20 
İyl
2021
16:32
31
416
15365
Virtual karabakh

Bakıda 16 mərtəbəli binada yanğın: Xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO

20 İyl, 2021
16:32
15365

Bakıda 16 mərtəbəli binada yanğın: Xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. 

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov deyib. 

O bildirib ki, yanğın yaşayış binasının şaxtasında elektrik kabellərində yaranan qısaqapanma səbəbindən baş verib:

“Çoxfunksiyalı binanın şaxtasından keçən elektrik kabellərində baş verən qısaqapanma nəticəsində 50 metrə yaxın elektrik kabeli yanıb. Eyni zamanda bina sakinlərinə məxsus elektrik sayğacları əriyib. Onların sayları dəqiqləşdirilir. 

Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, aidiyyəti üzrə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Daha 5 nəfər və bizim əməkdaşlar arasında istinin təsirindən halsızlıq yaşayanlar olub. Binadan 40 nəfərdən çox vətəndaş təxliyə edilib”.

Sakinlərin sözlərinə görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsinin şaxtasından başlayıb.

FOTO: Tapdıq Abdullayev

16:12

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər xəsarət alıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsinin olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyəti qurumların nümayəndələri ilə binadakı vətəndaşları təxliyə ediblər.

15:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. 

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri