İyn
2022
13:54
68
120
11912
Virtual karabakh

Bu adamlar-alfonslar haradan çıxırlar?

8 İyn, 2022
13:54
11912

Bu adamlar-alfonslar haradan çıxırlar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Alfons nədir?  Əvvəla onu qeyd edək ki, alfons qadının (arvadının və ya sevgilisinin) hesabına yaşayan, onun pulundan, mənzilindən, avtomobilindən və digər imkanlarından istifadə edən kişidir. Bu kişi özü işləmir, əziyyət çəkmir, qazanmır, qadının hesabına yaşayır. 

Tarix boyu bu cür kişilər varlı, zəngin qadınları tovlayaraq onların hesabına firavan həyat sürüblər. 

“Alfons” sözünə ilk dəfə 1873-cü ildə fransız yazıçısı oğul Aleksandr Dümanın yazdığı “Müsyö Alfons” pyesində rast gəlinir. Məhz bu əsərdə yaradılan “alfons” obrazı ilk dəfə ədəbi dünyada müəyyənləşib. 

Bir məsələni də diqqətinizə çatdırım ki, Alfonso adı ispandilli xalqlarda ən məşhur adlardan biridir. Mənası isə “igid ər” və ya “igid kişi” deməkdir. Bu adın qadın variant da mövcuddur ki, o da Alfonsino kimi səslənir. 

Amma bu gün alfons sözü birmənalı qarşılanır. Əfsuslar olsun ki, dünyanın bu gün bəşəriyyətə bəxş etdiyi elmi-texniki tərəqqiyə baxmayaraq, ən azından İlon Mask hər həftə Marsa “Falcon” raketiylə yük daşıyır, qaz-vurub, qazan doldurur, çoxları hələ də arvadın boynunda oturub, ayaqlarını sallamaq arzusundadır. 

Bəziləri xarici görünüşü və ünsiyyət qurmaq bacarığına görə bu sahədə müəyyən uğurlar əldə etsə də, bəziləri buna mənəvi zor tətbiq etməklə nail olur. 

Məsələn, cəmiyyətdə kifayət qədər rastlaşdığımız “ailə” modeli. Qadın gecə-gündüz işləyir, məsələn kafedə qab yuyur və ya təmizlik işinə baxır, ya da ofisdə çalışır, ər isə bütün günü evdə oturur, ya da orda-burda veyillənir. Evin heç bir işində rol oynamır. Uşaqları bağçaya, məktəbə qadın aparır, evin işini qadın görür, hələ bir işləyib də evə qazanc gətirir. Hələ kişi dediyin bu puldan öz ehtiyaclarını da ödəyir. Siqaret pulu, taksi pulu və s.

Kişidən də soruşanda “ay filankəs müəllim, niyə işləmirsiniz?” cavab verir ki, “mən 500-600 manatlıq işdə işləyəsi deyiləm. Mən diplomu ona görə almamışam. 

Əvvəla həmin diplomun necə əldə olunduğu artıq əsaslı şübhələr yaradır. Çünki əziyyət çəkib heç olmasa bir kitab oxuyan adam ailəsinin, balasının boğazından kəsib siqaretə və başqa şeylərə pul xərcləməz. Çünki bu kitab elə məsələdir ki, istər-istəməz adamın beyninə təsir edir. 

İkincisi də adam necə vecsiz olmalıdır ki, ömür boyu ata-ananın, sonra da arvadın hesabına yaşasın. Və gələcəkdə də özünü övladlarının üstünə atsın. “Atalarıyam, baxmalıdırlar” deyərək.  Bu davranış modelinə “məişət alfonsu” deyilir. Qeyd edim ki, bu kimi “məişət alfonsu” bizim cəmiyyətimizdə durmadan artır. Hətta deyərdim ki, alfonsluğun milli növünü də yaratmışıq. İmkanlı yerin qızını alıb, oğlunu yerbəyer etmək. Bunun üçün kifayət qədər səy göstərən ana-atalar da var. Sanballı qayınatanın himayəsini qazanmaq üçün dəridən-qabıqdan çıxan kürəkənlər də az deyil. Arvad hesabına vəzifə, ev-eşik sahibi olanlar da. Təəssüf ki, bu gün bu hal kütlə tərəfindən dəstəklənir. Kişi obrazı getdikcə cılızlaşır, kişinin cəmiyyətdəki sanbalı, igid, əsl ər dəyəri azalır. 

Alfonsluq ayıb sayılmır. 

Alfonsun ikinci növü də var ki, buna “peşəkar alfons” deyilir. 

Bu adamlar hər zaman mükəmməl xarici görünüşdə, bahalı geyim və aksesuarlarla zəngin  qarderoba malik, ideal saç düzümü ilə peşəkarcasına qadınları ovsunlayırlar. Vacib məqam isə ondan ibarətdir ki, “peşəkar alfonsları” ancaq varlı-hallı qadınlar cəlb edir. Daha sonra tora düşən qadından yavaş-yavaş pullar qoparılmağa başlanır. Məsələn borc ver, sonra qaytararam. Və ya öz avtomobilimi keçən həftə qəzada çilik-çilik etmişəm, səninkini sürüm və s. kimi ifadələr işə düşür. 

“Peşəkar alfonsların” da iki növü var. Gizli və aşkar. Yuxarıda haqqında danışılan gizli alfonsdur. Çünki o özünü varlı qadına varlı kişi kimi göstərir, sonra dələduzluqla qadının hesabına yaşamağa başlayır. 

Aşkar alfons isə bəri başdan qadınla şərtini kəsir ki, səninlə “eşq oynadığıma” görə mənə filan qədər qonorar verəcəksən. Hər iki tərəf qiymətdə razılaşma əldə etdikdən sonra “eşq romanı” yaşanmağa başlanır. 

Bəs bu adamlar-alfonslar haradan çıxırlar? 

Psixoloqlar deyir ki, alfonsun qadınlarla qurduğu münasibət valideyn-övlad yəni ana-oğul münasibətinə çox oxşayır. Qadın onun qeydinə qalır, bütün problemlərini həll edir, əvəzində isə alfons – uşaq kimi ananın dediyini edir, onun sözünə qulaq asır. Sən demə bunun əsasında isə uşaqlıqda alınan tərbiyədir. Əgər oğlan uşağının aldığı tərbiyə avtoritar tərbiyə olubsa, bu zaman şəxsiyyətin sıxışdırılması, uşağın müstəqil qərar vermək haqqının olmaması, məsuliyyət hissinin azalmasına gətirir. Öz arzularını müdafiə edə bilməməsi, illər sonra onu manipulyatora çevirir. İstəklərinin həyata keçirilməsi üçün ən müxtəlif yollara əl atırlar. 

İkinci vacib psixoloji məqam odur ki, alfonslar adətən narsistikdən-şəxsiyyət pozğunluğundan əziyyət çəkir. Bu nədir bəs? 

Özünü həddindən artıq dəyərli hesab etmək. Empatiya əskikliyi, tənqidlərə qarşı dözümsüz olmaq, müvəffəqiyyət və qabiliyyətlərini şişirtmək, həddindən artıq diqqət, heyranlıq, iltifat gözləmək.

Bunun əsasında isə uşaqlıq və yeniyetmə yaşlarında valideyn sevgisinin əskikliyi, istilik və dəstəyin olmaması durur. 

Bu insanlar həm də depressiyaya meyilli olurlar. Narsizm çox vaxt incəsənət, idman və buna oxşar sahələrdə olan insanlarda tez-tez rast gəlinir. 

Bir də bu tip adamlar özlərindən daha zəif olanlara tez-tez qəddarlıq göstərir, qadınlara qarşı dözümsüz davranır, imkan düşdükcə onları mənəvi məhv etməyə çalışırlar.  

Bütün bu elmi əsasları misal gətirməkdə məqsədim odur ki, bu gün tənqid etdiyimiz alfonsları elə özümüz tərbiyə edirik. Ailədə, bağçada, məktəbdə. 

Bu uşaqlar aldıqları psixoloji travmalar nəticəsində qəddarlaşır və böyüdükcə bunun intiqamını digər insanlardan alırlar.

Bəs nə etməliyik? Cinsindən asılı olmayaraq evimizdə böyütdüyümüz hər bir uşağa məsuliyyət, empati, qayğı hissini aşılamalıyıq. Onun müstəqil qərar verməsi üçün imkanlar yaratmalıyıq. Bu uşaq anlamalıdır ki, onun valideynləri onu övladları olduğu üçün sevirlər, riyaziyyatdan birinci olduğu üçün yox.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri