16 
Mar
2024
12:50
22
169
2326
Virtual karabakh

Şəhəri gözləyən nəqliyyat kollapsı: “Çox sayda aşağıbüdcəli taksilərin olması fəsaddır” - RƏY + FOTO

16 Mar, 2024
12:50
2326

Şəhəri gözləyən nəqliyyat kollapsı: “Çox sayda aşağıbüdcəli taksilərin olması fəsaddır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda taksilərin sayı azaldılaraq 20 min həddində saxlanılacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib. Nazir müavini yaydan bəri taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını diqqətə çatdırıb.

Bəs görəsən, taksilərin sayının azaldılması qiymətlərə təsir göstərəcəkmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov taksi fəaliyyətində irəli sürülən tələblərdən danışıb:

“Tələblər həm sürücünün özünə, həm də taksi kimi istismar etdiyi avtomobillərə olacaq. Olmalıdır da. Sürücünün yaşı 21-dən az olmamalıdır. Taksi fəaliyyəti ilə məşğul olan şəxsin ən azı iki il iş təcrübəsi olması şərtdir. Bununla yanaşı, davranış qaydalarını bilməli, sağlamlıqla bağlı problemi olmamalıdır. Narkotik, spirtli içki aludəçisi taksi sürə bilməz. Bunlar hamısı şərtlərdir.

Qayda pozuntusu olmamalıdır. Bir şəxs dəfələrlə yol hərəkəti qaydalarını pozursa, qaydaları bilmirsə, çalışdığı ərazini tanımırsa, sürücülük hüququna məhdudiyyət qoyulmalıdır”.

Ekspert qeyd edib ki, istifadəyə yararsız avtomobillərə taksi fəaliyyətində yer yoxdur:

“Bəzən yaşı haradasa 20-dən çox avtomobillərlə taksi fəaliyyətini icra edənləri görürük. Köhnə, yararsız, müasir ekoloji tələblərə cavab verməyən avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz.

Hesab edirəm ki, mərkəzləşdirilmiş sistem qurulmalı, tələblərə cavab verməyən avtomobillərin hansı ərazidə olduğu haqqında mərkəzə məlumatlar daxil olmalıdır.

Məhdudiyyətlər avtomobilin tipinə də aid edilməlidir, məsələn, həcmi çox kiçik olan maşınlardan taksi kimi istifadə oluna bilməz.

Taksi fəaliyyətinin tək iqtisadi tərəfdən deyil, təhlükəsizlik tərəfdən də nəzarətdə olmağı vacib, zəruridir”.

E.Cəfərov qiymətlərin artırılmasına ehtiyac olmadığını vurğulayıb:

“2023-cü ilin yayında ölkəmizdə çalışan xarici transmilli taksi şirkətləri sövdələşərək minimum qiyməti 1 manatdan 2,5 manata qədər yüksəltdilər.

Əslində, Azərbaycanda taksi qiymətləri yüksək deyil. Əlçatandır. Sadəcə, dəyişən tarifdir, bayram günlərinə, iqlim şəraitinə görə dəyişir. Bundan sonra yüksəldilməsinə ehtiyac yoxdur”.

“Bakıda taksilərin sayı həddən artıq çoxdur. Bu qədərinə ehtiyac yoxdur”, - deyə ekspert fikrini tamamlayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, ümumilikdə Bakıda 60 min taksinin olması fəsaddır:

“Çox sayda aşağıbüdcəli taksilərin olması fəsaddır. Bunu, əslində, şəhərdə çeşidli nəqliyyatın olmaması və şəbəkənin azlığının fəsadı kimi qiymətləndirmək olar. Hazırkı vəziyyət dəyişməsə, nəqliyyat kollapsına gətirib çıxaracaq”.

Ekspert taksilərlə bağlı islahatların tətbiqinin nəzərdə tutulduğunu qeyd edib:

“Avtomobillərin əksəriyyətinin qeyri-qanuni sərnişindaşıma ilə məşğul olması, qısa məsafədə səfərin təşkili ümumi nəqliyyat şəbəkəsində problemlər yaradır. İslahatlar qaçılmaz idi. Sürücülərin istismarı, sərnişinlərin narazılığı var idi. Buna görə də taksidə islahatlar nəzərdə tutulub.

Bununla paralel səfərlərin təşkili baxımından insanlar üçün alternativlər formalaşdırılmalıdır. Eyni küçədə fərqli məsafələr üzrə insanlar üçün şərait yaradılmalıdır. Piyada infrastrukturu abadlaşdırılmalı, baryerlər aradan qaldırılmalıdır. İnfrastruktur mobillik imkanları az olan insanları da nəzərə alaraq qurulmalıdır”.

Onun fikrincə, nəqliyyat vasitələrində çeşidlilik təmin olunsa, taksiyə ehtiyac azalar:

“Şəhərimizdə avtobus zolaqları, mikromobil vasitələr üçün şərait yaradılır, bunların şəbəkələşməsinə ehtiyac var. Bütün bunlar hazırkı vəziyyəti dəyişəcək qərarlardır.

İndiki halda avtobus və taksilərdən asılı vəziyyətdəyiksə, çeşidlilik icra olunsa, insanların səfərlərinin təşkilində alternativləri olacaq. Özləri seçim edəcəklər. Tramvayların qaytarılması, metro şəbəkələrinin konseptual plan əsasında olması, xətlərin əlaqələnməsi, elektrik qatarlarının genişlənməsi taksilərə ehtiyacı azaldacaq. Taksidən əlacsızlıqdan istifadə edirik. Taksi sayı mərhələli şəkildə müəyyən olunacaq.

Qiymətlərə gəlincə, minimum 2,5 AZN müəyyən olunsa da, sifariş verəndə fərqli qiymətlər təklif olunur. Taksi qiymətlərini təqdim olunan keyfiyyət və bazar tənzimləyir”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri