May
2023
14:15
125
284
8610
Virtual karabakh

“Bakı Marafonu 2023”ün mükafatlandırılma mərasimi keçirildi - YENİLƏNİB + FOTO/VİDEO

7 May, 2023
14:15
8610

“Bakı Marafonu 2023”ün mükafatlandırılma mərasimi keçirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Marafonu 2023”ün mükafatlandırılma mərasimi keçirilib.

Oxu.Az verir ki, mükafatlandırılma iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim edilib.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell),  eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, qadın və kişi kateqoriyaları üzrə finiş xəttini keçən fiziki imkanları məhdud olan ilk 3 iştirakçı nominasiyalarında da mükafatlar verilib.

Marafonun sponsorları və tərəfdaşları tərəfindən müxtəlif nominasiyalarda mükafatlar da təqdim olunub.

Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin dəstəyi ilə isə  “Bakı Marafonu 2023” qalibləri adından işğaldan azad olunmuş ərazilərdə 1500 ağac əkilməklə “Marafon bağı”nın salınması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu qalib tələbələrimiz üçün “Marafon bağı”na və mədəniyyət paytaxtımız Şuşaya 1 günlük səfər proqramı hazırlayıb. Eləcə də qadın və kişi kateqoriyası üzrə finişə ilk çatan yaşlı, həmçinin korporativ iştirakçıların da Şuşaya 1 günlük səfərini təşkil edəcək.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif edilib.

İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.

“Bakı Marafonu 2023”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Dənizkənarı Bulvar İdarəsi, “Regional İnkişaf” İctimai Birliyinin  (RİİB), Azerlotereya, m10, Hyundai, Badamlı, Baltika 0 dəstəyi ilə təşkil olunub. “Bakı Marafonu 2023”ün səhnə proqramı və əyləncə tərəfdaşı  “Xəzər FM”, “Araz FM” və Xəzər TV-dir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.

Qeyd edək ki, kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.

Daha çox şəkil burada: PhotoStock.az

13:38

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.

Oxu.Az xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıb.

Marafon birincilik uğrunda yarışla yanaşı, həm də iştirakçılarda yaratdığı gözəl əhval-ruhiyyə ilə yaddaqalan olur. İştirakçılar bu il də yarışa böyük marağı, yarışa xüsusi hazırlaşdıqları ilə seçilirdi. Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olub.

Yarışda, eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib. 

Marafonda birinci start fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.

12:22

"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.

10:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilir.

Oxu.Az xəbər verir ki, mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-cı dəfə Bakı marafonu təşkil olunub.

“Bakı Marafonu 2023"-də 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər.

Onların arasında ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışacaq.

2016-cı ildən etibarən keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Yarışda eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər də iştirak edib. Elə marafonda birinci start da Qarabağ qaziləri, fiziki imkanları məhdud şəxslər üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.  

Qeyd edək ki, builki marafon yeniliklərlə də yadda qalacaq. Belə ki, finiş xəttini keçən ilk 2000 iştirakçıya medallar təqdim olunacaq.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri