30 
Apr
2024
14:30
13
121
883
Virtual karabakh

Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO

30 Apr, 2024
14:30
883

Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin bütün fəsillərində magistral, eləcə də kənd yollarının kənarlarında sahibsiz mal-qaraya rast gəlmək mümkündür.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, yaz-yay aylarında bu kimi hallar dəfələrlə çoxalıb.

Mal-qaranın, yaxud atların yol kənarında otlaması bəzən diqqətdən yayınır. Onların ürkməsi, yola yönəlməsi isə bədbəxt hadisələrlə nəticələnir.

Oğuzun Şirvanlı kənd sakini Nəbi Məmmədov iri taxılçılıq təsərrüfatı ilə məşğuldur. Onun fikrincə, istər nəqliyyat vasitələrini idarə edənlər, istərsə də fermerlər kəndlərindəki atların əlindən beziblər.

“Gecə vaxtı yol gəlirik, at çıxır qarşımıza, fəsadlar törədir. Özümün taxıl sahələri var, gecə açıb buraxırlar atları. Kimdən soruşursan ki, “bu at kimindir?”, hamısı boynundan atır. Həmin atlar taxılımızı məhv edir, məhsul götürə bilmirik”, - deyən fermer məsələnin ciddi olduğunu və müvafiq təşkilatların bu məsələyə müdaxilə etmənin vaxtı gəldiyini bildirir.

Bayan kənd sakini fermer Əsgər Sultanov isə bəzən insanların qəsdən mal-qaranı əkin sahəsinə buraxdıqlarını bildirir. Belə ki, onun əksər əkin sahələrinin ətrafı tikanlı məftillə əhatələnməsinə baxmayaraq, gecələr qəsdən məftili kəsərək əkinlərə mal-qara buraxılır. Nəticədə fermer çəkdiyi əziyyətin heç 10 faizini belə əldə edə bilmir.

Rayon sakini İlkin Lətifov malların, xüsusən atların iştirakı ilə onlarla qəza baş verdiyini, lakin heyvan sahibinin bəlli olmadığını bildirib. İlkin Lətifov çıxış yolu kimi maraqlı və cəlbedici təklifi irəli sürüb:

“Təklif edirik ki, mal-qaranın bir dəfə birkalanması ən azından tapılmasında sahibinə kömək ola bilər. Bu prosesi Kənd Təsərrüfatı Nazirliyinin pilot layihə olaraq istənilən rayonda həyata keçirməsi daha uyğun olardı. Düşünürəm ki, belə olarsa, sahibsiz mallardan fermerlər və nəqliyyat vasitəsi sahibləri zərər çəkməz, ya hadisə baş verərsə, onu daha tez və qanuni yolla həll etmək mümkündür”.

Məsələnin aktuallığını nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupuna sorğu ünvanlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, mal-qaranı yolda qoyan şəxslərə qarşı mütəmadi olaraq tədbirlər həyata keçirilir və barələrində İnzibatı Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə inzibati cərimə olaraq 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur.

Təbii ki, burada başlıca məqsəd onların maarifləndirilməsi və profilaktik işlərin aparılmasıdır. Bu səbəbdən heyvandarlıqla məşğul olan şəxslərlə yerlərdə görüşlər keçirilir, qanunvericiliyin tələbləri onlara izah edilir. Həmin təsərrüfatla məşğul olan şəxslərdən xahiş olunur ki, mal-qaranı yollara nəzarətsiz ötürməsinlər, çünki belə hallar xüsusi ilə də havanın qaranlıq vaxtlarında yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Polis kapitanı Mahir Məsimov onu da əlavə edib ki, bölgə ərazisindən keçən Qaraməryəm-İsmayıllı-Şəki, eləcə də Yevlax-Zaqatala-Gürcüstan magistrallarının üzərində yerləşən əksər yaşayış məntəqələrində vaxtaşırı olaraq sakinlərlə görüş keçirilir, mal-qaranın sərbəst örüşə buraxılmaması barədə xəbərdarlıq edilir.

Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, yenə də məsuliyyət hiss etməyən insanlar var ki, mal-qaranı, atları başlı-başına buraxırlar, bu da nəticədə qəza və bədbəxt hadisələrə səbəb olur...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri