29 
Yan
2022
15:28
21
298
2448
Virtual karabakh

Valideynin edəcəyi seçim: Uşaqların peyvəndlənməsi mütləqdir? - ARAŞDIRMA

29 Yan, 2022
15:28
2448

Valideynin edəcəyi seçim: Uşaqların peyvəndlənməsi mütləqdir? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Omikron”nla “tanışlığımızdan” sonra yoluxmaların sayında artım müşahidə edilir. Təəssüf ki, yoluxanların sayı sağalanları üstələyir. Hazırda karantin şərtləri yumşaq olduğu üçün virusla mübarizədə yeganə güclü vasitə peyvənddir. Dünyada “buster” doza ilə yanaşı, peyvənd yaşı azaldılıb, uşaqların da vaksinasiyasına başlanılıb. Böyük Britaniya, Amerika, İtaliya, Malayziya, qonşu İranda artıq 5-12 yaşlı uşaqlar peyvəndlənmə prosesinə cəlb edilir. Ölkəmizdə isə 12 yaşdan yuxarı uşaqların peyvənd olunması tövsiyə edilir.

Bu barədə “Kaspi” qəzetinin hazırladığı məqalədə qeyd olunur.

Təəssüf ki, son vaxtlar uşaqlar virusun yayılmasında əsas hərəkətverici qüvvəyə çevrilirlər. Pandemiya başlayandan bu günə kimi uşaqlar xəstəliyin xüsusi daşıyıcıları idi. Yəni onlar virusu yüngül keçirsələr də, xüsusi risk qrupuna daxil olan şəxslərə ötürərək, onların xəstəliyi ağır keçirməsinə, hətta ölməsinə səbəb ola bilərlər.

Bundan əlavə, mütəxəssislər bildirir ki, uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də, belə uşaqların peyvəndlənməsi tövsiyə olunur. Azərbaycanda da aşağı yaş qruplarının peyvənd olunması gözlənilirmi?
 
İnfeksionist Mərdan Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu mübarizədə peyvənd əsas silahdır və tətbiq edilməlidir:

“Uşaqlar toplu yerlərdə - bağçalarda, məktəblərdə daha çox olurlar. Əgər bir uşaqda virus varsa, bu, epidemiya formasını alır. Hətta məktəblərin bağlanmasına gətirib çıxarır. Düzdür, uşaqlarda müəyyən tənəffüs yollarının kəskin iltihabına səbəb olsa da, ağırlaşmalar qeyd olunmur. Demək olar ki, əksəriyyəti yüngül keçirir.

Lakin virusun yayılmasında rol oynayırlar. Uşaqlar xəstəliyi ağır keçirməsələr də, valideynlərə keçirər və ölümlə nəticələnə bilər. Nəzərə almalıyıq ki, peyvənd araşdırmalardan sonra vurulur. Dünyada da bu proses gedir. Hələ ki, yan təsirləri və təhlükəsi görülməyib. Bu səbəbdən uşaqlar da koronavirusa qarşı peyvənd olunmalıdır. Peyvəndin tətbiqi ilə uşaqlar həm özlərini, həm də digər risk qrupuna daxil olan yaşlıları virusa yoluxmaqdan qoruyurlar”.

Məlum məsələdir ki, peyvəndə münasibət birmənalı deyil. Yaşlı insanlarda peyvənd mədəniyyəti formalaşsa da, uşaqların peyvəndi valideynləri narahat edir. Həkim deyir ki, tövsiyə olunan peyvəndlər üzərində araşdırmalar aparılıb və öz təsdiqini tapıb:

“Təhlükəli deyil. Bu peyvəndlərin üzərində çalışmalar olub və qorxulu deyil. Biz də yeni başlayanda qorxurduq, amma gördük ki, ziyanımıza deyil, xeyrimizə işlədi. Xəstəliklə mübarizədə peyvənd ən güclü silahımızdır.

Biz həmişə viruslardan qorumaq üçün uşaqlara peyvənd vurdurmuşuq. Hətta daha güclü təsirə malik peyvəndlərdən istifadə olunub və bunun müsbət nəticələrini görmüşük. Koronavirusa qarşı vurulan peyvənd isə bu peyvəndlərin içində ən zərərsizidir”.

 

Azərbaycanda peyvənd yaşının azaldılmasına gəldikdə, həmsöhbətimiz vurğulayır ki, bu, ölkəmizdə pandemiyanın gedişindən asılıdır:

“Peyvəndlənmə yaşının daha aşağı enməsi təcrübəsindən artıq digər ölkələrdə istifadə olunub. Əgər yoluxma sayında azalma olmasa, epidemik vəziyyət kritik olarsa, yəqin ki, peyvənd daha da aşağı yaş qruplarına vurula bilər. Lakin pandemiya birdən-birə yox olmayacaq. Mövsümi formaya keçəcək və hər il davam edəcək. Ona görə də, uşaqların peyvəndlənməsi lazımdır və yəqin ki, biz də bunu edəcəyik. Peyvənd olunmalıyıq ki, xəstəliyə qalib gələk”.

 

Pediatr Vaqif Qarayev bildirir ki, valideynlərin əksəriyyəti koronovirusdan öncə də peyvəndə qarşı olub:

“Məktəbdə, bağçada uşaqlar arasında viruslar yayılıb. Bu, daha çox qripdir, amma koronovirusu da istisna etmək olmaz. “Omikron”un yoluxuculuq qabiliyyəti kifayət qədər yüksəkdir. Bu səbəbdən yoluxma sayının artması gözlənilən idi. Uşaqların peyvəndi məsələsinə gəldikdə, bir çox ölkələrdə bu proses başlayıb, amma könüllüdür.

Əvvəllər peyvəndlənmə zamanı valideynin mövqeyi öyrənilmirdi. Uşaqlara vurulan peyvəndlər dövlətin səhiyyədə strateji istiqamətlərindən biri idi. İndi isə valideyn öz dilindən kağız yazır ki, istəmirəm uşağım peyvənd olunsun. Məsuliyyət valideynin boynunda qalır. Amma bu, çox qorxuludur. Sən istəmirsən, lakin sənin uşağın yoluxanda mənimkini də yoluxdurur. Mən istəyirəm axı...

Məsələn, müharibə vaxtı uşaqlar peyvənd olunmadığı üçün Azərbaycanda difteriya adlı çox təhlükəli xəstəlik tüğyan etməyə başladı. Qızılcanın pnevmoniyası koronovirusdan da ağırdır. Biz bunlara peyvəndlərlə qalib gəldik. Peyvəndə qarşı kampaniya onsuz da var idi, koronovirusla da bağlı eyni reaksiyanı gördük. Amma maraqlansaq, görərik ki, peyvəndə qarşı çıxan ən radikal insanlar məhz həmin virusa yoluxub və ölüblər”.

Həkim vurğulayır ki, “Pfizer” vaksininin 12 yaşdan yuxarı, xüsusən risk qrupunda olan uşaqlara vurulması tövsiyə olunur. Amma buna baxmayaraq, genişmiqyaslı araşdırma aparılmayıb:

“Bu səbəbdən valideynlər narahatlıq keçirir. Yoluxucu infeksiyalardan qorunmağın iki yolu var. Biri təcriddir, ikincisi peyvənddir. Peyvənd qoruyur. Təcrübəmdə də bununla bağlı faktlarla rastlaşmışam. Peyvənd olunanlar arasında kütləvi yoluxma görməmişəm.

Uşaqlara gəldikdə, bu seçimi valideyn etməlidir. Uşaqların qapanmasının qəti əleyhinəyəm. Bu, həm fiziki, həm psixoloji baxımdan onlara çox təsir edir. İnanmıram ki, uşaqların peyvənd olunması məcburi olsun. Amma könüllü şəkildə kim istəsə, uşağını vaksinasiya etdirə bilər. Bu, artıq valideynin öz seçimidir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri