10 
Mar
2023
11:28
332
5
1503
Virtual karabakh

Azərbaycanın görkəmli aktrisası Nəsibə Zeynalovanın anım günüdür - FOTO

10 Mar, 2023
11:28
1503

Azərbaycanın görkəmli aktrisası Nəsibə Zeynalovanın anım günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın görkəmli aktrisası, Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür.

Oxu.Az xəbər verir ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda tacir ailəsində anadan olub. Atası Kərbəlayı Cahangir, tanınmış tacir və eyni zamanda aktyor olub. Azərbaycan milli realist aktyor məktəbinin banisi də məhz Cahangir Zeynalov hesab edilir.

O arzu edirmiş ki, övladı da onun peşəsini davam etdirsin. Elə də olur, lakin o, arzusunun yerinə yetdiyini görə bilməyib.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra dünyasını dəyişib. Atası öləndə Nəsibə Zeynalovanın cəmi iki yaşı olub. Atasını erkən yaşda itirən sevilən aktrisamız onun son arzusunu yerinə yetirmək üçün qarşısına məqsəd qoyub. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Bütün həyatını Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Nəsibə Zeynalova Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Onu xalqa daha çox sevdirən əvəzolunmaz obrazlarından biri, bəlkə də birincisi heç şübhəsiz Cənnət xala obrazı idi.

Bundan başqa Nargilə, Züleyxa rollarını da zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasına qatıb. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

17 mart 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri