25 
Yan
2022
18:48
70
188
1899
Virtual karabakh

Qarabağa avtobus reyslərinin təşkili hansı dividendlər gətirəcək?

25 Yan, 2022
18:48
1899

Qarabağa avtobus reyslərinin təşkili hansı dividendlər gətirəcək?

“İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinin təşkilinin bir neçə cəhətdən əhəmiyyəti var. Birmənalı olaraq demək olar ki, bunun həm iqtisadi effektləri var, həm də bu reyslərin təşkili siyasi və mənəvi dividend gətirən amildir. Təbii ki, bu ilk olaraq nəqliyyat sektorunda canlanmanın yaranması deməkdir”.

Bunu “Report”a açıqlamasında Bakıdan Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reyslərinin əhəmiyyətini şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

“İkinci bir məsələ müxtəlif sahələrdə fəaliyyət göstərən, təsərrüfat subyektləri olan mikro və kiçik sahibkarların, yaxud həmin ərazilərdə biznes qurmaq istəyən şəxslərin bu ərazilərə getməsi baxımından da əhəmiyyətlidir. Hesab edirəm ki, bu baxımdan da mühüm dividendlər əldə ediləcək.

Bir məsələni də nəzərə almaq lazımdır ki, müntəzəm avtobus reyslərinin təşkili nizam yaradacaq. Belə ki, insanların fərdi avtomobillərlə müəyyən çətinlikləri olsa da, müəyyən edilmiş marşrut üzrə hərəkət edən təhlükəsiz üsulla həmin ərazilərə səfər etmək mümkündür. Amma bu addımın atılması azad edilmiş ərazilərin ölkəmizin digər ərazilərinə iqtisadi reinteqrasiyasının həyata keçirildiyini göstərir.

Bu həm də digər bölgələrə də müntəzəm avtobus reyslərinin təşkili üçün başlanğıcdır. Məhz bu gözəl nümunə imkan verəcək ki, azad olunmuş digər regionlara da səfərlər təşkil edilsin.

Müntəzəm səfərlərin təşkili bayaq dediyim kimi, ən çox iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, öz dədə-baba torpaqlarında biznes qurmaq istəyən, iqtisadi fəaliyyət həyata keçirmək istəyən şəxslərə şərait yaradacaq.

Əgər hökumətin atdığı bu addımın siyasi və mənəvi əhəmiyyətinə fikir versək görərik ki, müntəzəm avobus reyslərinin açılması və sərnişinlərin Şuşa və Ağdama gedişinin təmin edilməsi hərbi əminliyin sübutudur.

Əgər qısa şəkildə desək ölkə rəhbərliyi tərəfindən vətəndaşlarımıza yaradılan bu şərait aşağıdakı bir neçə konteksdən əhəmiyyət kəsb edəcək: iqtisadi reinteqrasiya, ərazilərin mikro və kiçik sahibkarlar tərəfindən monitorinq olunması, qayıdışda nizamlılığın yaradılması, azad olunmuş torpaqlarda nəqliyyat sisteminin inkişafı, işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda ölkənin digər rayonlarına adaptasiyasına nail olunması və hərbi qüdrətinə əminliyin sübutudur”.

Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev də açıqlamasında bu reyslərin əhəmiyyətli olduğunu qeyd edib:

"Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.

Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Sonra isə avtobus eyni sərnişinlərlə geri dönür”.

Qeyd edək ki, bu il yanvarın 24-dən etibarən Şuşa və Ağdama müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Bakı ilə yanaşı, Füzuli və Bərdədən həyata keçiriləcək səfərlərdə iştirak etmək istəyənlər biletləri www.yolumuzqarabaga.az portalından almalıdırlar.

Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri