Avq
2022
15:32
534
17
6007
Virtual karabakh

“Ermənilərin qarşısında diz çökməmək üçün özümü qayadan atdım” – MÜSAHİBƏ + FOTO

9 Avq, 2022
15:32
6007

“Ermənilərin qarşısında diz çökməmək üçün özümü qayadan atdım” – MÜSAHİBƏ + FOTO

“Əsgər yoldaşımı çiynimə qaldırıb geri dönmək istəyəndə pulemyotla mənə atəş açdılar. İlk güllə sağ ayağımdan dəydi, əsgər yoldaşım çiynimdən düşdü. Bundan sonra ard-arda təxminən 20 saniyə ərzində dörd güllə yarası aldım. Ermənilərin qarşısında diz çökməmək üçün özümü 20-25 metrlik qayadan atdım”.

Bunu Oxu.Az-a açıqlamasında 44 günlük Vətən müharibəsinin iştirakçısı Ayxan İsayev deyib.

Qazimizlə Vətən müharibəsində iştirakı, necə yaralanması və hazırkı vəziyyəti ilə bağlı söhbət apardıq. Sözügedən müsahibəni təqdim edirik:

- Özünüz barədə məlumat verərdiniz.

- Mən 2001-ci ildə Ağdaş rayonunda anadan olmuşam. Ailədə özümdən başqa, üç qardaşım, bir bacım var. 44 günlük müharibə zamanı müddətli əsgər kimi ordu sıralarında xidmət edirdim.

- Hansı bölgədə yaralanmısınız?

- Füzuli rayonu Gecəgördü kəndi yaxınlığında, İlanlı dağı adlanan ərazidə. Ordumuz hücuma hazırlaşarkən onlar əks-hücuma keçdilər. Müşahidədə olan əsgər yoldaşlarımızla ermənilər arasında 12 metr məsafə var idi. İki əsgərimiz həmin müşahidəçi əsgər yoldaşlarımıza dəstəyə gedərkən onlardan biri güllə yarası aldı. Bu zaman mən 20-25 metrlik hündürlükdəki dərənin üstü ilə vurulan əsgər yoldaşımı çıxarmağa getdim. Xarabalıqların arxası ilə bir erməninin bizim əsgərlərə yaxınlaşdığını görüb atəş açdım və onu vurdum. Əsgər yoldaşımı çiynimə qaldırıb geri dönmək istəyəndə pulemyotla mənə atəş açdılar. İlk güllə sağ ayağımdan dəydi, əsgər yoldaşım çiynimdən düşdü. Bundan sonra ard-arda təxminən 20 saniyə ərzində dörd güllə yarası aldım. Ermənilərin qarşısında diz çökməmək üçün özümü həmin 20-25 metrlik qayadan atdım.

- Hansı müalicə proseslərindən keçmisiniz, hansı dəstəklər göstərilib sizə?

- İyirmi dörd dəfə əməliyyat olunmuşam, ayağım isə beş dəfə amputasiya edilib. Fizioterapiyalara getmişəm. Əməliyyatlarımın hamısı, həmçinin müalicələrim Azərbaycanda olub.

- Protezlə təmin olunmusunuz?

- Bəli, olunmuşam.

- Hazırda səhhətiniz necədir?

- Yaxşıdır. Problemlər geridə qalıb, hər şey qaydasındadır.

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri