28 
Okt
2021
15:48
496
20
3211
Virtual karabakh

Şəhid olacağını kağıza yazıb gizlədən 23 yaşlı igidimiz - VİDEO

Vətən müharibəsinin qalibləri arasında onun da adı var. Hələ müharibə başlamazdan öncə dostlarına Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəman olacağı haqda söz verir, hətta bu haqda kiçik videoçarx da hazırlayır. Doğulub boya-başa çatdığı Mingəçevirdə hər kəsin ondan danışacağını deyir. 

Söhbət Ümmü ananın yeganə övladı Elmar İbrahimovdan gedir. 

O, 1998-ci ilin 2 sentyabr tarixində Mingəçevirdə dünyaya göz açıb. Elmar atasını vaxtsız itirdiyindən anası Ümmü İbrahimova onu çətinliklə böyüdüb. Elmar hərbi xidməti başa vurduqdan sonra həvəslə öyrəndiyi bərbərliklə məşğul olur. Tovuz döyüşlərindən sonra anasından xəbərsiz könüllü olaraq cəbhəyə yollanmaq üçün komissarlığa müraciət edir. 

Elmar İbrahimov Tərtər rayonunun Talış, Suqovuşan kəndləri uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Döyüş yoldaşları ilə birgə düşmənin xeyli canlı qüvvəsini, texnikasını sıradan çıxarır. Sonuncu dəfə anası ilə danışanda isə ona özündən muğayat olmağı tapşırır. 

Ümmü İbrahimova övladının şəhadətə qovuşmasından bir il sonra onun otağından balaca bir kağıza yazılmış ürək sözlərini tapıb. Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalan Elmar İbrahimov 2020-ci il 16 oktyabr tarixində Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qəhrəman döyüşçümüz ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Şəhidin yaşadığı evin qarşısında xatirə bulağı inşa etdirən Ümmü ananın bir arzusu var, o da igid övladının əziz xatirəsinin yaddaşlarda qalmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri