İyl
2022
10:42
30
91
4491
Virtual karabakh

Universal həsir, dəbdən düşməyən qara, Bakının “bəbir”ləri: “Hər qadında elə çanta var” - MÜSAHİBƏ + FOTO

5 İyl, 2022
10:42
4491

Universal həsir, dəbdən düşməyən qara, Bakının “bəbir”ləri: “Hər qadında elə çanta var” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün istər rəng seçimi, istər geyim üslubu baxımından cəmiyyətdə müxtəlif obrazlar görə bilirik. Əksər hallarda insanlar izlədikləri filmlərdə və ya dünyaca məşhur insanların qala gecələrində geyindikləri libaslara, onların üslublarına uyğunlaşmağa çalışırlar. Təəssüf ki, bu üslubun, rəngin onlara yaraşıb-yaraşmadığını düşünən çox az olur. 

Bəs görəsən, bu gün ölkədə dəb nə durumdadır? İnsanlar geyimləri düzgün uyğunlaşdırmaq üçün hansı detallara diqqət etməlidirlər? Tez-tez gözümüzə dəyən həsir çantaların əslində hansı geyimlərə yaraşdığını bilirsiniz?

Oxu.Az-ın bu və digər suallarına dizayner Vəfa İsazadə ilə müsahibə zamanı cavab tapdıq: 

- Modelyer, dizayner kimi bu gün cəmiyyətdə geyim üslubu, rəng seçimi sizi qane edirmi?

- Qeyd etməliyəm ki, əvvəlki illərə nisbətən məhz əlvan rənglərə üstünlük çox artıb. Əvvəl daha çox orta yaşlı xanımlarımız əlvan rənglərdən qaçıb, qara və tünd rənglərə üstünlük verirdilər. Bu gün gənc nəsillə yanaşı, orta yaşlı xanımlarımız da daha əlvan görünməyə çalışırlar. Mənə çox gözəl təsir bağışlayır və düşünürəm, çox da yaxşı alınır.

- Siz bir çox şəhərlərdə olmusunuz, Bakıdakı gənclərin geyim üslubu, görünüşü çoxmu fərqlənir? 

- Deyə bilmərəm ki, bizim gənclərin geyim tərzi məni tam qane edir. Çünki bəzən uyğunsuzluq görürəm və bu da məni məyus edir. Ona görə məyus edir ki, artıq internet dövründə yaşayırıq. Bütün informasiya, həmçinin dəblə bağlı hər şey, yeniliklər əlçatandır. Yəni oxuyub maariflənmək kecmişə nisbətən daha əlçatan və rahatdır. Ümumilikdə götürsək, xeyli irəliləyiş var. Bu da sevindirici haldır ki, gənclərimiz daha zövqlü geyinməyə çalışırlar.

- Öz tərziniz barədə danışardınız, Vəfa İsazadə dizaynı nə ilə fərqlənir? 

- Vəfa İsazadənin dizaynları ilk növbədə sadəliyi və “casual” (gündəlik) stilində olmağı ilə fərqlənir. Mən heç vaxt çətin dizaynlar yaratmamışam. Tam əksinə, istəmişəm ki, yaratdığım geyim və aksesuarlar rahat olmaqla yanaşı, daşınan olsun. Yəni geyimlər sadəcə qarderobda yatmasın.

- Bir neçə il əvvəl sarı rəng, eləcə də bəbir dərisi naxışlı parçalardan geyimlər dəbə düşmüşdü. Ölkəmizdə bundan o qədər çox istifadə etdilər ki, artıq insanları yormağa başladı. Cəmiyyətimiz bu kimi yeniliklərə niyə hazır deyil, sizcə?

- Əslində, qeyd etdiyiniz parçadan geyim hər adama yaraşmır. Həmişə qeyd edirəm ki, “dəb - izə yaraşandır”. Bu gün qeyd etdiyiniz parçadan geyim dəbdədirsə, o demək deyil ki, yaraşdı- yaraşmadı, hamı geyinməlidir. Belə məcburiyyət yoxdur. Məhz elə bu tip yenilikləri düzgün qəbul edib doğru geyinmək lazımdır. Yəni yaraşırsa, geyinməlisən ki, kənardan da gözəl görünsün.

- Vəfa xanım, insanlar niyə bu qədər mühafizəkardırlar, ənənəvi rəng çalarlarına daha çox üstünlük verirlər?

- Bu söz çox yorucu olub son zamanlar. Amma bizim xalqımız milli dəyərlərə və ənənələrə çox üstünlük verir. Bu, əslində, çox gözəldir. Biz bu ənənələri nəsildən-nəslə ötürürük. Yəni o fikirlərlə tam razı deyiləm. Çünki son zamanlar yerli dizaynerlərimiz məhz elə milli ənənələrə bağlı olan ornamentlərlə müasirliyi sintez edib, çox gözəl kolleksiyalar yaradırlar. Buununla da həm ənənələrimiz qorunur, həm də yeniliklərin yaranmasına təkan verir.

- Necə düşünürsünüz, gənclərimiz geyim və üslub cəhətdən çox cəsarətlidirlər, yoxsa zövqsüz?

- Əsla kimisə zövqsüz adlandıra bilmərəm. Bu, düzgün çıxmaz. Amma geyimi düzgün uyğunlaşdırmayan gənclərimiz də az deyil. Düşünürəm, bu da dəblə az maraqlanmaqdan irəli gəlir. Dəbi yaxından izləsələr, çox gözəl olardı. Cəsarətə gələndə, əlbəttə, bu gün biz şəhərdə və yaxud ziyafətlərdə çox cəsarətli, həmçinin zövqlə geyinən insanlar görürük. Cəsarətli geyinmək deyəndə tək açıq-saçıq geyimlər nəzərdə tutulmur. Yəni bu məfhum özündə çox əlvan, çılğın rəngli geyimləri də ehtiva edir.

- Öz işinizdə tez-tezmi milli motivlərə müraciət edirsiniz? 

- Təbii ki, geyim hazırlayanda mən də Azərbaycan xanımını nəzərə alıb, çox da açıq geyimlərə üstünlük vermirəm. Çalışıram, xanımlarımız bu geyimlərdən gündəlik rahat istifadə edə bilsinlər. Təbii ki, açıq geyim olsa, gündəlik geyinmək mümkün olmayacaq.

- Bir müddət yalnız çimərlik mövsümü gördüyümüz həsir çantalar artıq gündəlik istifadə edilir. Yəni bunlar o qədər universaldır ki, hər geyimə yaraşır?

- Əslində, toxunma çantalar həmişə dəbdə olub və olacaq da. Bu, bir növ, baza aksesuarı sayılır. Yəni hər zaman dəbdə olacaq. Əminəm ki, xanımlarımızın əksəriyyətində toxunma və həsir çantalar var. Əvvəlki illərə nisbətən bu il toxunma çanta və geyimlər çox dəbdədir. Mənim son kolleksiyamda da toxunma çantalar yer almışdı. Xanımlarımız tərəfindən çox maraqla qarşılandı.

- Çoxları Bakıda insanların qara rəngdə paltar geyinməsindən gileylənirlər. Sizcə, bu nə ilə bağlıdır?

- Bayaq da qeyd etdiyim kimi, qara sanki ənənəvi rəngə çevrilib. Bu, tək bizdə deyil, bütün dünyada qara rəngə üstünlük verənlər çoxdur. Amma əvvəlki qədər qara geyimli xanımlara rast gəlmirəm. Amma elə xanımlar var ki, məhz qara rəngi sevir və bu fikirdən də dönmək istəmirlər.

- Vəfa xanım, geyim məsələsində zövqü formalaşmayan insanlar necə təkmilləşə bilərlər?

- Yalnız və yalnız dəblə bağlı verilişlərə baxmaqla. Hətta dəb kanalları var, onları izləməyi tövsiyə edirəm. Həmin kanallarda 24 saat dəb, geyim üslubundan danışılır, əyani sürətdə nümayiş etdirilir. İnternet də bu işdə ən böyük yardımçıdır.

- Rəng, aksesuarlar necə seçilməlidir? Əsas meyarlar nələr olmalıdır?

- Rəng seçimi ilk növbədə insanın dərisindən asılıdır. Elə adam var ki, tünd rəng geyinəndə onu boğur. Aksesuar isə yenə də insanın boyu və çəkisindən çox asılıdır. Yəni bu gün alçaq boylu insan iri boyunbağı taxsa, təbii ki, ona yaraşmayacaq. Sırğaların modeli əsasən üz quruluşuna görə seçilir. Geyim modelləri isə yenə də insanın çəkisindən, bədən quruluşundan asılıdır. Ən əsası - geyimlə bədənin minuslarını düzgün şəkildə gizlətməyi bacarmalıdırlar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri