Noy
2022
15:16
145
10
3486
Virtual karabakh

Əliyar Ağayev: “Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi” - MÜSAHİBƏ

5 Noy, 2022
15:16
3486

Əliyar Ağayev: “Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2013-cü ildən beynəlxalq oyunlara təyinat alır.

O, ilk dəfə 2015-ci ildə Avstriyada “Rapid” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının qrup mərhələsinin görüşünü idarə edərək ölkə futbolunun tarixinə düşmüşdü. Ağayev 2016-cı ildə UEFA-nın birinci kateqoriyasına yüksəlib.

35 yaşlı ədalət təmsilçisi Azərbaycan futbolu tarixində ilk dəfə cari mövsümdə UEFA Çempionlar Liqasının qrup oyununa da təyinat alıb.

Referi Danimarkada “Kopenhagen”lə Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçirilmiş VI tur matçını idarə edib.

“Report” Əliyar Ağayevin təyinatla bağlı fikirlərini öyrənib: 

- İlk olaraq sizi təbrik edirik. Çempionlar Liqasının qrup oyununu idarə edəcəyinizi biləndə hansı hissləri keçirdiniz?

- AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek bu təyinatı mənə deyəndə çox sevindim. O məni təbrik etdi və bildirdi ki, mövsüm ərzində idarə etdiyin oyunların nəticəsinə əsasən sənə etimad göstərilib, bunu özün qazanmısan. Çox sevincli idim. Briqadaya bu xəbəri çatdıranda onlar da eyni hissləri keçirdilər.

- Bu qarşılaşmaya xüsusi hazırlığınız oldumu?

- Hər görüşə necə hazırlaşırıqsa, indi də o cür etdik. Bu matçı həddindən artıq şişirtmək, daha çox köklənmək bizim oyun idarəçiliyimizi, tərzimizi dəyişə bilərdi. Bu səbəbdən digər komandaları necə analiz edirdiksə, bu qarşılaşmaya da hazırlıq elə oldu. Təbii ki, ən vacib olan məsuliyyət idi. Bütün futbol ictimaiyyətinin diqqətinin bizdə olduğunu bilirdik. Bu, məsuliyyətimizi daha da artırırdı.

- Görüşün əvvəlində Dortmund təmsilçisində çıxış edən Emre Canla söhbət etdiniz. Maraqlıdır, nə haqda danışırdınız?

- Çox qısa dialoq alındı. Detallara varmaq istəmirəm. “Borussiya”dan ilk olaraq məhz Emre Can tunelə gəldi. Təbii ki, türkcə söhbət etdik. Amma xüsusi bir şey yox idi.

- Qarşılaşmanın sloveniyalı hakim-inspektoru Vladimir Şayn sizin işinizə necə qiymət verib?

- Bu barədə danışmağa icazə yoxdur. UEFA-nın qaydalarına ziddir. Amma deyə bilərəm ki, matç bizim üçün yaxşı keçdi.

- Futbol ictimaiyyətində bəzi şəxslər bu təyinatın bir az gecikmiş olduğunu hesab edirlər və buna bir neçə səbəb göstərirlər. Siz necə düşünürsünüz?

- Özümüz də bu təyinatın gecikdiyini demişik. Daha əvvəl də gözləyirdik. İnsanın hər zaman istəyi və gözləntiləri daha çox olur. Amma bu günə qismət idi. Əsas olan odur ki, əziyyətimiz yerdə qalmadı. Biz düşünürük ki, bəlkə də, iki-üç il bundan əvvəl belə təyinat gerçəkləşə bilərdi. Amma bu barədə təyinat verənlər fikirləşməlidirlər. Bu günə hazır biliblər. Onların istədiyi vaxtda, istəkləri idarəçiliyi göstərməliyik ki, etimadlarını doğruldaq.

- Qarşıdakı hədəfləriniz nədir? Sizcə, artıq elit kateqoriyaya yüksəlməyin vaxtıdırmı?

- Həmişə pilləkəni qalxandan sonra növbəti mərhələ haqda düşünürsən. Hadisələrə real yanaşmaq lazımdır. Hazırda elit kateqoriyaya yüksələcəyimi gözləmirəm. Buna bir az vaxt var. Əsas odur ki, təyinat aldığımız hər görüşü yüksək səviyyədə idarə edək. Bundan sonra elit kateqoriya və növbəti vacib qarşılaşmalar haqqında düşünə bilərik.

- Hakimliklə bağlı yaş həddi yoxdur. Siz neçə yaşınıza kimi hakimlik etməyi planlaşdırırsınız?

- Yaş həddi götürülüb. Amma bu, o demək deyil ki, 45-50 yaşadək hakimlik edə bilərsən. Verilən normativləri yerinə yetirsən, istədiyin yaşadək hakimlik edə bilərsən. Əsas sağlamlıqdır. Hələlik bu barədə bir şey bilmirik. Sabah nə olacağını demək mümkün deyil.

- Sizi nə vaxtsa Avropa və dünya çempionatlarının final mərhələlərində görə biləcəyikmi?

- Mənim arzum da budur. Bunu futbolçularla birlikdə hakimlər də istəyirlər. Amma çalışmaq lazımdır. Çalışmadan arzulamaq arzu olaraq qalacaq. Üzərimizdə işləsək, bizə də şans yarana bilər. Əminliklə Avropa və dünya çempionatlarında olacağımı deyə bilərəm. Bir sözlə, işləmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri