22 
Apr
2019
15:59
238
25
3141
Virtual karabakh

Millimizin baş məşqçisi: Stadnik hamının yerinə güləşəsi deyil

22 Apr, 2019
15:59
3141

Millimizin baş məşqçisi: Stadnik hamının yerinə güləşəsi deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maşanın olmamasına görə narahatlıq var idi. Təbii ki, Stadnik hamının yerinə güləşəsi deyildi.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində qadın güləşi üzrə millimizin baş məşqçisi Aslan Ağayev deyib.

Qadınlardan ibarət yığmamız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında uğurlu çıxışla diqqəti çəkdi. Halbuki millimiz qitə birinciliyinə lidersiz yollanmışdı. Ancaq Mariya Stadnik (-50 kq) olmasa belə, digər güləşçilərimiz uğur qazana bildi. Elis Manolova (-65 kq) qızıl, Alyona Kolesnik (-57 kq), Elmira Qəmbərova (-59 kq) və Tatyana Omelçenko (-62 kq) isə bürünc medal qazandı.

O, əməliyyat olunduğu üçün dünya və Avropa çempionumuz Mariya Stadnikin qitə birinciliyinə güləşçi kimi yox, tamaşaçı kimi yollandığını bildirib:

“Komanda üçün lider dartıcı qüvvədir. Mariya sonuncu toplanışda bizimlə birgə idi. Elə Buxarestə də gəlib komandadan mənəvi dəstəyini əsirgəmədi. Bu yarışdan üç medal gözləyirdim. Onların da “gümüş” və “bürünc” olacağını proqnozlaşdırırdım. Ancaq hazırlığımız yaxşı keçmişdi. Ona görə komandaya inamım vardı.

Şükürlər olsun, dörd medal – bir qızıl, üç bürünc qazandıq. Komanda hesabında üçüncü yeri də tuta bilərdik. Türkiyə ilə bütün göstəricilərimiz eyni idi. Ancaq iki çəkidə güləşçimiz olmadığından onlar bizi iki xal qabaqladı”.

Baş məşqçi Elis Manolovanın çempion olmasından da danışıb:

“Əlbəttə, ondan uğurlu çıxış gözləyirdim. Çünki keçən il Avropa çempionatının finalında Petra Oliylə görüş 3:3 qurtardı. Hətta Kaspiyskdə Elisə qarşı haqsızlıq da oldu. Manolova orada çempion olmalı idi.

Yeganə çempionluğu əvvəldən elə Elisdən gözləyirdik. Finalda 0:4 geriyə düşdü. Ancaq fasilədə ona tapşırıqlarımızı verdik. Dedik ki, görüş hələ başa çatmayıb, o səndən üç dəqiqəyə dörd xal alıbsa, sən də bunu bacararsan. Elə də oldu. Toparlandı və geridönüş edərək qələbə qazandı”.

O, ötən il dünya üçüncüsü olmuş İrina Netrebanın medalsız qalmasını isə belə əsaslandırıb:

“Avropa çempionatına az qalmış onun anası dünyasını dəyişdi. Anasını dəfn edib yarışa gəlmişdi. İrinanı başa düşmək olar. Hər halda, o da sona kimi mübarizə apardı. Həm də bu dəfə dünya üçüncüsü olduğu 65 kq-da yox, 68 kq-da çıxış etdi. Anasının vəfatının yaratdığı psixoloji duruma görə uğur qazanmaq mümkün olmadı”. 

Aslan Ağayev iyunda Minskdə keçiriləcək Avropa Oyunlarında 59 və 65 kq çəki dərəcəsinin Olimpiada kateqoriyası olmadığından, qitə birinciliyinin üç mükafatçısından birinin Belarusda mübarizə aparacağını bildirib:

“Avropa Oyunları üçün Türkiyə yığmasıyla birgə toplanış keçməyi planlaşdırırıq. Olimpiya kateqoriyası olan 62 kq üçün Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova arasında seçim edəcəyik. Mariya Stadnik bərpa olunsa, Minskdəki məsul yarışda çıxış edəcək.

Alyona Kolesnik (-57 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) öz çəkilərində mübarizə aparacaq... Belarusdakı yarışda bir dəst medal qazansaq, bunu uğurlu nəticə saymaq olar”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri