14 
Avq
2022
12:47
32
425
4233
Virtual karabakh

“Əl yandıran” qiymətlər, oyuncaqsız qalan qız, atanın susqunluğu – FOTOREPORTAJ

14 Avq, 2022
12:47
4233

“Əl yandıran” qiymətlər, oyuncaqsız qalan qız, atanın susqunluğu – FOTOREPORTAJ

Yolumuz uzundur... Ünvanımız isə ruhumuzdakı o uşağı canlandırmağa doğrudur. Nə qədər inkar etsək də, hər birimizin içərisində balaca bir uşaq yatır. Bəziləri uşaqlığı yaşaya bilməyiblər, bəziləri isə çox tez böyüyüblər. Bu səbəbdən həmin insanlar oyuncaq görəndə istəmədən xoşbəxt olurlar.

Oxu.Az-ın müxbirinin oyuncaq mağazasından reportajını təqdim edirik.

Budur. Özümü böyük bir uşaq dünyasının içərisində tapdım. Mağaza sanki səssizliyə qərq olub... Əylənmək üçün istifadə olunan oyuncaqlardan sanki artıq imtina ediblər.

Mağaza boyu rəflərə düzülən fərqli oyuncaqlar var. Baxdıqca insanın ruhu o qədər rahatlaşır ki, bir an hamısını yerə töküb, oynamaq istəyirsən. Lakin sonra reallığı qəbul edib, sakit dayanırsan. Beynində “sən artıq uşaq deyilsən” kəlmələri dolaşır.

Mağazada müxtəlif çeşidli oyuncaqlar var. Lakin müştərisi çeşidi qədər deyil.

Oyuncaqlara nəzər yetirərkən mağazaya daxil olan cütlük diqqətimi çəkir. Onların doğulacaq körpələri üçün oyuncaq seçdikləri bəllidir. Üzlərində o qədər böyük xoşbəxtlik var ki, sanki o xoşbəxtliyi qucaq dolu hər kəsə ötürmək istəyirlər. Ana olacaq qadının bəyəndiyi müəyyən oyuncaqlar var. Lakin sevincləri çox çəkmir.

Cütlük arasında keçən dialoq:

- Rəhim, səncə də, çox gözəl deyil? Qızımız çox bəyənər. Alaq?

- Sevgilim, buna pulumuz çatmır. Söz verirəm ki, bir gün qızımıza bundan da bahalı oyuncaqlar alacam. Amma bu dəfə ala bilmirəm.

Bu danışıqdan sonra cütlük məyus içində mağazanı tərk edir...

Yenidən uşaq dünyasına qayıdıb, rəflərdə düzülən yüzlərlə oyuncaq çeşidlərinə baxıram.

Səssizliyə qərq olan mağazada sükut bir ailənin daxil olması ilə pozulur. Ata-ana və qız uşağı...

Məlum olur ki, valideynlər balaca qızlarının dostu üçün hədiyyə almağa gəliblər. Balaca qız həvəslə dostuna hədiyyə seçməyə çalışır. Bəlkə də, ilk hədiyyə seçimidir.

Aha, qız hədiyyəni seçib, valideynlərinə göstərir. Atası birinci hədiyyənin qiymətinə baxır:

-Yox, qızım. Bu çox bahadır. Gəl, başqa mağazalara baxaq.

- Yaxşı, ata. (Qız üzündə məyusluqla)

Uşaqları xoşbəxt etmək üçün yaradılan oyuncaqların onlara alına bilməməsi nə dərəcədə doğrudur?

Düşüncələrimlə hisslərimin qarışdığı vaxtda mağazaya qaçaraq iki oğlan uşağı daxil olur. Üzlərində qorxu var. Sanki kimsə bu dəqiqə bunları qovacaqmış kimi... Elə də olur.

Onlar mağazaya daxil olan kimi biri böyük oyuncaq maşınların üzərinə yüyürür,  digəri isə pianonun. Bu sevincin çox qısa olduğunu bilsələr belə, anın dadını çıxarırlar.

Az keçmir ki, mağazanın satıcıları gəlib, onları çıxarmağa çalışırlar. Üzlərindəki kədər ifadə olunmaz dərəcədə ağırdır. Axı onlar qırıb-tökmədən, səssizcə, olmayan uşaqlıqlarını bir neçə dəqiqə içərisində yaşamaq istədilər. Lakin buna da icazə yox imiş...

Mağazanı gəzdikcə real həyatda gördüyümüz hər şeyin artıq oyuncağa çevrildiyinin şahidi oluruq. Elə oyuncaqlar var ki, hətta prototiplərindən seçilmir.

Mağaza satıcılarından alıcılıq qabiliyyətinin necə olduğunu soruşuram:

“Gün ərzində üç-dörd nəfər oyuncaq alar, ya almaz. Real danışsaq, oyuncaqların qiyməti günü-gündən artır. Hər gün yüzlərlə valideynin mağazaya gəlib, qiymətlərin yüksək olduğunu görəndən sonra getməyinin şahidi oluruq. Hətta bir dəfə valideyn uşağına oyuncaq ala bilmədiyi üçün ağlayaraq mağazadan çıxmışdı”.

Mağazada ən ucuz oyuncağın qiyməti 15, ən bahalısının isə 200 manatdan çoxdur. Qiymətlər göz qamaşdırır. Oyuncağın qiymətinin bu qədər olması təəccüb doğurdu.

Artıq uşaqlarımızın uşaqlıq dövrü də əlindən alınıb - telefon, texnika, kompüterlərin dünyasına qərq olduğumuz dövrdə uşaqların bahalıq səbəbindən oyuncaqsız qalması nə qədər ədalətlidir?

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri