11 
Apr
2022
15:40
65
329
10678
Virtual karabakh

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTO

11 Apr, 2022
15:40
10678

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 3-ü Bakının Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda dəhşətli partlayışda vəfat edənlər barədə yeni məlumatlar əldə olunub.

Modern.az gecə klubundakı partlayışın qurbanı olan şəxslərlə bağlı məlumatları təqdim edir:

Belə ki, partlayış zamanı ağır xəsarət alanlardan bəzilərinin durumu kritik olduğundan ölü sayının artacağı istisna edilmirdi. Dünənə olan məlumatlara görə, hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 4 nəfərə çatıb, hazırda bir nəfərin vəziyyəti kritik qiymətləndirilir. Həmin şəxs Seneqal vətəndaşıdır.

Maya Axundova

O, 1979-cu ildə Bakıda dünyaya gəlib, Yasamal rayonunda yaşayıb. Mərhumun bir bacısı olub. 1990-cı illərdə Maya Axundovanın anası Sabunçu rayonu ərazisində öldürülüb. Anasının meyiti neft mədənlərinin yaxınlığında tapılıb. Sözügedən qətldən sonra atası onları tərk edib.

Mətbuatda yayılan xəbərlərdə deyilir ki, Mayanın 2001-ci ildə bir oğlu dünyaya gəlib, o uşağını tək böyüdüb.

M.Axundova partlayışın baş verən “Location” gecə klubunda xadimə işləyib.

Fərqanə Eynullayeva

O, 1999-cu il təvəllüdlüdür. Məlumata görə, Fərqanənin atası Fərhad Eynullayev Bakıda bizneslə məşğul olub. O, 2015-ci ildə vəfat edib. Fərqanə atasının ikinci nikahdan olan övladıdır. Onun 2002, 2006 və 2007-ci il doğumlu Nuray, Şəhanə və Eynulla adlı qardaş və bacıları var. Atasının birinci nikahdan Ayan adlı övladı yadigar qalıb.

F.Eynullayeva məlum partlayışdan sonra 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti kritik qiymətləndirilirdi. Fərqanə Eynullayeva aprelin 6-sı dünyasını dəyişib. Gecə həyatı yaşadığı deyilən gənc qızın sosial şəbəkələrdə yayılan görüntüləri sərt tənqid olunub.

Gülbala Abdullayev

21 yaşlı Gülbaba “Location” gecə klubunda aşpaz işləyirmiş. Partlayış zamanı bədəninin 70 faizi yanıb. O, ağır vəziyyətdə özəl tibb müəssisələrindən birinə köçürülüb.

Gülbala Abdullayev müalicə aldığı xəstəxanada aprelin 9-u dünyasını dəyişib.

Ayxan Fətullazadə

2001-ci il təvəllüdlü Ayxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub. Praktika müddətində olan tələbə partlayış baş verən gecə klubunda ofisiant işləyirmiş.

A.Fətullazadə partlayış zamanı ağır xəsarət alaraq özəl tibb müəssisəsinə yerləşdirilib. Hadisədən 1 həftə keçdikdən sonra - aprelin 10-u gənc tələbə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Gecə klubunda qeydə alınan partlayış zamanı Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova, tanınmış bloqer Aysel Şükürova və digər şəxslər xəsarətlər alıblar.

Xatırladaq ki, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışla əlaqədar 3 nəfər həbs olunub. Belə ki, istintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, hadisəyə ilkin səbəb kimi qanunsuz olaraq istifadə edilən qaz balonunun partlaması göstərilib.

(Fotodakı şəxs “Merser food” MMC-nin administratoru Rəsul Rəsulovdur)

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Adları çəkilən hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda faktla əlaqədar istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri