26 
Apr
2024
17:36
10
174
1697
Virtual karabakh

Bəzi tikinti materialları BAHALAŞACAQ

26 Apr, 2024
17:36
1697

Bəzi tikinti materialları BAHALAŞACAQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri” ilə müəyyən edilir. 

Nazirlikdən bildirilib ki, qaydalara əsasən, yük avtomobilləri üçün maksimal uzunluq 12 metr, qoşqu üçün 12 metr, birləşdirilmiş nəqliyyat vasitəsi üçün 20 metr, avtoqatar üçün 20 metr, maksimal en bütün nəqliyyat vasitələri üçün 2,55 metr, nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün 2,60 metr, maksimal hündürlük 4,00 metr müəyyən edilib:

“Nəqliyyat vasitəsinin icazə verilən yüklə birlikdə ümumi çəkisi ikioxlu yük avtomobilləri üçün 18 ton, üçoxlu yük avtomobili üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan yük avtomobili üçün 26 ton, dördoxlu - iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün isə 32 ton müəyyən edilib. 

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri, yəhərli və qoşqulu avtoqatarlar, habelə avtobuslar üçün də müvafiq parametrlər adıçəkilən Qərarla müəyyən edilib”.

Nazirlik sürücüləri xəbərdar edir ki, ümumi istifadədə olan avtomobil yollarına və yol qurğularına ziyan vurulmaması üçün nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi çəkisi, eləcə də oxa düşən yükün icazə verilən çəkisi müəyyən edilmiş hədləri aşmamalıdır.

Bəs bu qaydalar tikinti sektoruna necə təsir edəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, hökumətin qərarı bütün hallarda alqışalayiqdir:

“Çünki zaman-zaman biz gileylənmişik ki, çoxtonnajlı yük maşınları yolları, körpüləri pis günə qoyur. Sonuncu fakt olaraq Bakı-Quba beton yolunu xatırlamaq kifayətdir. Doğrudan da avtomobillərə həddən artıq yükvurma hesabına yollara böyük ziyan vurulur. Amma bu məsələdə təkcə günahkar avtomobil sahibləri deyil. Yol inşaatçılarının da üzərinə bu məsələdə az məsuliyyət düşmür. İqtisadiyyatda belə bir aforizm var:

“Öz səviyyəni saxlamaq üçün sürətlə qaçmaq lazımdır”.

Yəni bu gün avtomobil yollarımız ağır yüklərə davamlı inşa olunmalıdır. Məlumdur ki, dünyada körpülər artıq 35-40, yollarsa, hətta 50-55 ton yükə davamlı inşa edilir. Belə yollarda heç zaman daşımalara görə problem yaranmır. Amma biz neçə illərdir ki, bu problemdən qurtula bilmirik”.

Fuad İbrahimov xatırladıb ki, ölkəmizdə tikinti bumu əsasən Abşeron yarımadasında cəmləşib:

“Amma mişar daşından və sementdən başqa digər tikinti məhsulları Abşeron yarımadasında istehsal olunmur. Ona görə də tətbiq edilən qaydalar inşaat sektorunda bahalaşmaya səbəb olacaq. Çünki sürücülər daha əvvəlki kimi bir dəfəyə 30-40 ton qum-çınqılı paytaxta gətirə bilməyəcək. Əvəzində bu qədər yük ən yaxşı halda iki maşına yüklənəcək. Bu da daşımalarda yükün maya dəyərini artıracaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri