16 
Okt
2018
10:43
30
57
12529
Virtual karabakh

Mahir Mədətov fitə basılmasından danışdı - VİDEO

UEFA Avropa Liqasının “Arsenal” və Millətlər Liqasının Malta ilə oyununda çıxışına görə tənqid olunan, meydandan çıxarkən fitə basılan millimizin futbolçusu Mahir Mədətov məsələyə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, futbolçu bu barədə “Xəzər” TV-də yayımlanan “Futbol Saatı” verilişində danışıb:

“Bir az məyus olmuşam. “Arsenal”la oyundan öncə Qurban müəllimlə söhbətimiz oldu. Ondan sonra sosial şəbəkəyə girişimə qadağa qoyuldu. Heç bir azarkeşlə problemim olmayıb. “Arsenal”la oyunda nəyə görə fitə basıldığımı anlamadım. Həmin oyunda epizodları qaçıran tək mən deyildim.

Malta ilə oyunda isə fitə basılmağımı haradasa başa düşürəm. Çünki Kosovo ilə oyundan sonra azarkeşlərə demişdim ki, stadiona gəlib dəstək olmalıdırlar. Bəlkə də, ona görə əsəbləşiblər. 

Mən zəif oynayanda komanda yoldaşlarımdan Şahruddin Məhəmmədəliyev, Ruslan Qurbanov, Cavid İmamverdiyev və ya digərləri bunu üzümə deyirlər. Dünənki oyunda isə onlar mənə dəstək oldular. Dedilər ki, yaxşı mübarizə apardın.

Bir söz var, bar verən ağacı daşlayarlar. Yəqin ki, məndən nəsə gözləyirlər ki, fitə basırlar. Ailədə də bilirlər ki, tək qalanda içimə qapanıram. Sağ olsunlar, evdəkilər, komanda yoldaşlarım da məni tək qoymadılar. Bu dəstəyə görə gərək onların inamını doğruldam. 

Atam həmişə futbolda neytral adam olub, ancaq qol vurub-vurmadığımı soruşur. Ondan fərqli olaraq, anamın futboldan bir az anlayışı var. O, həmişə soruşur ki, Qurban müəllim oyunun barədə nə dedi?! Həmişə Çudomir Çakarov (fiziki hazırlıq üzrə məşqçi – S.M.) məni tənqid edir ki, boşluq olan yerlərə açılmırsan.

Mən də çalışıram ki, bunu aradan qaldırım. Ötən il qollar vururdum. Bu mövsüm isə yalnız “Səbail”lə matçda iki qol vura bilmişəm. Yəqin ki, bitiricilik çatışmır. Məncə, qol vura bilməməyim psixoloji amildir. Qapıçı ilə təkbətək çıxanda “birdən bunu da vura bilmərəm” kimi gərginlik yaşayıram. Driblinq etməyi, oyunu öz üzərimə götürməyi xoşlayıram.

Məşqlərdə istədiyimi edə bilirəm. Amma oyun zamanı problem yaşayıram. Malta ilə oyunda təkbətək qalanda soluma çəkib vurmaq istədim, arxadan müdafiəçi gəlib çatdı. Bəlkə də, sağ ayağımla vursaydım, qol olacaqdı”.

Onun İTV-də efirə gedən “Bol Futbol” verilişində səsləndirdiyi fikirləri video şəklində təqdim edirik:

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri