Nəriman Abbasov ardıcıl doqquzuncu qələbəsinə doğru - VİDEO
Nəriman Abbasov ardıcıl doqquzuncu qələbəsinə doğru - VİDEO
Azərbaycanlı MMA döyüşçüsü, “Qəbələ” klubunun üzvü Nəriman Abbasov növbəti döyüşünə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, 10 gün sonra – aprelin 26-da Rusiyanın paytaxtı Moskvada “Fight Nights Global 93” döyüş proqramı çərçivəsində 10 döyüş keçiriləcək.
Bunların arasında 70 kq çəki dərəcəsində mübarizə aparan Nəriman Abbasovla qazaxıstanlı Kuat Xamitovun da döyüşü olacaq. Moskvanın “Mıtişi” arenasında keçiriləcək bu döyüşün qalibi turnirin çempion kəmərinə sahib çıxacaq.
Onu da bildirək ki, Nəriman Abbasov peşəkar MMA-da 26 görüş keçirib və o, bunların yalnız üçündə məğlub olub. O, ardıcıl səkkiz görüşdür ki, qələbə qazanır. Nəriman 2017 və 2018-ci illərdə məğlubiyyət üzü görməyib. Hətta bir ara mətbuatda onun UFC-dən təklif aldığı da qeyd olunmuşdu.
Nəriman Abbasovun rəqibi təcrübəli idmançıdır. 31 yaşlı Kuat Xamitov Nərimandan bir döyüş az (25) keçirib. O, bunlardan altısında məğlub olub, bir döyüş isə heç-heçə başa çatıb (yeri gəlmişkən, bu, onun sonuncu döyüşü olub – S.M.).
Səbuhi MUSAYEV