16 
May
2018
20:27
82
22
2760
Virtual karabakh

Yaşar Bəşirov: Onlar bizə bu haqda xəbər verməməkdə səhv ediblər

16 May, 2018
20:27
2760

Yaşar Bəşirov: Onlar bizə bu haqda xəbər verməməkdə səhv ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızın Karate Kombat (Karate Combat) adlı turnirdə iştirakına münasibət bildirib.

Bu barədə Oxu.Az-a açıqlamasında Bəşirov bəzi məqamlara aydınlıq gətirib:

“Karate Kombat döyüşlərinin keçirilməsi ilə Dünya Karate Federasiyası (WKF) da razı deyil. WKF-in prezidenti Antonio Espinosa iki dəfə zəng etmişəm ki, bizim idmançıların həmin şirkətlə müqavilə bağlamasından xəbərimiz olmayıb. Əgər federasiyanın bundan xəbəri olub, bunun qarşısını almayıbsa, karateçilər WKF-in keçirdiyi yarışlara buraxılmaya bilər.

İdmançılarımız bu şirkətlə müqavilə bağlamazdan əvvəl bizə ucundan-qırağından belə bir şeyin olması barədə məlumat verə bilərdilər. Karateçilərimiz bizə bu haqda xəbər verməməkdə səhv ediblər. Onlara da tapşırılıb ki, döyüşlərə çıxmayanadək bu barədə heç kimə heç nə deyilməsin. 

Karateçilərimizi də hardasa başa düşmək olar. Karate Kombatla idmançılarımız müqavilə bağlayarkən federasiyada maliyyə problemləri olan vaxt idi. İdmançılar 7-8 ay idi ki, maaş almırdı. Həmin şirkət idmançılarımızın zəif damarından tutmuşdu. Pul hamıya lazımdır. Məsələn, Rafael Ağayev ailəli adamdır, pula ehtiyacı olur. Bu şirkət ona müraciət edən vaxt müqavilə bağlamalı olub. 

İstənilən halda idmançılarımız bu haqda federasiyaya deyə bilərdilər. İrina Zaretskayaya da müraciət olunmuşdu. O öz ukraynalı şəxsi məşqçisinə bu haqda demişdi. Məşqçisi də ona Olimpiada öncəsi zədələnə bilər deyə icazə verməmişdi”.

Yaşar Bəşirov qeyd edib ki, ilin əvvəlində dünya və Avropa çempionumuz Rafael Ağayevin Karate Kombatda Macarıstanın paytaxtı Budapeştdə dominikan idmançısı Dionisio Qustavo ilə görüşü sınaq xarakterli olub. O bunu orda azarkeşlərin olmaması ilə əlaqələndirib:

“Amma ötən ay Mayamidə keçirilmiş görüşlərdə azarkeşlər var idi. Bildiyim qədəri ilə bu turniri yaradan Maykl və Robert adında iki amerikalıdır. Karateçilərin döyüşünə baxmağa gələn azarkeşlərdən, yayımdan külli miqdarda pul qazanırlar. Bu ay isə Dubayda Burç Xəlifədən canlı yayım ediblər. Gərgin və maraqlı döyüşlər olur. Ancaq bu çox risklidir.

Orda elə bir zədə ala bilərsən ki, nəinki Olimpiadanı buraxa, bütövlükdə idmanla vidalaşa bilərsən. Çünki bu döyüşlər azarkeşlərin zövqünü oxşamaq üçün “full kontakt”ı nəzərdə tutur. Düzdür, orda da müəyyən qaydalar var, WKF karateçilərindən kənar idmançıları ora buraxmırlar. Nokautla qalib gələndə 25 min dollar qazanırsan. Ancaq WKF buna qarşıdırsa, ola bilsin ki, gələcəkdə Kombat döyüşləri keçirilməsin. İstənilən halda bu dəqiqdir ki, bizim idmançılardan heç kim Olimpiadaya qədər orda döyüşməyəcək. Ola bilsin ki, Tokio Olimpiadasından sonra döyüşsünlər”.

Sonda Bəşirov onu da bildirib ki, Karate Kombatla müqavilə bağlayan karateçilərin müqavilələrindəki maaşlar məxfi və fərdidir. O, idmançıların öz müqavilələrindəki alacağı məbləği heç kimə açıqlamadığını, federasiyada bundan heç kimin xəbərinin olmadığını qeyd edib.

Qeyd edək ki, Karate Kombat turniri ilə dörd karateçimiz müqavilə bağlayıb. Bunlar Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı və Ayxan Mamayevdir. 

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri