22 
Sen
2021
17:48
64
190
3387
Virtual karabakh

Təhsilin başına açılan tarixi oyunlar

22 Sen, 2021
17:48
3387

Təhsilin başına açılan tarixi oyunlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Artıq təhsil prosesi qədim dünyada olduğu kimi insanlara, sadəcə, yazıb-oxumağı, müəyyən biliklərə yiyələnməyi öyrədən bir müəllim-şagird (tələbə) münasibətləri deyil, mədəniyyətin özünü yaradan və yaşadan qarşısıalınmaz qlobal zehni bir prosesdir. Təhsildən kənarda mədəniyyət yoxdur. Təhsilə önəm verməyən mədəniyyətləri tarix həmişə əliboş yola salıb. Bu gün belə yoxa çıxmamaq üçün təhsilin gücünə arxalanan mədəniyyətlər dünyanı öz inkişafları ilə heyran etməkdədirlər. Allahın Sinqapuru kimi, məsələn.

Müasir insan təhsilin övladıdır. Təsadüfi deyil ki, yaşadığımız sivilizasiyanın yaradıcıları olan qədim şumerlər məktəbə gedən uşaqlarına “Məktəbin oğlu” deyirdilər. İbtidai icma zamanlarından bu günə qədər hər bir köhnə nəsil yeni nəslin müəllimliyini edib və edir. Ovçu atalarımız həm də ov müəllimləri idilər, yığıcı analarımıza ilk botaniklər deyə bilərik, çünki hansı bitkinin yeməli, hansının zəhərli olduqlarını onlar öyrədirdilər yeni doğulanlara.

İnsanın həyatı həm də təhsil almaq hüququ uğrunda mübarizələrdə keçib. Elm də din kimi saysız-hesabsız qurbanlar hesabına özünü təsdiq edə bilib. İsgəndəriyyəli qadın filosof, eyni zamanda fəlsəfə müəllimi Hipatiyanın cahil kütlə tərəfindən daş-qalaq olunmasından tutmuş elmi elitanın satqınlığı nəticəsində boynu vurulan kimyaçı Lavuazyeyə qədər yüzlərlə məşhur elm, təhsil şəhidinin adını çəkmək olar bu yazımızda.

Onlayn universitetlərin mövcud olduğu günümüzdə belə bəzi coğrafiyalarda hələ də qızların təhsil almasına xor baxan cəmiyyətlər var. Halbuki hələ qədim akkadlarda, yaxud qədim yunanlarda ilk müəllimlər və tələbələr qızlar, qadınlar idilər. Tarixin ilk təhsil proqramı olan məktəbi qızlar məktəbi olub. Qədim Yunanıstanın Lesbos adasında yaşayan şairə Sapfo ilk dəfə yalnız qızların oxuya bildiyi ilk məktəbin direktoru idi. (Biz buna XX əsrdə milyoner Hacı Zeynalabdinin rus çarına, ərəb şeyxlərinə verdiyi qiymətli hədiyyələr sayəsində güclə nail ola bildik).

Sapfo xanım kişilərə nifrət edirdi, şeirlərində yalnız qadın gözəlliklərini tərənnüm edirdi. Açdığı məktəbdə də ancaq qızların oxumasına icazə vermişdi. Günümüzdə lezbiyanlıq adlandırılan qadın homoseksuallığının kökü də şairə və müəllimə Sapfodan qaynaqlanır. Qədim Lesbos adasının məktəbli qızları arasında yayılmış bu həyat tərzi öz adını da adanın adından (Lesbos) alıb. Bu həm də o demək idi ki, tarix boyu məktəb təkcə bilik öyrənmək yeri deyil, bəzi həyat tərzlərinin, ideoloji təlimlərin, dini təriqətlərin yuvası da sayılırdı.

Qədim Romada isə ilk məktəb ev idi. Romalılar uşaqlarına dərs keçəcək müəllimləri savadlı kölələrin arasından seçirdilər. İlk romalı müəllimlər kölələr idilər. Bu kölələr əsasən romalıların işğal etdikləri, artıq öz akademiyaları, filosofları, astronomları ilə məşhur olan  Yunan Şəhər-Dövlətlərindən gətirilib kölələşdirilən kəlləli insanlar idilər. Öz dövrlərinin elm, təhsil adamları hesab olunan bu yunanlar Romada qul bazarlarında satılır, romalı valideynlər isə onların arasından ən savadlılarını seçib övladlarına dərs vermək üçün evlərinə müəllim olaraq alırdılar. Eramızdan əvvəl III əsrdə ilk məktəblər açılana qədər Romada təhsil prosesi evdə kölə müəllim və ağa şagird arasında gedirdi.

Günümüzə gəlincə, təhsilin, elmin, müəllimin vəziyyəti heç də qədim Romadan fərqli bir mənzərəyə sahib deyil. Bu gün təhsil qlobal miqyasda kölələşdirilib. Neoliberal kapitalizm artıq nəhəng elm ocaqlarını, elm adamlarını öz maraqları uğrunda “işlədir”. Düzdür, qədim Romadan fərqli olaraq bu gün şirkətlər üçün mütəxəssis yetişdirən universitetlər, professorlar “bir qarın yeməyə” dərs keçmirlər, dünya sərvətlərinə yiyəlik edənlər, yoxsullar daha da yoxsullaşdıqca varlananlar öz gəlirlərindən onların da cibinə bir şeylər dürtürlər. Amma artıq təhsilin insani və vətəndaşlıq haqqı olmadığı reallığı bütün dünyada müzakirə mövzusudur. Yeni Roma quldarlığı adlandıra biləcəyimiz neoliberal kapitalizm artıq təhsili bazar münasibətlərinin bir formasına çevirib. Pulun varsa, onu kölələşdirə, öz övladlarının gələcəyi üçün qapında “işlədə” bilərsən, pulun yoxdursa, Sabunçunun “qul bazarı” balalarının yolunu gözləyir.

Təhsili qlobal alverin bir formasına çevirməklə neoliberal kapitalizm XX əsrdə qapısı hər kəsə açıq olan sosial dövlət anlayışını sıxışdırıb aradan çıxararaq, hətta bəzi dövlətlərin özlərini nəhəng şirkətlər halına salıb. Bu gün bir çox dövlət öz vətəndaşlarına neoliberal kapitalizmin gözü ilə baxır. Dövlətin özünü şirkət kimi aparması nə dərəcədə doğrudur, bu başqa yazının mövzusudur. Amma təhsilə gəlincə, BMT-nin qərarlarına görə, öz vətəndaşlarına pulsuz ibtidai təhsil vermək hər bir dövlətin borcudur. Günümüzdə isə nəinki ibtidai təhsil, bağçalar belə pullu sistemə keçməkdədir. Bu isə gələcəyin işsizlər ordusu deməkdir.

Bu gün dünyanın əksər ölkələrinin əziyyət çəkdiyi sosial problemlərdən biri, xüsusilə gənclər arasında getdikcə böyüyən işsizlik statistikasıdır. Bunun yeganə səbəbi təhsilin bazara çevrilməsi və bazara xidmət etməsidir. İmkansızlıq ucbatından ixtisas sahibi ola bilməyən, yaxud təhsili yarımçıq buraxmağa məcbur olanlar bazar tərəfindən taleyin ümidinə buraxılır. Cənubi Koreya kimi inkişaf etmiş ölkədə gənclər arasında intiharların sayının artması da bazar-təhsil münasibətlərindəki qəddar seçimlərdir. Bazardan çıxdınsa, özünü öldürməkdən başqa yol qalmır, çünki daha heç kimə lazım deyilsən. Bu cür hallar get-gedə sinfi mübarizəni şiddətləndirən işsizlər, aclar ordusunun yaranmasına gətirib çıxaracaq. Artıq Habermas kimi sosial elm adamları təhsillə bağlı bu fəkalətin xəbərdarlığını edirlər.

Təhsil dünyanı xilas etdiyi kimi, təhsilsizlik də onu məhv etmək gücünə sahibdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri