12 
İyn
2022
14:42
119
43
1983
Virtual karabakh

Doktorantura və dissertanturaya xarici dildən qəbul imtahanı keçirilib - YENİLƏNƏCƏK

12 İyn, 2022
14:42
1983

Doktorantura və dissertanturaya xarici dildən qəbul imtahanı keçirilib - YENİLƏNƏCƏK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərdə keçirilib və saat 11:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ayrılıb.

İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.

İmtahan nəticələri danışıq bloku, yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra, 3 həftə ərzində elan olunacaq.

Qeyd edək ki, həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 13-də keçiriləcək. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

10:00

İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilir.

Bu gün, həmçinin buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 8-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də imtahanda “qeyri-məqbul” qiymət almış cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) təşkil edilir.

DİM-dən Oxu.Az-a bildirilib ki, doktoranturaya qəbul imtahanına 1 718 nəfər (1 672 nəfər ingilis dili, 24 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 491 nəfər (470 nəfər ingilis dili, 14 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 9 əcnəbi isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı verəcək.

İmtahanda 2 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

Azərbaycan dili (dövlət dili kimi) imtahanında isə 1 153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri