16 
İyn
2022
17:24
58
12
2640
Virtual karabakh

Siz bu övlad qatilini tanıyırsınız, yaxşı fikirləşin, tanıyırsınız!

16 İyn, 2022
17:24
2640

Siz bu övlad qatilini tanıyırsınız, yaxşı fikirləşin, tanıyırsınız!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

İndi şagird intiharları mövsümüdür... İntiharlar iki cümləlik təsadüfi bir xəbər kimi lentdə dövr edir. Hər şey elə adiləşib ki, bir dəqiqə keçməmiş unuduruq. Biz unutsaq da Əzrail unutmur, yeni bir can alır. Yeni bir nəfəsi söndürür. Silsilə qətllər davam edir... 

Təhsil naziri daima bu barədə qeydlər paylaşır. İntihar edib sağ qalan məktəblini ziyarət də etmişdi. Bütün bunlar gərəklidir, önəmlidir, ancaq bu sahədə araşdırmalar aparmaq, vəziyyəti ortaya çıxardıb səbəbləri tapmaq gərəkdir. Məsələnin bu hissəsini psixoloq, sosioloq, pedaqoqlara həvalə edib öz işimizə baxaq. Yəni, məsələnin fəlsəfəsinə... Valideynlərin məsuliyyəti və münasibətinə...

Valideynlərin yanaşması bəzi hallarda faciəvi nəticələr yaradır... Onlar öz uşaqlarına ayrıca şəxsiyyət kimi yox, öz əlavələri kimi baxır. Özlərinin nail ola bilmədiyi sosial statusa, nüfuza, şöhrətə və sərvətə onların çatmasını istəyir. Qıraqdan sadə, təbii və hətta məsum görsənir.

Ancaq belə valideynlər uşağın iradəsini sındırır, onu mütiləşdirir. Uşaqlar çox güclü emosional manipulyasiyaya, müntəzəm şəkildə ittihama məruz qalır. Onsuz da kövrək olan iradələri qırılır, onları qurbana çevirirlər. Söhbət yeniyetmədən gedir, hələ formalaşmayan, yetkinləşməyən, valideyn təzyiqlərini normal bir hal bilən uşaqlardan... Yeniyetmə valideynin təzyiqini adi qəbul edir, onun gözündə bu, sanki belə də olmalı imiş kimi görünür. Uğursuzluğunun günahını özündə görür. Bir növ Stokholm sindromu kimi, qurban quldura simpatiya bəsləyir. Tənələr, qısnamalarla, aşağılamalarla yeniyetmələrdəki günahkarlıq kompleksi daha da dərinləşdirilir. 

Humanitar fənləri yaxşı qavrayan uşağın həkim olmağını istəyirlər. Başı riyaziyyata işləyəndən hüquqşünas, rəssam olmaq istəyəndən iqtisadçı düzəltmək istəyirlər. Valideyn övladını öz arzularına uyğun yaratmaq istəyir. Nitsşe insanı “nədirsə o olmağı rədd edən yeganə canlı” kimi təsvir edirdi. Belə valideynlər kimi... Kağızdan çamadan, buzdan samovar, taxtadan qılınc düzəltmək kimi...

Uşağa öz layihəsi, özünün ikinci həyatı, özünün xilaskarı  kimi baxır. Gerçəkləşdirə bilmədiyi xəyalları onun boynuna yükləyir. “Camaat nə deyər” qınağına onu sipər edir. Başqalarının gözündə nüfuz qazanmaq, təkəbbür göstərmək üçün uşaqdan barrikada düzəldir. Araq məclisində, qadın salonunda öyünmək üçün uşağı ilə qeyri-insani rəftar edir, onu pisikdirir. Uşağın nə istədiyi soruşmadan, onun imkanlarının fərqinə varmadan, arzularını bilmədən, istedadının, qabiliyyətinin istiqamətini axtarmadan, uşağın insan olduğunu, şüura, ruha, ürəyə və diləyə sahib olduğunu unudaraq  qab-qacaq dükanına girən fil kimi uşağın mənəvi aləmini darmadağın edirlər. Halbuki insan öz arzularını reallaşdıranda xoşbəxt olur. İnsan özü olanda ucalır, öz istəklərini gerçəkləşdirdikcə bütövləşir, möhkəmlənir... İnsan özünü dərk etdikcə insan olur, şəxsiyyət olur. Ancaq bu cür valideynlər uşaqlarının arzularını ürəklərində boğurlar. Bu şəxsiyyətə qarşı törədilən cinayətdir, insanın qətlidir, repressiyadır.

İnsan ancaq silahla ölmür. Sözlə də ölür... Pisikdirməklə, qısnamaqla, burunlamaqla, danlanmaqla da ölür... İşgəncə təkcə əllə verilmir ki... Dilin yaraları da ölümcüldür... Sınan təkcə sümük deyil ki... Könül də sınır. Ruha sancılan mismarların yarası həmişə qanayır. 

İntiharlar uzunmüddətli, sürəkli emosional manipulyasiyanın, qısnamanın yaratdığı dərin depressiyaların nəticəsi kimi üzə çıxır. Depressiyanın ən mühüm əlaməti insanın özünü günahkar hiss etməsidir. Günahkarlıq hissi dərinləşdikcə uşaq ölümün ağuşuna sürüklənir. Onların  arasında valideynlərini cəzalandırmaq üçün  intihara əl atanlar da var. Mütləq var. 

Sizə bəlkə qəribə gələcək, ancaq ən pis nəticə bəlkə də intihar deyil. Ən pisi dirigözlü ölməkdir, müqəvva kimi yaşayıb hissləri boğmaqdır, maddi dünyada yaşayıb mənəvi həyatla bütün əlaqələri qırmaqdır. Ruhən ölüb, cismən mövcud olmaqdır. Ən pisi ölmək yox, təslim olmaqdır. Ən pisi məğlub olmaq, ya ölmək deyil, xain olmaqdır, casus olmaqdır. “1984” romanının son səhifələrində Vinston Smitin göz yaşları yadınızdadır?
 
Ən pisi isə budur ki, arzuları abort edilmiş uşaqlar da sabah eynən valideyni kimi bir duyğular qatili, arzular cəlladına çevrilir. Sabah bütün bunlara məruz qalan insan özü öz övladı üzərində potensial qatilə çevrilir. Cəllad valideynlərin qatil övladları... Seriyalı qətllər zənciri beləcə sürəkli dövr edir.

Cəmiyyətdəki üfunətin səbəbi də budur. Çürümüş, iylənmiş arzuların qoxusudur o... Arzular qəbiristanlığının qoxusudur. 
 
Özü ola bilməyənlərin başqaları üzərində ruhi mühəndisliyi, könül memarlığı, mənəviyyat bənnalığı fəlakətdir. Və qatillik irsi xəstəlikdir... (Nə yaxşı ki, həmişə irsən ötürülmür) Bütün bu yazılanların fonunda abituriyentlərin intiharları daha aydın şəkildə görünür.

Görkəmli fransız filosofu və ədibi Jan Pol Sartrın “Bağlı qapı arxasında” ( “No exit”. Sərbəst tərcümə - Q.T.) pyesində bir-birini tanımayan üç şəxs özlərini cəhənnəmdə tapır. Onlar işgəncə, əzab, zülm və zorakılıq gözləyirlər. Ancaq bunların heç biri yoxdur.  Və süjet davam etdikcə məlum olur ki, əslində onlar bir-birlərinin cəhənnəmi, bir-birilərinin cəzalarıdır. O məşhur aforizm də bu pyesdəndir: “Cəhənnəm başqalarıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri