29 
Sen
2022
18:10
18
192
2502
Virtual karabakh

Yolda qalanlarla yolda qoyanların bitməyən savaşı: TIXACLARA necə son qoyaq? - FOTO

29 Sen, 2022
18:10
2502

Yolda qalanlarla yolda qoyanların bitməyən savaşı: TIXACLARA necə son qoyaq? - FOTO

Hər gün işə, məktəbə, ümumiyyətlə ünvana çatmaq üçün yola çıxan hərəkət iştirakçıları saatlarla yolda qalmaqdan şikayət edirlər. Elə biz də daxil olmaqla səhər saatlarında işə, axşam saatlarında da evə vaxtında çatan bilənlər bəxtəvər hesab olunurlar. Sumqayıtda yaşayan şəxs Bakıda səhər saat 9-da işə çatmaq üçün saat 07:00-da evdən çıxır, amma yenə də işə gecikir.

Baxmayaraq ki, Sumqayıt-Bakı elektrik qatarı da fəaliyyət göstərir, şikayətlər bitmək bilmir. Bir-birindən təxminən 30 kilometr məsafədə yerləşən iki şəhər arasında işgəncə çəkən insanlar isə bu problemə çıxış yolu axtarırlar.

Xüsusilə qeyd edək ki, hər zaman yaşanan tıxac problemini bu qədər qəlizləşdirən nüanslardan biri tıxacların Xırdalan dairəsindən deyil, artıq “Abşeron şəhərciyi” deyilən ərazidən başlamasıdır. Şəhər daxilində də tıxacların sayı artır. Bunun səbəbləri ilə bağlı dəfələrlə yazılır, şikayətlər edilir, ancaq heç biri də öz həllini tapmır.

Tez-tez yaranan tıxacların bir səbəbi nasaz avtomobillərin yolda qalmasıdır. Avtomobillərin vəziyyətinə sürücünün laqeyd yanaşması bir kənara, texniki baxışdan keçirilən zaman tədbir görülməməsi də bir başqa problemdir. Sual yaranır ki, texniki baxışdan keçirilən zaman problemli nəqliyyat vasitələrinə nəzarət mexanizmi necə həyata keçirilir?

Bir digər problem yanacağın bitməsidir. Bir çox ölkələrdə yanacaq sərfiyyatına nəzarət etmədən yola çıxan sürücülər bu səbəbdən yolda qalan zaman bu, inzibati məsuliyyət yaradır. Lakin bizdə bu məqam da insanların vicdanına buraxılıb. Heç kim burada sürücünü və ya polis əməkdaşlarını günahlandırmır, qıcıq yaradan məqam bir nəfərin diqqətsizliyi səbəbindən digər hərəkət iştirakçılarının yolda əlavə vaxt itirməsidir. 

Nəzərə almaq lazımdır ki, polis əməkdaşları da əraziyə uçaraq deyil, nəqliyyat vasitəsi ilə gəlirlər. Sadalanan problemlər onların xidmət aparmalarına da mənfi təsir göstərir. Nəqliyyatın hərəkətini tənzimləmək üçün bir çox hallarda YPX əməkdaşları avtomobili itələyərək yolun hərəkət hissəsindən kənara çıxarmağa çalışırlar. Yəni problemin həlli kimliyindən asılı olmayaraq hər kəs üçün rahatlıq deməkdir.

Təbii ki, texniki cəhətdən problemi olan avtomobil qəza vəziyyəti yaradır, tıxaca da səbəb olur, qəzaya da. Bir sözlə, texniki cəhətdən saz olmayan avtomobillər nəinki digər hərəkət iştirakçıları üçün, elə yol polislərinin özü üçün də problemdir. Birmənalı olaraq iş yükünü artırır. Lakin cavab axtardığımız məqam bu tip maşınları olması deyil, niyə olmasıdır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxtda avtomobillərin gündəlik hərəkətinin düzgün tənzimlənməsi məqsədilə istər paytaxtın giriş-çıxış nöqtələrində, istərsə də mərkəzi küçə və prospektlərdə, orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, yolayrıclarında Yol Patrul Xidmətinin (YPX) əməkdaşları gücləndirilmiş qaydada xidmət aparırlar:

“Lakin bir çox hallarda süni tıxacların yaranmasına elə nasaz nəqliyyat vasitələri ilə yola çıxan sürücülər də səbəb olurlar. Bundan başqa, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən fiziki və hüquqi şəxslər də unutmasınlar ki, dayanacağa intervalı düzgün təyin olunmamış avtobusların bir neçəsinin eyni anda daxil olması, ardıcıllıqla deyil, yolun hərəkət istiqamətində paralel şəkildə dayanması da tıxacların yaranmasına səbəb olan əsas amillərdəndir.

Xüsusilə ictimai nəqliyyatın idarəolunmasına məsul olan tərəflərə, eyni zamanda şəxsi nəqliyyat vasitələrini idarə edən şəxslərə avtomobillərin sazlığının qaydasında olmasına daim diqqət yetirmələrini tövsiyə edirik. Yol hərəkətinin təşkili zamanı hərəkətin sıx olduğu ərazilərdə hadisələrə düzgün qiymət verməyi də təklif edirik. Məsələlərə eqoist münasibət göstərmədən, yol hərəkəti iştirakçısı kimi, özünə və ətrafdakı insanların gündəlik hərəkətlərinə münasibətdə məsuliyyəti artırmaqla da sıxlıqların qarşısı əhəmiyyətli dərəcədə alına bilər”.

Sürücülərin avtomobillərə laqeyd yanaşması və texniki baxış nəticələri

Polis mayoru onu da qeyd edib ki, nəqliyyat vasitələrinin texniki baxış məsələsi dövri xarakter daşıyır:

“Yeni avtomobillər üçün beş il, istehsal tarixi beş ildən on ilə qədər olan avtomobillər iki ildən bir, on ili keçən avtomobillər üçün isə ildə bir dəfə texniki baxış nəzərdə tutulur. Texniki baxış zamanı avtomobilin tam idarəetməyə uyğunsuz olduğu halda onun istifadəsinə məhdudiyyət qoyulur. Bir neçə nöqsan aşkarlanırsa, onlar sürücüyə rəsmən bildirilir. Bu nöqsanların aradan qaldırılması isə növbəti texniki baxışa qədər sürücünün məsuliyyətində qalır.

Avtomobilin texniki baxış prosesi həyata keçirildiyi zaman nəqliyyat vasitəsinin əyləc sistemində, sükan sistemində problem olarsa, yalnız o halda birbaşa idarəetmədən uzaqlaşdırılır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində qeyd edilir ki, sürücünün vəzifəsidir ki, avtomobilinin texniki sazlığına mütəmadi nəzarət etsin və onu saz vəziyyətdə idarə etsin. Yəni bu məsələni tək texniki baxışla əlaqələndirmək düzgün deyil”.

Avtomobilin yanacağına nəzarət etməyən sürücülər barəsində tədbir görülməlidirmi?

A.Əsgərli bildirib ki, ölkədə saymaqla bitməyən bir restoranlardır, bir də yanacaqdoldurma məntəqələri:

“Heç bir hərəkət iştirakçısı deyə bilməz ki, mən yanacaqdoldurma məntəqəsi ilə bağlı problem yaşayıram. Avtomobildə yanacaq sərfiyyatına nəzarət etmək üçün sadəcə, məsuliyyətli olmaq lazımdır. Nəqliyyat vasitəsində yanacaq azalırsa, məlumatverici işıq yanır. Bu o deməkdir ki, qalan yanacaqla təxminən 40-60 km məsafə qət edə bilər. Bu da ikinci bir məsələdir. Sırf bu məsələdə məsuliyyətsizlik edən sürücülərlə bağlı inzibati məsuliyyət yaradan maddə yoxdur.

Ümumiyyətlə, ölkəmizdə yol hərəkəti qaydaları əleyhinə olan pozuntular ilə bağlı İXM-dəki cəza sanksiyalarına baxanda və təhlil edəndə aydın olur ki, digər ölkələrlə müqayisədə sərt deyil, hətta deyərdim ki, kifayət qədər humanist mövqedədir. Məsələn, bir çox ölkələrdə sürücü qırmızı işıqda keçdikdə, qarşı hərəkət zolağına çıxdıqda və digər hallarda - misalların siyahısını uzatmaq mümkündür - sürücülük hüququ məhdudlaşdırılır. Lakin bizdə bu kimi hallar cərimə və cərimə balı ilə yekunlaşır.

Əslində, bizdə cərimə məbləği və ya cərimə balı, həmçinin digər hallarda sərt məqamlar bir sıra Avropa ölkələrində, eləcə də ABŞ və Yaponiya kimi beynəlxalq təcrübələrlə müqayisədə çox yumşaqdır, amma məsuliyyət hissi həmin ölkələrlə müqayisə belə, oluna bilməz. Çünki hamı sözdə istəyir ki, qanunun tələbinə riayət olunsun, lakin bu prosesi özündən kənarda görmək istəyir. Belə olanda da narazılıq qanunu tələb edənlərə yönəlir, bir sözlə, məsuliyyət hissimizin artırılması üçün cəmiyyət olaraq hələ çox iş görməliyik”.

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu mövzuda tələb çox, təklif azdır:

“Sərnişinlərin istifadə etdikləri nəqliyyat növləri üzrə statistikaya baxsaq, məsələn, Bakı-Sumqayıt elektrik qatarında gündəlik 23 min, Bakı metrosunda 750 min, avtobuslarla isə təkcə Bakı üzrə 2 milyon 200 min sərnişin daşınıb. İnsanların mobilliyini təşkil etmək üçün fərqli ictimai nəqliyyat növləri olmalıdır və balanslaşdırılmalıdır. Heç bir nəqliyyat növünə normadan artıq yük düşməməlidir.

Bakı-Sumqayıt marşrutu üzrə sıxlığın aradan qaldırılması üçün dəmiryolu qatarlarının sayı artırılmalıdır. Gəncə istisna olmaqla regionlararası sərnişin qatarlarının istifadəsi dayandırılıb. ADY-dən verilən məlumatda qeyd edilirdi ki, yeni qatarlar sifariş edilib. 10 qatardan 3-ü Bakı-Sumqayıt istiqaməti üçün nəzərdə tutulub. Bu qatarlar gələnə qədər regionlar üçün nəzərdə tutulan və əlimizdə olan qatarları sərnişin sıxlığını azaltmaq üçün Bakl-Sumqayıt xəttinə buraxmaq mümkündür.

Bundan başqa, iki şəhər arasındakı avtomobil yolu sürətli yol hesab olunsa da, tən ortasında metrobus xətti təşkil edilə bilər. Bu, tıxacların azalmasını köklü təsir edə bilər.

Bakıya gəldikdə isə əsas prospektlər üzrə aidiyyəti qurum analiz apara bilər. Burada yüngül relsli dəmiryol sistemlərinin tətbiqi məsələsinə baxıla bilər. Rahat keçidlərin, vahid biletlərin hazırlanması önəmlidir. Ümumiyyətlə, parkinq məsələsi də daxil olmaqla kompleks tədbirlər görülməlidir”.

Nəqliyyat vasitələrinin yanlış manevrlərinin yaranan sıxlığa təsirsiz ötüşmədiyini deyən ekspert qeyd edib ki, bu məsələlərdə ciddi nəzarət sistemi həyata keçirilməlidir. Eyni zamanda köhnə avtomobillərin utilizasiyası da tətbiq edilməlidir. Amma güzəştli şərtlərlə. Nəqliyyatın inkişafı üçün çeşidlənmə məsələsi gündəmə gətirilməli və birmənalı çıxış yolu tapılmalıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri