13 
May
2019
15:55
94
50
2834
Virtual karabakh

Sadıq Sadıqov: Çox istəyirdik ki, cüdoçularımız çempion olsunlar, alınmadı

13 May, 2019
15:55
2834

Sadıq Sadıqov: Çox istəyirdik ki, cüdoçularımız çempion olsunlar, alınmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdmançılarımız bundan da yaxşı çıxış edə bilərdirlər. Lakin nəticəni qənaətbəxş saymaq olar.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Bakıda Heydər Əliyevin xatirəsinə keçirilən “Böyük Dəbilqə” beynəlxalq turnirinin yekunları barədə danışarkən deyib.

54 yaşlı funksioner zəif çıxış edən Azərbaycan cüdoçuları barədə bunları deyib: 

“Millimiz daha yaxşı çıxış edə bilərdi. Elmar Qasımov (-100 kq), İrina Kindzerska (+78 kq) və Məmmədəli Mehdiyevdən (-90 kq) qızıl medal gözləyirdik, alınmadı. Yaxşı güləşmədilər deyə alınmadı məsələsi deyil. Son 2-3 ayda çox güclü təlim-məşq toplanışlarında olublar.

10 gün əvvəl Yaponiyadan gəliblər. Orada da çox ağır məşqlər keçiblər. Yəni, qənaətbəxş saymaq olar. Ancaq bir məsələ var - uman yerdən küsərlər. Çox istəyirdik ki, çempion olsunlar. Alınmadı. Amma əsas məsələ Olimpiadaya lisenziya xallarının artırılmasıdır ki, bunu da cüdoçularımız bacardı. Olimpiadada tam heyətlə iştirak edəcəyimizə inanırıq.

Rüstəm Orucov tam qaydasındadır, onunla bağlı heç bir problem yoxdur. Nizam-intizamlı, özünə baxan idmançıdır. Güləşi də göz qabağındadır. Elmarın bir az şəxsi problemləri var. Yəqin ki, zəif çıxışı bununla əlaqədardır. Onun da yaxınlarda öz sözünü deyəcəyinə inanıram. Elmar “Tokio 2020”də medal qazanmağa ən real namizədlərimizdən biridir. Lisenziya xalları da yığır.

Yeni heyətə qatdığımız ruminiyalı Aleksandra-Larisa Florian (57 kq) ümidləri doğruldacaq. Bir günlə heç nə olmur”. 

S.Sadıqov qadın millimizin baş məşqçisi Natiq Bağırovun bir ildən sonra yola salındığını xatırladıb:

“Hər bir mütəxəssis gələndə, ona vaxt verirsən. Bağırov da pis məşqçi deyil, dünyada sayılıb-tanınan biridir. Nədənsə alınmadı. İndi komandanı Rəşad Məmmədova həvalə etmişik. Azərbaycanın ən tanınmış məşqçilərindən biridir. Yaxın vaxtlarda qızların nəticəsini görəcəksiniz. Olimpiadada qadınların yarışında üç çəki dərəcəsində təmsil olunmağı nəzərdə tutmuşuq. 

Kişilərdə isə tam heyət - yeddi çəki istəyirik. Bizdə qadınlar heç vaxt Olimpiadada üç çəkidə yarışmayıb. Tədricən artırırıq. Rəşad müəllimə də vaxt vermişik. Onun özünü doğruldacağına inanırıq. Əvvəllər zallarımızda 10-20 qız məşq edirdisə, indi onların sayı 80 nəfərdir. Bunun özü elə böyük uğurdur.

Orxan Səfərov isə çəki ilə bağlı qərarı özü verməli idi. Bizim 60 kq-da gənc cüdoçularımız var, onlar da özlərini göstərəcəklər. Federasiya olaraq idmançıya istiqamət göstərə bilmərik. Qərarı idmançı verməlidir. Səfərov 66 kq-a vaxtında keçsəydi, nəticələri bundan da yüksək olardı. 60 kq-da onda çəki problemi yaranıb. Çəki ilə mübarizə apardığı üçün yarışlarda alınmır. O, təcrübəli idmançıdır və sözünü deyəcəyinə inanırıq”.

Ötən il Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanmış gürcü legionerimiz Uşanqi Kokauri “Böyük Dəbilqə”də iştirak etmədi. S.Sadıqov bunu onun zədəsi ilə əlaqələndirib:

“O, zədə alıb. II Avropa Oyunları ərəfəsində riskə atmadıq ki, zədəsi ciddiləşə bilər.

Yaponiyadakı təlim-məşq toplanışında oldu, amma son üç gündə yenə ağrıları qalxmışdı. Onu tam şəkildə Minskdəki yarışa hazırlamaq üçün saxladıq”.

Qeyd edək ki, Azərbaycan millisi həmin yarışda yeddi medal qazanıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri