14 
Okt
2021
09:24
534
13
2410
Virtual karabakh

Bu gün 49 yaşlı Vətən müharibəsi qəhrəmanının şəhadətindən bir il keçir

Bu gün Vətən müharibəsi şəhidi tibb xidməti baş leytenantı Azər Şəmilovun şəhadətindən bir il keçir.

Oxu.Az xəbər verir ki, 49 yaşında şəhidlik zirvəsinə ucalan Şəmilov Azər Elyas oğlu 1971-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978-ci ildə Tərtər rayon Soyulan kəndindəki orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirdikdən sonra Bakı şəhəri “Kimya-Biologiya Təmayüllü” məktəbə daxil olub və oranı əla qiymətlərlə bitirib.

Həmin məktəbi bitirdikdən sonra Qazaxıstanda hərbi qulluqda olub. Vətənə qayıtdıqdan sonra 90-cı illərin Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə vuruşub. Döyüşlərdə cəsarətlə iştirak etdikdən sonra imtahan verərək Azərbaycan Tibb Universitetinə daxil olub və oranı bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılıb. Orada hərbi həkim işləyib və baş leytenant rütbəsini alıb.

Qəhrəmanımız hərbi qulluğu başa vurduqdan sonra Tərtər şəhərinə qayıdır və Soyulan tibb məntəqəsində baş həkim vəzifəsində çalışıb. 16 il ANAMA-da baş həkim vəzifəsində çalışıb.

21 sentyabr 2020-ci ildə səfərbərlik ilə təlimə çağırılıb, sentyabrının 27-dən müharibənin çətin, gərgin vaxtlarında qəhrəmanlıqla iştirak edib, o ön cəbhədə olan yüzlərlə yaralanmış əsgərlərimizə yardım göstərib onları yenidən həyata qaytarıb. Oktyabrın 14-ü Talış istiqamətində gedən ağır döyüşlərdə, düşmən gülləsinə tuş gələrək şəhid olub.

Şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb. Oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin 1-ci kurs tələbəsi, qızı isə 10-cu sinif şagirdidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azər Şəmilov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri