21 
İyl
2015
14:35
46
17
2988
Virtual karabakh

Azərbaycanda cütlüklər niyə nikah müqaviləsi bağlamır?

21 İyl, 2015
14:35
2988

Azərbaycanda cütlüklər niyə nikah müqaviləsi bağlamır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müqavilə etibarsız sayılmasın deyə qanunvericiliyə uyğun bağlanmalıdır”.

Dünyanın bir çox ölkələrində nikaha girən cütlüklərin “Nikah müqaviləsi” bağlaması mədəniyyəti mövcuddur. Qısası, bu müqaviləni bağlamaqla tərəflər gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan bir növ sığortalanırlar. 

Şübhəsiz ki, Azərbaycanda bu müqavilənin bağlanmasına ya kağız parçası kimi baxılır, ya da “Əbədi sevgi” mifinə inanan təzə cütlüklər belə bir müqavilə bağlamağa belə təşəbbüs göstərmirlər. 

Yəni belə demək mümkünsə, cütlüklər heç vaxt ağıllarına ayrılmaq kimi fikirlər belə gətirmək istəmirlər. “Əbədi sevgi” mifi sona çatdıqda isə boşanan tərəflər sadəcə münasibətdən geridə qalan övladlarının gələcəyini təmin etmək üçün 100-150 manatlıq aliment üçün keçmiş yoldaşının belə demək mümkünsə “arxasıyca” düşürlər. 

Bunu rəsmi rəqəmlər də sübut edir. 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin beş ayı ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb. 

Bir müddət əvvəl isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirmişdi ki, 2014-cü ildə Azərbaycanda 83 nikah müqaviləsi bağlanıb: 

“2015-ci ilin birinci rübündə isə 23 fakt var. Əvvəlki illərdə bu rəqəm 20, 43, 50 fakt təşkil edirdi. Amma bu gün Azərbaycanda 83 nikah müqaviləsi bağlanıb” - deyə, o bildirmişdi. 

Şöbə müdiri Azərbaycanda nikah müqaviləsinin bağlanmasına marağın az olduğunu da təsdiqləmişdi:

“2000-ci illərdən sonra nikah müqaviləsi qanunvericilikdə öz əksini tapıb. Nikah müqaviləsinin bütün qaydaları və formaları müəyyən olunub. Bu gün Azərbaycanda nikah müqaviləsi bağlamağa maraq azdır. Nikahların çox az faizi nikah müqaviləsi ilə əhatə edilib. Nikahdan əvvəl və nikahdan sonra da nikah müqaviləsi bağlana bilər. Nikah müqaviləsi boşanmalar zamanı bir sıra maddi problemlərin həllinə kömək ola bilər.

Nikah müqaviləsi mülki münasibətləri tənzimləyir, əmlak hüquqlarının müdafiəsinə, birbaşa əmlak məsələlərinin yenidən qaldırılmamağına yönəlib. Qeyd etməliyəm ki, nikah müqaviləsi etibarsız sayılmasın deyə qanunvericiliyə uyğun bağlanmalıdır” - deyə, o qeyd etmişdi. 

Rəqəmlərdən belə bir mənzərə yaranır ki, Azərbaycanda nikaha girən cütlüklərin sayı artır, amma bağlanan müqavilələrin sayı isə azalır. 

32,6 min nikaha qarşılıq, nəzərə alaq ki, 83 nikah müqaviləsi çox azdır. Güman etmək olar ki, bu bağlanan müqavilələrin də bir çoxu xarici vətəndaşla azərbaycanlı arasında bağlanıb. Yəni bağlanan müqavilədə yenə də qərb faktoru, qərb basqısı özünü göstərib. 

Azərbaycanlı cütlüklərin bu müqavilənin bağlanmasına münasibəti niyə zəifdi? Müqavilə gələcək cütlüklərə hansı təminatı verir? Bu məsələlər ilə bağlı hüquqşünas Allahverən Oruclunun fikirlərini öyrənməyə çalışdıq. 

Onun sözlərinə görə, ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər:

“Ümumiyyətlə, Ailə Məcəlləsi ər-arvadın əmlak münasibətlərinin iki rejimini müəyyən edir. Bu, qanuni rejim (Ailə Məcəlləsinin 7-ci fəsli) və müqavilə (nikah müqaviləsi) rejimidir (Ailə Məcəlləsinin 8-ci fəsli). Qanuni rejimdə əmlak, mülkiyyət məsələləri ümumi qaydada tənzimlənir.

Amma məcəllə müqavilə rejimi imkanını da tanımaqla qanuni rejimdə göstərilən qaydalardan (o cümlədən, əmlakdakı payları bərabər hesab edilməsi qaydasından) fərqli qaydaları nikah müqaviləsində əks etdirməyə icazə verir. Yəni ər-arvad ümumi qaydalardan kənara çıxıb öz əmlak münasibətlərinin spesifikliyinə əsasən daha detallı qaydalar müəyyən edə bilərlər. 
Bildiyiniz kimi, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər”.

“Belə müddəalar müqavilə şəklində mövcud olsa, gələcəkdə yarana biləcək əmlak məsələləri daha asan həll edilmiş olar. Həmin müqavilədə əksini tapan məsələlər üzərində yenidən mübahisə açmaq, hansısa digər həlli yollarını axtarmağa ehtiyac qalmaz. Müqavilə olmadıqda isə belə mübahisələr qanunvericiliyin ümumi qaydaları ilə həll edilir. Burada da bir çox boşluqlar, tənzimlənməmiş və ya ziddiyyətli hüquqi məsələlər meydana çıxa bilər, nəticədə məsələlərin həlli uzana bilər” - deyə, hüquqşünas əlavə edib. 

A.Orculu bildirib ki, Azərbaycanda 15 ildir ki, nikah müqaviləsinin bağlanması imkanı mövcuddur, amma tərəflərin belə bir müqaviləni bağlamağa marağı azdır: 

“Təəssüf ki, nikah müqaviləsi imkanının 15 ildir ki, mövcud olmasına baxmayaraq, Azərbaycanda evlənənlər arasında nikah müqaviləsinə maraq azdır.

“Bunun bir neçə səbəbi ola bilər. İlk növbədə, səbəblərdən biri bu müqavilənin könüllü olmasıdır. Təcrübə göstərir ki, əgər hər hansısa hərəkətin edilməsi qanunla tələb edilmirsə, onu etməyə (bizim halda məcburi olmayan nikah müqaviləsini yazılı formada bağlamağa və notariat qaydasında təsdiq etməyə, bunları etmək üçün isə hüquqşünaslara müraciət etməyə) vətəndaşlarımız elə də həvəs göstərmirlər. Bu, başqa sahələrdə də belədir. Məsələn, bir çox könüllü sığorta növləri var ki, insanlar üçün çox vacib və faydalı ola bilər. Amma insanlarımız heç də bu cür məcburi olmayan sığorta müqavilələri bağlamağa, risklərini sığortalamağa həvəs göstərmirlər”.

Oruclu onu da əlavə edib ki, insanlarımız nikah müqaviləsinin hüquqi təbiətindən, habelə, gələcəkdə necə faydalı ola bilməsi barədə məlumatlı deyillər:

“Səbəblərdən digəri odur ki, vətəndaşlarımız nikah müqaviləsinin xoş olmayan məsələlərdə istifadə edilə biləcəyini düşünürlər. Yəni müqavilə faktiki olaraq problemlər yarandıqdan, boşanmadan sonra əmlak mübahisələri tənzimləmək üçün istifadə edilir. Ailə yüksək mənəvi hisslər, sevgi üzrə qurulur və pozitiv bir prosesdir. Və bu prosesə neqativ hesab olunan çalarlar qatmaq istəmirlər. 

Yəni bəri-başdan boşanma kimi neqativ hallar və onun nəticələrini tənzimləmək barədə insanlar ailə quran ərəfədə danışmaq, fikirləşmək istəmirlər. Halbuki, qanunvericiliyə görə, nikah müqaviləsi həm nikah dövründə, həm də nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edir.

Burada hüquqi düşüncənin və hüquqi maarifləndirmənin zəif olmasını da qeyd etmək olar. İnsanlarımız nikah müqaviləsinin hüquqi təbiətindən, habelə, gələcəkdə necə faydalı ola bilməsi barədə məlumatlı deyillər”. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri