

“İkinci görüşümüzdə qəzetə bükülü qızılgül gətirmişdi. 1998-ci ildə onunla ailə qurdum. 1999-cu il səhər saatlarında oğlumuz Elvin anadan olanda İlqar xidmətdə idi. Dayısı zəng edib təbrik etmişdi ki, “cənab kapitan, artıq oğul atasısan”. Çox sevinmişdi. Bir buket gül ilə Elvini xəstəxanadan çıxarmağa gəldi. Gülü mənə verib, uşağı götürdü. Uzun-uzun onları seyr etdim.

2001-ci ildə qızımız dünyaya gəlməli idi. İlqar regionlarda xidmətə ezam olundu, o zaman təyinatı Gəncədə “N” saylı hərbi hissə oldu. Gülnarə anadan olanda qayınatam zəng elədi ki, “İlqar, gözün aydın, qızın oldu. Artıq ikimizin bir ağlayanı olacaq”...”

İlqar Mirzəyevin bacısı olmadığından qız övladının olmasına hədsiz sevinmişdi. Qızının 40 günlüyü çıxdıqdan sonra ailəsi onunla xidmət etdiyi bölgələrə gedir. Bu çətin, şərəfli peşəni ailəlikcə çiyinlərdə daşıyan Mirzəyevlər ailəsi tez-tez əraziləri dəyişdiyi üçün dəfələrlə hər şeyə sıfırdan başlamaq məcburiyyətində qalıblar.  

Heç olmazsa, xüsusi günləri bir arada keçirməyi arzulasalar da, ən önəmli günlərində də Vətən borcu onu ailəsindən bir addım uzaqda saxlayıb. Yaxın günlərdə ailəsi onun doğum gününü qeyd etmək üçün nə planlar qursa da, həyat onlardan xəbərsiz öz planını ortaya qoymuşdu...

“Qapını döyməsindən onun gəldiyini bilirdik...”

“O gün olmazdı ki, o, qapını döyəndə uşaqlar qapıya qaçmasın” deyən Güllü xanım, o səs üçün çox darıxdığını deyir:

“Uşaqların təhsili ilə bağlı artıq biz Bakıda qalmalı olduq. Sonuncu dəfə Qurban bayramı ərəfəsində ona sürpriz edib, Gəncəyə getmişdik. Düz 75 gün birlikdə qaldıq. Sonra biz Bakıya geri döndük. İyun ayının 3-ü işə getdi. Amma bu dəfə gedəndə özü dedi ki, “artıq uşaqlar üçün, sizin üçün çox darıxıram”. İşinə çox dəqiq idi.

İyul ayında məzuniyyətə gəlməli idi. Gəldi, amma həmişəlik...Heç kim mənim nə yaşadığımı başa düşməz. Heç kimə də arzu etmirəm ki, bunu yaşasın, başa düşsün. Çox çətindir, övladlarına, mənə, anasına çox çətindir. Hər sevincimizi ataya zəng vuraq, bölüşək deyirik. Biz bölüşürük, amma o bizə daha cavab vermir”.

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının fəxr etdiyi bir insan olacağını, onun adını daim zirvələrə ucaldacağını deyir.

Tez-tez İkinci Fəxri xiyabanda atasının görüşünə gedən Elvin onun nəvazişinə, məsləhətlərinə ehtiyac duyduğunu deyir:

“Mən bilirəm ki, atam bizimlədir. Onun nəsihətləri, onun səsinə, varlığına, gülüşünə hər gün ehtiyac duyuram. Atam çox alicənab insan idi. Əsgər, zabitlərinə qarşı da qayğıkeş idi. Ailəsini əl üstündə saxlayan bir insan idi. Atam çox istəyirdi ki, Qarabağın işğaldan azad edilməsində iştirak etsin.

Məcburi köçkünlərin həsrət qaldıqları ata yurdlarına qayıtmasını gözləri ilə görmək istəyirdi. Şuşaya bayraq sancmaq arzusu ilə son qanına qədər xidmət etdi. Onun zabitləri qisasını aldı. Bizə bu sevinci, qələbəni, zəfəri qazandırdılar. Amma nə yalan deyim, çox istəyərdim ki, atam bu dəqiqə yanımda olsun. Əlini çiynimə qoyub “oğlum” ilə başlayan cümlələr qursun. Mənim onun nəsihətlərinə hələ də ehtiyacım var”.

İlqar Mirzəyevin əşyalarını heç kimə verməyə qıymayan Elvin deyir ki, atası tək onun yox, bütün Azərbaycanın qəhrəmanıdır:

“Muzeylərdən onun əşyaları istənib. Bir neçə əşyasını artıq muzeyə təqdim etmişəm. Azərbaycan öz qəhrəmanını tanımalıdır. Amma onun son geyindiyi paltarlarını özümdə saxlayacam. Onu elə qoruyuram ki, qoxusu itməsin. Qolundan çıxarmadığı saatı var, üzərindən barıt qoxusu gəlirdi. Amma indi azalıb. Geyimlərində də qoxusu yavaş-yavaş gedir, qoruyub saxlaya bilmirəm. Amma mən atamı heç vaxt unutmayacağam. Onu tək ailəsi yox, Azərbaycan xalqı heç vaxt unutmayacaq. Hansı peşədə olmağıma baxmayaraq, vəzifə borcumu atam kimi şərəf və ləyaqətlə yerinə yetirəcəyəm”.

Şəhid polkovnikin əziz qızı Gülnarə Mirzəyeva da atası üçün çox darıxır. Övladın atası üçün darıxmasından təbii nə ola bilər ki?

Qızı deyir ki, işi nə qədər ağır olsa da, atası tapdığı 5 dəqiqəni belə onların dərsləri ilə maraqlanmaq üçün ayırardı:

“Bəzən övladlar atalarından çəkinir. Amma biz atamızla övlad kimi yox, dost kimi olmuşuq. O, bizimlə ancaq deyirdi, gülürdü. Hərbçi olduğu üçün onu tez-tez görə bilmirdik. Çox üzülürəm ki, son dövrlərdə onu ümumiyyətlə gec-gec görürdük, darıxırdıq. Təhsilimizlə bağlı biz Bakıda qaldıq, atam isə regionda xidmət edirdi.

Bayram olanda o qədər sevinirdik ki, bir gün belə itirmədən atamın yanına gedirdik. İndi düşünəndə ki, daha qaça-qaça gedəcək, görüşünə tələsdiyimiz atamız həyatda yoxdur... Çox böyük boşluqdur bizim üçün”.

Elə yaralar var ki, sağalmır. Onlar bütün çətinliklərində atalarına sığınıb, ona güvənərək hər şeyin öhdəsindən gəlirdilər. Onun yoxluğunu isə Mirzəyevlər ailəsinə əvəz edəcək, heç nə və heç kim yoxdur...

Gülnarə deyir ki, atasının “Milli Qəhrəman” adını sağlığında almasını çox istərdi:

“Atam hər zaman bizim qəhrəmanımız olub. Bu gün isə bütün xalqın qəhrəmanıdır. Çox istərdim ki, “Milli Qəhrəman” adını sağlığında alsın. Hərbçilər sərt olurdu, lakin biz atamızın yanında heç vaxt qorxu hissi keçirməmişik. Hərbçi ailəsi bunun məsuliyyətini dərk edir.

Hərdən hərbçi yoldaşları bizə gələndə onun çətin əməliyyatlarından danışırdı. Biz sadəcə dəli olurduq ki, bunu necə yaşayıb. Bu çətinlikləri bizə bildirmədən, gözlərinin içi güləcək qədər necə gəlirdi. Bu gün çətinliyə düşəndə onun mənəvi olaraq yanımda olduğunu hiss edirəm. Əminəm ki, bu gün atamın ruhu şaddır. Qarabağ azaddır. Onun ən böyük arzusu idi. Biz isə bundan sonra da atamın yarım qalan arzularının, xəyallarının yerinə yetməsi üçün əlimizdən gələni edəcəyik”.

365 gündür ki, Mirzəyevlər ailəsinə gözlənilən telefon zəngi gəlmir... Bu evin qapısını bir daha heç kim onun kimi döyməyəcək... Elə tarixi hadisələr də var ki, unudulur. Lakin, illər keçsə də, öz qanı ilə dastan yazan qəhrəmanlarımız, torpaq uğrunda canından keçən igid oğul və qızlarımız unudulmur.

Bu şanlı tarixin səhifələrinə adını qızıl hərflərlə yazdıran polkovnik İlqar Mirzəyev də əbədi olaraq qəlblərdə yaşayacaq.

Şəhadətin mübarək, əziz polkovnik...

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri