22 
İyl
2021
14:12
24
136
2085
Virtual karabakh

Neoliberalizmin karnavalı: Şou cəmiyyəti

22 İyl, 2021
14:12
2085

Neoliberalizmin karnavalı: Şou cəmiyyəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Bütün müqəddəslər öz ömürlərini karikatura olaraq başa vurduqları kimi, bütün böyük mədəniyyətlər də gec-tez bir karnavala, xalq əyləncəsinə, el şənliklərinə çevrilirlər. Mədəniyyət xəlqiləşərək ölür. Cəmi bir nüsxəsi on iki min inək dərisi üzərinə yazılan Avesta (Zərdüştlük) mədəniyyəti bu gün bir-biri ilə gecə-gündüz döyüşən Hörmüz və Əhrimən adlı iki tanrı ilə deyil, ildə bir dəfə qol-boyun olub el şənliklərinə aş yeməyə gələn Kosa və Keçəllə təmsil olunur. Hər bir mədəniyyət ritualla başladığı kimi ritualla da yox olur.

Karnaval həm dağıdıcı, həm də yaradıcı nəticəsi olan mədəni bir gücdür, bir ritualdır. Məsələn, postmodernizm modernizmin karnavalıdır, onun xəlqiləşdırılməsidir, ələ salınmasıdır, təhrif olunmasıdır. Necə ki, modernizm də burjua mədəniyyətinin karnavalı kimi başlamışdı. Kommunizm kapitalizmin karnavalı idi, populyar mədəniyyət faşizm və kommunizmin karnavalı kimi düşünülmüşdü. Karnaval mədəniyyətin gah önündə, gah arxasında görünən kölgəsidir.

Karnaval bir mədəniyyətin öz arxasına vedrə bağlamaq cəsarətidir. Bəzən də bu vedrəni bir mədəniyyət başqa mədəniyyətin arxasına bağlayır. Məsələn, Orta əsr karnavalları Avropa mədəniyyətinin özünüifşası idi, amma populyar kültür daha çox rəqib mədəniyyətlər üçün yaratdığı modern bir karnaval idi.

Karnavalın məqsədi hegemon mədəniyyətin təməllərini sarsıtmaq, onu oturuşmuş qaydaların nəzarət edə bilmədiyi, heç bir ideoloji hədəfi olmayan xaos halına salmaqdır. Karnaval mədəniyyətin anarxiyasıdır. Bizim müsəlman Şərqində karnaval düşüncəsi dərvişlik kultunda vardı, amma xristianlıqdan fərqli olaraq islam öz karnavalını içinə buraxmadı və o, Orta əsrlərin Avropa karnavalları kimi mədəniyyətin içinə girib mədəni formalar (roman, simfonik musiqi, akademik teatr) şəklini ala bilməyərək tarixin xarabalıqlarında ilişib qaldı. Şərq öz Molla Nəsrəddininin Don Kixot olmasına icazə vermədi. Biz öz Don Kixotlarımızı Molla Nəsrəddinə yox, Don Kixotun özünə baxıb yaratdıq.

Bir az uzaqdan başlayan bu yazıda karnaval estetikasının müasir mədəniyyətdə oyanışından, daha doğrusu, müasir mədəniyyətin bir karnaval təhlükəsi ilə üz-üzə qalmasından danışacağam. Bundan ötrü isə ən çox istinad edəcəyim iki mənbənin adını çəkməliyəm; birincisi, sözsüz ki, karnaval və mədəniyyət arasındakı münasibətləri ən incə detallarına qədər gözdən keçirmiş rus alimi Mixail Baxtinin məşhur “Karnavalda Romana” kitabı, ikincisi isə Orta əsr xristian mədəniyyətinin modern münəccimi hesab etdiyim Umberto Ekonun “Şou olaraq mədəniyyət” essesidir. Baxtində karnaval olan, Ekoda “şou” adlanır.

Əvvəlcə bunu bilməliyik ki, bütün mədəni-tarixi miras kimi karnaval da sonradan ilkin formasının məqsədindən uzaqlaşaraq, başlanğıcda olduğunun tam əksi olan bir şəkil aldı. İlk karnavallar dini şənliklər idi; xristianlar orucluq bayramında əvvəl ət kəsəndə cürbəcür qiyafətlər geyinərək kütləvi şənliklər təşkil edirdilər. Təəccüblə qarşılansa da deməliyəm ki, bu gün Azərbaycan kəndlərində də Qurban kəsilərkən insanlar təzə paltarlar geyinib həyətlərdə qonşuların toplaşdığı kiçik el şənlikləri təşkil edirlər. Mən özüm bu cür şənliklərdə böyümüşəm. Ola bilsin ki, qəbir üstündə şam yandırmaq (ruhu odla xatırlamaq) adəti atəşpərəstlikdən günümüzə gəldiyi kimi, ət şənlikləri də islama özündən əvvəlki dini karnavallardan keçib. İlk xristianlar bu şənliklərdə müqəddəs heyvanları təqlid edən qiyafətlər geyinib, maskalarını taxmaqla inanırdılar ki, həmin heyvanın gücü müvəqqəti olsa da onlara keçir. Bu inanc Amerika hindularında, uzaq Şərq xalqlarının inanclarında da var.

Bu cür dini karnavalların kökü çox qədimlərə gedib çıxır. Qədim yəhudilər fəlakətlər baş verməsin deyə ildə bir dəfə bir keçi tanrıya (Yahovaya) və bir keçi də şeytana (Azazelə) qurban verdikləri kütləvi mərasimlər keçirirdilər. Hər iki keçi insanların günahlarının əvəzi olaraq “metafizik rüşvət” olaraq “ödənilirdi”. Eyni ayin ilk xristianlarda da vardı; amma xristianlar tanrıya qurban verdikləri “günah keçisi”ni kəsib özləri yeyirdilər, şeytana çatacaq keçini isə ya bir uçurumdan atırdılar, ya da çöllüyə buraxırdılar.

Bu karnavalistik ayin yunanlara Misir mifologiyasından keçmişdi; ilk karnavalın kökü də Misir mədəniyyətindən Asiyanın böyük bir hissəsinə, o cümlədən Yunanıstana yayılan kefcil tanrı Dionisin el şənlikləri idi. Dionisin şənliklərində də eynən xristian karnavallarında olduğu kimi, keçi libası geyinib nəğmə oxuyan insan-keçilər vardı. Yunanlar ilk dəfə Dionisin şənliklərində “günah keçilərini” insanlarla əvəzləmişdilər. Apollon adına keçirilən “Thargelia” adlı festivallarda püşkatma yoluyla bir qadın və bir kişi seçilir, “günah keçisi” adına qamçılanır və uzaq bir yerə aparılaraq daş-qalaq edilirdilər.

Məncə, biz “Thargelia” adlı festivalın varlığı ilə qədim yunan tragediyasının izinə düşə bilərik. Araşdırmalar “trogoedia” kəlməsinin də Dionis ayinlərindən gəldiyini söyləyirlər: “Trag-tragos” keçi, “Odie-melodie” isə nəğmə deməkdir. Görünür, Dionisin keçi paltarı geyinib nəğmə oxuyan keçi-insanları ilə Apollonun “günah keçisi” olaraq seçilən və öldürülən insanları arasında dini, mistik bir bağ olub.

Demək ki, tragediyanın kökündə öz günahlarını ağı şəklində oxuyan, etiraf edən insan-keçilərin nəğmələrinin dayandığını anlamamaq üçün çox ciddi intellektual müqavimət göstərməliyik. Çox güman ki, sonradan tragediyaya çevriləcək Apollon ayinlərində püşkatma yolu ilə seçilən və günah keçisi kimi qurban ediləcək keçi paltarları geyindirilmiş bədbəxtlər əvvəlcə öz günahlarının ağısını oxuyur və özlərinin timsalında bütün toplumun günahlarının bağışlanmasını tanrıdan istəyirmişlər. Ətrafdakılar isə indi bizim kütləvi oxunan duaların sonunda xorla “Amin” dediyimiz kimi, o “günah keçiləri”nin dualarının nəqərat hissəsində iştirak edirmişlər. Bu da get-gedə Nitsşeni valeh edən yunan xorunun yaranmasına gətirib çıxarıb.

Mifdən məntiqə keçidin tragediyanın yaranışı ilə baş verdiyini nəzərə alanda məndə heç şübhə yeri qalmır ki, yunanları mifdən məntiqə gətirib çıxaran ilkin səbəb günahdan arınmaq amacı olub; tragediyada nəğmə oxuyan “keçi”lərin əcdadı da “günah keçiləri” idi. Demək ki, ilk karnavallar günahdan arınmaq üçün təşkil olunurdu ki, bu da sonralar şəkildən-şəklə düşərək Mixail Baxtinin “romanın əcdadı” hesab etdiyi xristian karnavallarına çevrildilər. Antik çağda günahdan arınmaq üçün keçirilən kütləvi şənliklər Orta əsrlərdə (dini ələ salıb) günaha batmaq üçün təşkil olunan karnavallar oldular.

Orta əsrlərə doğru xristianlıq və feodalizm Avropanın bütün maddi-mənəvi ərazilərini ələ keçirincə karnaval kultu hər ikisinin müxalifətinə çevrildi, Baxtinin dediyi kimi “Dəlilər bayramı” şəklini aldı, şizofrenikləşdi. Baxtin Rableni, Servantesi və Şekspiri bu “dəli bayramları”nın, öz təbirimizcə desək, karnavalistik şizofreniyanın övladı hesab edirdi. Onlar Volterin XVIII əsrdə Avropa mədəniyyəti üçün arzuladığı ilk “qəhqəhə çəkən aslanlar” idilər. Yaxud Orta əsr karnavallarından daha biri olan “Eşşək bayramı”nda Məryəm ananın körpə İsa ilə Misirə qaçmasını rituallaşdıran kilsənin “Eşşək ayinləri” məsxərəyə qoyulurdu və s.
Baxtin Orta əsr Qərb mədəniyyətinin gülüşə münasibətini bu cür sistemləşdirir: "Əhəmiyyətli və əsas olan gülməli ola bilməz. Tarix və tarixi təmsil edənlər - krallar, generallar, qəhrəmanlar gülməli şəkildə təsvir edilə bilməzlər. Gülüşün təsir dairəsi dar və spesifikdir (şəxsi və sosial səfehlikdir); dünyaya və insanlara aid təməl həqiqətlər gülüşün dili ilə ifadə edilə bilməz... Gülüş yüngül bir əyləncədir və pozğun, aşağı səviyyəli insanlar üçün faydası olan sosial cəzalandırma formasıdır". Bu həm də Orta əsr Avropa mədəniyyətinin karnavala verdiyi qiymət idi.

Təlxəklik bu gün də böyük mədəniyyət faktı kimi ciddi qəbul olunmur, baxmayaraq ki, dünyada Çarli Çaplin kimi böyük nümayəndələri var. Təlxək, mədəniyyətin boğularkən ayağının altına qoyduğu ilk balasıdır.

Karnavalda sənət mədəniyyətin düşməni kimi çıxış edir, bunu unutmayaq. İstər antik Misir, yunan şənliklərində, istərsə də Orta əsr Avropa karnavallarında sənətin izləri vardı; ona görə antik yunan şənliklərindən yunan tragediyası doğdu, Orta əsr Avropa karnavallarından Avropa romanı. Biz öz karnavalımızdan yalnız meyxana çıxara bildik.

Umberto Eko “Şou olaraq mədəniyyət” essesində karnavalın bu özəlliyinə, onun sənət-mədəniyyət qarşıdurması kimi doğuşuna işıq salır. Bu qarşıdurmanı bir az da bir üzü gənc, bir üzü qoca olan, bir üzü keçmişə, bir üzü gələcəyə baxan ikiüzlü Roma tanrısı Yanus ilə obrazlaşdırmaq olar. Bu zidlikdə gənc üz sənəti və gələcəyi, qoca üz isə mədəniyyəti və keçmişi təmsil edir. Keçmiş gələcəyi, mədəniyyət sənəti həmişə tarixin ayağına verir. Teymurlənglə Şirvanşah İbrahimin ilk qurbanları hürufi şairləri idi.

Eko bu essesində 1970-ci illərdə birdən-birə teatrlardan küçələrə axışıb öz tamaşalarını oynamağa başlayan kütlələrin zühurunun səbəbini araşdırır. “Street theater” (küçə teatrı), “Happening”, Hippi kütlələri kimlərdən törəmişdilər? Bu yeni kütlələr sələfləri olan yüksək mədəniyyətin tamaşaçı kütlələrindən fərqli olaraq baxmaq, dinləmək, alqışlamaq üçün toplanmırdılar, əksinə, özləri baxılmaq, eşidilmək, alqışlanmaq üçün bir yerə yığışırdılar.

Əslində, mədəniyyətin kütləviləşməsi, küçələşməsi, şou şeytanlarına əsir düşməsi 1950-ci illərdən başlamışdı. Məsələn, şounu mədəniyyətə qarşı qoyan ilk filosoflardan biri, ilk antisənət cərəyanlarından olan “Lettrist Enternasional”ın üzvü, “Sitüasyonist Enternasyonal”ın isə qurucusu fransız aktivist Gi Debor Parisə gələn Çarli Çaplinin mətbuat konfransına başının dəstəsi ilə təşkil etdiyi “hücum şousu” ilə adını Avropa qəzetlərinə yazdırmışdı. Gi Debor 1967-ci ildə çap etdirdiyi “Şou Cəmiyyəti” kitabında mədəniyyəti şoulaşdırmağı, küçələşdirməyi bütün ideoloji totalitarizmə qarşı bir üsyan kimi təqdim edirdi. Fərqində də deyildi ki, o, sadəcə, siyasi istismarı iqtisadi istismarla əvəzləmək istəyən neoliberal kapitalizmin ilk nökəri idi. Artıq keçən əsrin ortalarından başlayaraq neoliberalizm dövlətin özünü pula çevirmək üçün çırmalanmışdı. 
Eko essesində bu neoliberal kütlələri Orta əsrlərin Parisində təşkil olunan “Quaestiones quodlibetales” debatlarının, yaxud antik Afina amfiteatrlarının tamaşaçılarına bənzədir; debatlarda filosofların nə dediyinə deyil, sadəcə, bir döyüşə, fikir qladiatorlarının bir-birilərini necə öldürəcəklərinə baxmağa gələn, yaxud bir tragediya üçlüyünün oyununa axıra qədər lal-dinməz baxmaq əvəzinə özləri də zaldan bağıraraq, səhnəyə cürbəcür əşyalar ataraq oyuna qoşulan, baş verən hadisəni yaşamaq istəyən kütlələrə.

Yeni kütlələr “hadisəni yaşamağa axışırdılar”. Bu “hadisənin”, şounun gözəgörünməz rejissoru isə onlar deyildilər, bu dahi neoliberalizm idi.

Eko mədəniyyətin belə bir şəkil almasından məmnun deyildi, amma axırının nə olacağını gözləməkdən başqa da bir çarəmizin qalmadığını etiraf edirdi.

Əslində, Ekonu bir pessimist kimi düşünməyə vadar edən bu yeni kütlələr dövləti sarsıdaraq onun təsir dairəsində olan sosial əraziləri bir-bir ələ keçirib şəxsi və korporativ kapitala çevirmək istəyən neoliberal kapitalizmin ilk karnaval dəstələri idi; postmodernizmin ilk qaranquşları. Ekonun sözləri ilə desək, “səssiz tamaşaçı kütləsi başqaları vasitəsilə yaşadığına inansın deyə səhnədə təmsil olunan saxta bir həyat” idi bu. Neoliberal kapitalizm şounu modern mədəniyyətin karnavalı olaraq düşünmüşdü. Mədəniyyətlə birlikdə dövlət də bu şou qarşısında geri çəkiləcək və yerdə qalan boş ərazilər neoliberal kapital tərəfindən asanlıqla ələ keçiriləcəkdi. Bu gün artıq təhsil, səhiyyə kimi bir çox sahələr bu “dəli yığıncağı”nın küçə şoularının köməkliyi ilə dövlətin əlindən tamamilə alınmış vəziyyətdir. Bu gün dünyanın çox yerində vətəndaş artıq dövlətdən daha çox hansısa bir bankdan asılıdır. Bürokratik istismarı bəhanə edib dövlətin “ərazilərini” özününküləşdirən neoliberalizm bu gün vətəndaşı kapitalistik köləyə çevirib. Və dövlət bu sahələrdəki neqativ hallara müdaxilə etmək istədikdə dərhal şou işə salınır: feminist qruplar, LGBT partizanları, nə bilim, insan haqları aktivistləri aqressiv şüarlarla silahlandırılıb dövlətin üstünə göndərilir. Bu qruplar küçələrdə “insan haqları”, “azad qadın”, “əsgərliyə yox” və s. bağırdıqca neoliberail kapitalizm səssizcə dövlətin altında qazdığı lağımı genişləndirir. Bu gün hətta bəzi dövlətlər vətəndaşlara qarşı özləri də neoliberalist kimi davranırlar, amma bu, bizə hər şeyi özəlləşdirərək kapitalın quldar, vətəndaşın qul olacağı yeni bir quldarlıq quruluşuna qayıtmağımıza səbəb olmamalıdır.

Neoliberalizmin yaratdığı “şou cəmiyyəti” Orta əsrlər karnavalının qayıdışıdır. Orta əsrlərin karnavalından kapitalizm çıxdı, neoliberalizmin şousundan isə quldarlıq qoxusu gəlir. “Pulun baş kəsəcəyi” bir dövrə qədəm qoyuruq. Yuxarıda dediyimiz kimi, karnaval həm də bir mədəniyyətin şizofreniyasıdır. Romanın dağılmasında bu mədəni şizofreniyanın da böyük rolu vardı. Mədəniyyətin demokratikləşməsi (tamaşaçının, izləyicinin, dinləyicinin, oxucunun, bir sözlə, təklikdə yaradıcı ola bilməyənin mədəni hadisənin mərkəzinə cəlb edilməsi) neoliberalizmin mədəniyyəti şou ilə yıxmaq strategiyasıdır. Müəllifin ölümü mədəniyyətin ölümüdür və bu yalnız karnavalın dirilməsi zamanı baş verir. Barbarın geri dönüşü zamanı...

Neoliberalizm kapitalın barbarlığıdır!

(ardı olacaq)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri