25 
Sen
2021
17:36
221
1124
18570
Virtual karabakh

Oğlumuz içmir, çəkmir, daha nə istəyirsiniz?

25 Sen, 2021
17:36
18570

Oğlumuz içmir, çəkmir, daha nə istəyirsiniz?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Təbii ki, mübahisəli mövzudur. Hər kəs özü qərar verir, alkoqol içəcək, ya yox? Amma Azərbaycanda elçilikdə deyiləndə ən birinci - “oğlumuz içmir, çəkmir, daha nə istəyirsiniz?” ifadəsi olur. Elə bil satış üçün olan aksiz markasıdır.

Və bu, o oğlana qızı ərə vermək üçün ən əsas və tutarlı səbəb ola bilər.

Gəl ki, bu oğlanın psixoloji problemləri varmı, şəxsiyyət ikiləşməsi varmı, başqa axmaq vərdişləri varmı-yoxmu, bu vacib deyil. Əsas odur içməsin. Yenə də deyirəm, bu hər kəsin şəxsi fikri və seçimidir. Hər kəs də öz seçimində azaddır. Sadəcə biz hər şeyin ifratına varan xalq olduğumuz üçün, stop nöqtəmiz çox vaxt olmur. Ona görə də biz də hər şey bir tərəflidir. Ya var, ya yox!

Bəziləri də düşünür ki, qədərində içən, deyib-gülən kişilər daha sağlam psixoloji vəziyyətə malikdir. Elə ətrafımızda da belə xoş, deyib-gülən, özünü idarə edə bilən adamlar var.

Regionlarımız var ki, oranın camaatı daha yeyib-içəndir. Şərabla da yaxşı yola gedirlər. Məhz bu ərazilərdə ənənəvi olaraq şərabçılıq inkişaf edib.

Bu gün şərab istehsalı və satışını düzgün apara bilsək ölkə olaraq yaxşı gəlir əldə edə bilərik. 

İnternetdən maraqlı məlumat tapmışam. Sən demə sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi olub. Onun tərkibində 256 xüsusi sovxoz, 97 sovxoz-zavod, 8 şərab emalı zavodu və 10 təkrar şərab emalı zavodu fəaliyyət göstərib. Bu da  300 mindən artıq insanın işlə təmin olunması deməkdir.

Hesabata görə 1980-ci ildə Azərbaycanda 120 milyon dekalitr çaxır, 1,16 milyon dekalitr konyak istehsal olunub.

1982-ci ildə ölkədə 267 min hektar üzüm sahəsindən 95 sentner məhsul əldə olunub. Bu illər ərzində üzümçülükdən gələn vəsait ölkə büdcəsinin 40 faizin təşkil edib. Təsəvvür edirsiz, 40 faiz!

Daha sonra Mixail Qorbaçovun alkoqol əleyhinə apardığı kampaniyanın nəticəsində Azərbaycanda 130 min hektar üzüm bağı qısa müddət ərzində məhv edilib. 1990-cı illərdə Rusiya ilə münasibətlərin korlanması nəticəsində isə Azərbaycan şərab zavodları ciddi zərərlə qarşılaşıb və təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilib. Beləliklə, böyük üzümçülük ənənəsinə son qoyulub.

Sevindirici məqam odur ki, bu gün Gəncədə, Tovuzda, Şirvanda və digər regionlarda üzümçülük və şərabçılıq inkişaf olunur. İnsanlar yenə də hektarlarla üzüm bağları salır, aparıcı texnoloqları ölkəyə dəvət edir və dünya bazarına çıxarılacaq keyfiyyətli məhsul hazırlayırlar. Bizim yerli şərab brendləri var ki, beynəlxalq sərgilərdə çox yüksək mükafatlar qazanırlar. Bu şərablar əsl şərab xiridarları tərəfindən yüksək qiymətləndirilir. Çünki bu şərablar Azərbaycan torpağında bitən üzümdən əldə olunur. Hər torpağın yetişdirdiyi üzümün isə öz dadı, qoxusu olur.

Əslində biz elə millətik ki, hansı işin qulpundan tutsaq, onu bacarırıq. Təki pul gətirsin. Şərab isə pul gətirən işdir. Ona görə də əminəm ki, tezliklə bu sahədə də adımız yaxşı mənada çıxacaq.

Azərbaycan Turizm Agentliyi də şərabla bağlı maraqlı layihə hazırlayıb. Belə ki, Azərbaycanda İter Vitis Qafqaz şərab marşrutu tərtib olunub və bu layihəyə Gürcüstan və Rusiya da qoşulub.

Marşrut Rusiyanın Krasnodar ərazisini əhatə edəcək, Azərbaycandan keçib Gürcüstanda başa çatacaq.

Marşrutun Azərbaycan hissəsinə Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Göygöl, Şəmkir, Gəncə və Tovuz kimi şəhərlər daxildir.

Layihə 2019-cu ildə hazırlananda bu marşruta daha hansı şəhərlərin birləşəcəyi heç kimin ağlına gəlməzdi. Amma 44 günlük Vətən müharibəsindən sonra bu marşruta işğaldan azad olunmuş ərazilərimiz də əlavə olundu. Bu, Qarabağ istiqamətidir ki, bura da Hadrut və Tuğ daxil olunub. Təbii ki, infrastruktur bərpa olunduqdan sonra bu iki istiqamət də turun bir hissəsi olacaq.

Bu turlar turistlərə həm şərab dequstasiyası təmin edəcək, həm də milli şərab mədəniyyətini nümayiş edəcək.  Bu, həm də o istiqamətə daha çox turist axını deməkdir, otellərdə və ya evlərdə qonaq olacaq daha çox insan deməkdir. İndi özünüz hesablayın, bu layihə nə qədər xeyir verəcək.

Xaricdə yaşayan soydaşlarımız öz dostlarına bu saytı www.azerbaijanwine.com. göstərərək onlara bu tur haqqında daha ətraflı məlumat verə bilərlər. Müharibəni udan xalq olaraq indi var gücümüzlə iqtisadiyyatımızı, turizmi və istehsalatı qaldırmalıyıq. Hər kəs də bacardığı qədər bunu etsə heç də heç kimdən geri qalmarıq. Biz 44 gün ərzində birləşib, bütöv olaraq məqsədə çatdığımızı ilk növbədə özümüzə sübut edə bildik. Turizmi inkişaf etdirmək məncə daha asan olacaq.

O ki, qaldı içməyən kişini sevib-sevməməyə, qərar sizindir. Düşünürəm ki, bu gün inkişaf edən Azərbaycan turizminin sağlığına badə qaldırmaq olar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri