28 
İyl
2021
11:00
1359
245
10150
Virtual karabakh

Övladını ölümə tərk edən ana: “O, hələ yaşayır ki?” - REPORTAJ

28 İyl, 2021
11:00
10150

Övladını ölümə tərk edən ana: “O, hələ yaşayır ki?” - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İçəri daxil oluruq… Musiqi səsi bizi otağa doğru çəkir. Otağın girişində isə bir mesaj var: Həyata gülümsə…

Bəli, bütün çətinliklərə rəğmən burda 150 günəş həyata gülümsəyir.

Yəqin ki, Bəxtiyar Vahabzadənin “Atılmışlar” poeması çoxuna tanışdır. Şair əsərində oxucularına insanın körpəlikdə və qocalıqda başqalarına möhtac olmasını çatdırmaq istəyir. Buradakı uşaqlar da həyatlarının lap körpə vaxtlarında atılıblar…

Necə kədərlidir bu cümləni səsləndirmək və təsəvvür etmək. Atılıblar! Atılan əşya deyil, insandır. 

Günəş kimi parlayan uşaqları evindən buraya gətirən səbəblər nə olursa-olsun, gördüyüm mənzərəyə o səbəblərin heç birinə haqq qazandıra bilməz. 

İçəri girərkən mənə yönələn o qədər gözlər var idi ki... Əslində, o gözlərin heç biri məni gözləmirdi. Amma bu məsum körpələrin gözlədikləri insanlar rahat yaşamağı seçiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Şağan qəsəbəsində yerləşən 1 saylı sosial xidmət müəssisəsindəyik.

Musiqi otağına daxil olan zaman salona göz gəzdirdim - uşaqlardan kimisi rəqs edir, kimisi mahnı oxuyur, kimisi də sakitcə oturub baxır. Burada həyat bir nizama tabedir...

Buradakı uşaqları taleləri birləşdirir. Sağlamlıq imkanı məhdud olan bu günahsızların kimisi zibilliyə atılıb, kimisi isə elə dünya işığını ilk gördüyü doğum evində tərk edilib.

Xidmət müəssisəsinin direktoru Sevinc Məlikova da bizimlə söhbətində deyir ki, uşaqlar ən çox musiqi dərsini sevirlər. Yəqin ki, rəqs edəndə darıxmaq hissini unudurlar. 

Əli ilə mənə “gəl” deyir. Təxminən 5-6 yaşı olar. 

Yaxınlaşıram. Çətinliklə danışsa da, mənə izah edir ki, telefonumla şəkil çəkək. Sanki o kiçik qəlbindəki sevinc və məsum sevgini mənə sığınaraq göstərmək istəyir. 

Qeyri-ixtiyari kövrəlirəm, amma bunu və şəkil çəkdirmək üçün toplaşan digər uşaqlara hiss etdirməmək üçün gülümsəyirəm. Bunun mənim üçün necə çətin və ağır olduğunu isə izah edə bilmərəm...

Elə bu vaxt Oxu.Az-ın fotoqrafı Firudin Səlimov bizi görür və bu anı əbədiləşdirir.

“Tanımadığımız valideyn var”

Sevinc Məlikova bildirib ki, müəssisə 200 çarpayılıqdır:

“Buraya 5-18 yaşlı uşaqlar qəbul olunur. Bunun üçün vətəndaş yaşadığı ərazi üzə fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə müraciət etməlidir. Uşağın təhsilə cəlb edilməsi mümkün olmadıqda, ailənin vəziyyəti nəzərə alınaraq müəssisəyə yerləşdirilir. Eyni zamanda, ailəsi tərəfindən atılan uşaqlar ilk olaraq körpələr evinə yerləşdirilir. Beş yaşı tamam olduqdan sonra isə bizim müəssisəyə gətirilir”.

Direktor bildirib ki, müəssisə 1984-ci ildən fəaliyyət göstərir:

“2010-cu ildən müəssisədə əsaslı təmir işləri aparılır. Bu gün burada 150 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Bu ilin altı ayı ərzində 183 nəfər uşağa sosial xidmət göstərilib. Uşaqların 18 yaş tamam olduqdan sonra Psixonevroloji xidmət müəssisələrinə göndərilir və bizdə göstərilən xidmətlər orada davam edir. Altı ay ərzində 30-dan çox şəxs belə müəssisəyə köçürülüb. Əgər valideyn istəyərsə, biz o uşağı öz ailəsinə qaytarırıq”.

- Sevinc xanım, burdakı uşaqların valideynlərindən tanımadıqlarınız varmı? (Ümidim var idi ki, “yox” sözün eşidəcəyəm)

- “Təəssüf ki, var”- deyə, Sevinc xanım bildirdi.

“Valideyn var hər həftə, hər ay gəlir. Valideyn də var ki, ildə bir dəfə gəlir. Eləsi də var ki, biz onu heç biz tanımırıq... Uşaqlarımızla bağlı sənəd lazım olan zaman valideynləri axtarırıq. Baxırıq ki, həmin uşaqların bacısı, qardaşı, yaxınları var.

Təbii ki, sağlamlığı məhdud uşaqlarını bura qoyduğu üçün heç bir valideyndə qəbahət görmürük, amma uşağı bura qoyub, sonra maraqlanmamaq düz deyil! Çünki onların gözləri valideynlərini axtarır. 

“Nə zaman, ölər-ölər”

Ən kədərlisi bilirsiniz nədir? Əgər uşaqlar arasında ölüm olarsa, o uşaq kimsəsizlər üçün qəbiristanlıqda dəfn olunur...

Burada uşaqlar var ki, valideyni bura yerləşdirən zaman “Nə zaman, ölər-ölər”- deyə, düşünüb. Amma o uşaq hələ də sağdır və müəssisədə yaşayır. Uşağın sənədi lazım olanda anası tapılıb və o bildirib ki, uşağının öldüyünü düşünürmüş...

Bununla da heç nə dəyişməyib. Uşağın təkidi ilə ildə bir dəfə anası öz doğma övladını görməyə gəlir.

Öldüyü deyilən o uşaq sağdır və buranın ən istedadlı uşaqları sırasındadır… Kaş onun anası da uşağının necə istedadlı olduğunu görmək istəyərdi. 

Uşaqların peşə ilə məşğul olduğu otağa daxil oluruq. Buradakı uşaqlar müxtəlif növ yarışlarda da medallara sahib olublar. Mən yazıda bildirdim ki, sağlamlıq imkanı məhdud olduğu üçün buraya atılanlar 5-18 yaşa kimi uşaqlar müəssisədə qalırlar. Amma yaşı 18-dən, hətta 30-dan çox olanlar da var. Yaşın heç bir fərqi olmasa da, onların zəkaları eynidir... Yaşından asılı olmayaraq, müəssisəyə qoyulanların hamısı uşaqdır. 

Ayaq barmaqları ilə rəsm çəkən qız, zibil qutusuna atılan körpə

Burada – Lamiyə, Asiman, Tərlan, Təranə və Qismət rəsm çəkir, toxuculuqla məşğul olurlar. 

Asiman adlı qız fərqli muncuqlar toxuyur və sərgilər təşkil ediləndə onun zərif əl işləri də həmin sərgiləri bəzəyir.

Onun əl işləri satışda müxtəlif yaşda olan insanların, xüsusilə də yaşıdlarının zövqünü oxşayır. Hazırladığı boyunbağının birini mənə hədiyyə etməsi məni həm sevindirdi, həm də duyğulandırdı.

Amma Asiman mənimlə danışmağa həvəs göstərmədi. Diqqətlə gözlərinə baxanda kiməsə güvənmədiyi hiss olunurdu.

Bəlkə də ailəsinin onu buradan aparmağa gəlməyəcəyini bildiyi üçün qeyri-ixtiyari bikefdir.

İşçilər Tərlanı uşaq vaxtı müəssisənin zibil qutusundan tapıblar. Ailəsindən heç bir xəbər yoxdur. O, buradadır və müxtəlif bəzək əşyaları hazırlayır. Elə Qismət də onun kimi əşyalar hazırlayır.

Lamiyə o qədər istedadlıdır ki, ayaq barmaqları ilə rəsm çəkir. (Sağlamlıq imkanı məhdudiyyət olduğu üçün) Biz orada olan zaman özü bir ayağından digər ayağına kömək etməklə ayaqqabını, corablarını çıxarır və fırçanı götürərək rəsm çəkir. 

“Bir uşağa 30 dəqiqəyə yaxın vaxt sərf olunur”

Müəssisənin loqopedi Səbuhi Soltanov deyir ki, gün ərzində 10-a yaxın uşaqla məşğul olur:

“Bir uşağa 30 dəqiqəyə yaxın vaxt sərf olunur. Nitq terapiyasına başlayırıq və nəticədə onlar öz fikirlərini düzgün şəkildə ifadə edə bilirlər”.

Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq, sosial xidmətin təşkil edilməsi üçün hər bir uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur.

Müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun uşaqlara xidmət və qayğı göstərilir, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs terapiyası, mətbəx terapiyası, market terapiyası, “İnkişaf mərkəzi” və “kukla teatrı” otaqları uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif nağılları səhnələşdirməklə uşaqlarda zehni inkişafa kömək edir.

Burada 115 nəfər çalışır. 19 tərbiyəçi, iki əmək terapisti, üç həkim, bir idman müəllimi, bir loqoped. İşçilər növbəli şəkildə çalışırlar.

Buradakı insanların sayəsində yeriməyən uşaqlar da artıq müstəqil şəkildə addımlaya bilir. İşçilərin hər biri bu uşaqlar üçün əllərindən gələni edir. Onlara göstərilən qayğı üçün hər bir işçiyə təşəkkür edirəm. Çünki ailəsi tərəfindən tərk edilən uşaqlara onlar sevgi, qayğı göstərirlər.

Reportajın əvvəlində yazıçı Bəxtiyar Vahabzadənin “Atılmışlar” poemasından bəhs etmişdim. Elə o poema ilə də reportajı bitirmək istəyirəm. 

Məhkəmə qurulsun, hökm verilsin,
Hər kəs haqqını yox, borcunu bilsin!
Balasını atan analar ilə
Anasını atan balalar gəlsin.

İlhamə Əbülfət

FOTO: Firudin Səlimov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri