26 
İyl
2022
16:47
315
20
7474
Virtual karabakh

14 il həbsi istənilən ləğv edilmiş MTN-in generalının mülkləri - SİYAHI + YENİLƏNİB

26 İyl, 2022
16:47
7474

14 il həbsi istənilən ləğv edilmiş MTN-in generalının mülkləri - SİYAHI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunması istənilib.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının çıxışında bildirilib.

Ümumilikdə orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklara müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir:

Mövlam Şıxəliyevin adına rəsmiləşdirilmiş orta bazar dəyəri 2 milyon 600 min manatlıq - Bakının Səbail, Nəsimi, Nizami və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar;

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri - 3 207 204 manat Ağdaş şəhərində, Bakının Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;

Mövlam Şıxəliyevin oğlu Elşən Şıxəliyev və qızı Samirə Şıxəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri - 3 288 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar.

Qeyd edək ki, prokuror Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevə 14 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədova 12 il, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərova 11 il, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

15:56

Prokuror ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin 14 il, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra vəkillər çıxış üçün vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Xatırladaq ki, MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şıxəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri